Tovuz təxribatı təbii ki, onu göstərir ki, Ermənistan istiqamətindən Azərbaycana qarşı hərbi sahədə istənilən vaxt təxribatlar baş tuta və davam edə bilər. Bu sözləri Diaspor info-ya verdiyi açıqlamasında politoloq Zaur Məmmədov deyib.
Politoloqun sözlərinə görə, buna görə də təsadüfi deyil ki, Azərbaycan Ordusu 44 günlük müharibədən sonra daha da güclənib.
“Mən ehtimal edirəm ki, Ermənistanda mövcud daxili durumla və məğlubiyyətləri ilə razı olmayan qüvvələr təbii ki, qeyri-sabitliyin yaranması, eləcə də Ermənistanla Azərbaycan arasındakı münasibətlərin gərginləşməsi üçün əllərindən gələni edəcəklər. Paşinyanla hakimiyyət davası aparan siyasi partiya liderlərinin orduda da, oradakı bəzi generallar, hətta bəzi sadə hərbçilər arasında da ciddi nüfuzları var və buna görə də biz danışılmış, plan əsasında olan təxribatların da şahidi ola bilərik.
Bu yaxınlarda, may ayının 11-dən etibarən Laçın və Kəlbəcər ilə Ermənistan sərhəddi istiqamətindəki torpaqlarda da erməni icma nümayəndələri və hərbçilərinin təxribatı da buna bir misaldır. Hər bir halda baş verənlər yalnız və yalnız Ermənistan üçün təhlükə yaradacaqdır, Ermənistan dövlətçiliyinin təbii ki, gələcəyi sual altında olacaq.
İndiki halda Ermənistanın siyasi rəhbərliyi bu kimi təxribatlara ciddi adekvat qiymət verməlidir və ümumilikdə, Ermənistanın müxalifət və iqtidar nümayəndəsi olmaqla hər bir kəsi başa düşməlidir ki, Azərbaycan Ordusu 44 gün ərzində onlara göz dağı verdisə, onların ordusunu məhv etdisə, bundan sonra da istənilən təhdid qarşılığında ordumuz öz dəmir yumruğunu onların başı üzərində saxlayacaqdır və lazım gəldikdə onlara zərbə endirəcəkdir. Ona görə də diqqətli olmalıdırlar və bu kimi təxribatları təkrarlamamalıdırlar”, deyə politoloq Zaur Məmmədov bildirib.
Müəllif: İnam Hacıyev