“Bu il 26 İyun - Silahlı Qüvvələr Günü fərqli bir ovqatda qeyd olunur. Azərbaycan Silahlı Qüvvələri 30 ildir işğal altında olan torpaqlarımızı düşmən tapdağından azad edərək ən ali missiyasını yerinə yetirib.” Bu sözləri Diaspor info-ya verdiyi açıqlamasında politoloq Ceyhun Məmmədli deyib.
Politoloq vurğulayıb ki, bu tarixi zəfər Silahlı Qüvvələr Gününü xalqımız üçün daha da əzəmətli edib.
“Azərbaycanın Silahlı Qüvvələrinin yaradılması və inkişafı Ulu Öndər Heydər Əliyevin adı ilə bağlıdır. Hələ 1971-ci ildə Cəmşid Naxçıvanski adına Hərbi Məktəbin yaradılması bu istiqamətdə atılmış ən mühüm addımlardan biridir. Təbii ki, həmin vaxt belə bir təşəbbüslə çıxış etmək böyük cəsarət tələb edirdi. SSRİ rəhbərliyinin ciddi narazılığına və yaradılan süni maneələrə baxmayaraq Ümummilli Lider Heydər Əliyev böyük qətiyyət və iradə nümayiş etdirərək bu hərbi məktəbin yaradılmasına nail oldu. Bununla da Azərbaycanın hərb sahəsində peşəkar kadrları yetişməyə başladı.
Ulu Öndər Heydər Əliyevin 1993-cü ildə xalqın təkidli tələbi ilə yenidən ölkə rəhbərliyinə qayıtması ilə ordu quruculuğu prosesi daha geniş vüsət aldı. Ulu Öndərin dövlət quruculuğu yolunda atdığı ilk addımlardan biri Azərbaycan Ordusunun yaradılması oldu. Yerli özünümüdafiə və könüllü batalyonlar adı altında fəaliyyət göstərən siyasi birləşmələr ləğv edildi və nizami ordu yaradıldı. Azərbaycan tarixinin şanlı səhifəsi olan uğurlu Horadiz əməliyyatının keçirilməsi ilə qələbələrimizin əsası qoyuldu, Ordumuzda mənəvi-psixoloji durum yüksəldi, düşmən üzərində zəfər qazanmağa inam artdı. 2016-cı ilin Aprel, 2018-ci ilin Günnüt əməliyyatları nəticəsində işğal altında olan torpaqlarımızın bir hissəsi və strateji əhəmiyyətli yüksəkliklər azad olundu. Bu, Azərbaycan Ordusunun gücünü göstərməklə bərabər, həm də heç vaxt işğalla barışmayacağımızın bütün dünyaya bəyanı idi.
Şübhəsiz ki, Silahlı Qüvvələrimiz ən böyük nailiyyətini 2020-ci ilin 27 sentyabrında başlayan və cəmi 44 gün davam edən Vətən müharibəsi nəticəsində qazandı. Azərbaycan Ordusu çətin iqlim və ağır relyef şəraitinə rəğmən böyük şücaət göstərərək, Azərbaycan xalqının 30 illik torpaq həsrətinə son qoydu. Qürurverici haldır ki, Silahlı Qüvvələrimizin həyata keçirdiyi hərbi əməliyyatlar dünyanın aparıcı hərbi məktəblərində təhlil və tədris olunmaqdadır. Bütün bu nailiyyətlərin təməlində Ali Baş Komandanımız, cənab Prezident İlham Əliyevin imzası dayanır.
Həm də ona görə qürurluyuq ki, Azərbaycan Ordusu eyni zamanda bütövlükdə region üçün xilaskarlıq missiyası yerinə yetiribdir. Müharibədən sonra regionda yeni əməkdaşlıq və inkişaf perspektivlərinin yaranması məhz şanlı zəfərimizin məntiqi nəticəsidir. Bu gün əgər bürtün region ölkələrinin əməkdaşlığını nəzərdə tutan "6-lıq" formatının reallaşmaq imkanları müzakirə olunursa, bu ideyanın da təməlində ordumuzun zəfər yürüşü dayanır”, deyə politoloq Ceyhun Əhmədli bildirib.
Müəllif: İnam Hacıyev