"Hazırda xarici ölkələrdə təhsil alan azərbaycanlı tələbələrin sayı 40 minə yaxındır. Onlardan 15 mini qardaş Türkiyədə, 20 mindən çoxu Rusiya, Ukrayna, Gürcüstan universitetlərində təhsil alır. Xarici ölkələrdə təhsil almaq üçün gedənləri əsasən bir neçə qrupa bölmək olar. Onlardan biri Dövlət İmtahan Mərkəzi tərəfindən keçirilən qəbul imtahanlarında topladıqları ballar burda ali məktəblərə qəbul olmağa imkan verməyənlərlədir ki, bunların sayı hədsiz dərəcədə çoxdur. Bu kateqoriyaya aid olan şəxslər daha çox Ukrayna, Rusiya, Dərbənd, Dağıstan, Gürcüstan kimi ərazilərin universitetlərində təhsil almağa üstünlük verirlər. Səbəb isə odur ki, bu universitetlərdə hətta prestijli ixtisaslarda təhsil alsalar belə, qeyri–qanuni yollarla təhsillərini başa vura biləcəklər. Bu ölkələrdə təhsil almağa gedənlərin əksəriyyəti hüquq, maliyyə-iqtisadiyyat kimi ixtisaslara daha çox üstünlük verirlər". Bu sözləri Diaspor info-ya açıqlamasında təhsil eksperti Kamran Əsədov deyib.
Onun sözlərinə görə, ikinci kateqoriyanı o şəxslər təşkil edir ki, onlar Azərbaycanda ali məktəblərə qəbul olurlar, amma aldıqları təhsil onları qane etmir: "Ona görə də daha yüksək səviyyədə təhsil almaq üçün onlar xarici ölkələrə üz tuturlar. Müəyyən şəxlər də var ki, ali təhsil almaq istəyir, amma Azərbaycanda təhsil haqları yüksək olduğu üçün daha ucuz təhsil haqqı olan ölkələrə gedirlər. Bu şəxslər daha çox Türkiyə, Macarıstan, və digər Avropa ölkələrinin universitetlərinə üz tuturlar və seçdikləri ixtisaslar tibb, kompyuter və ya informasiya və nano texnologiya kimi ixtisaslar olur".
Ekspert sözlərinə belə davam edib: "Üçüncü kateqoriyanı isə Azərbaycan Respublikası Prezidentinin 2007-2015-ci illəri əhatə edən Xaricdə Təhsil Dövlət Proqramı çərçivəsində xarici ölkələrdə təhsil almağa gedənlər təşkil edir. Bu proqram çərçivəsində daha çox Azərbaycanlı gənclərin ölkə üçün zəruri ixtisaslar üzrə xaricdə təhsil almalarını və ölkənin inkişafının mühüm amilinə çevrilmələrini təmin etmək məqsədi güdülür. Xaricdə Təhsil proqramı ilə gəncləri daha çox müəyyən edilmiş prioritet ixtisaslar: Beynəlxalq münasibətlər, Tibb, Baytarlıq, Kənd təsərrüfatı, Mühəndislik, Yüksək texnologiyalar, Qədim dillər ixtisasları əhatə edir.
"Hal-hazırda ən ciddi problem xarici ölkələrdə təhsil alanların diplomlarının tanınması ilə bağlıdır. Bu bəzi hallarda xarici təhsil xidməti göstərən şirkətlərin şəxsi kommersiya maraqları ucbatından baş verir. Belə ki, lisenziya müddəti bitmiş və akreditasiyası olmayan universitetlərə qəbul həyata keçirilir. Ona görə də valideynlər yalnız xaricdə təhsil ilə bağlı mütəxəsislərə müraciət etməlidirlər. Valideyinlər bilməlidir ki, övladlarını Türkiyərə qiyabi təhsil almağa göndərirlərsə, onun diploma birmənalı olaraq tanınmayacaq, çünki Türkiyədə qiyabi təhsil yoxdur".
"Bundan başqa tələbələr oxumağa getdikləri ölkədə qiyabi təhsil alacaqlarsa azı 15 gün, əyani təhsil alacaqlarsa 90 gün semester ərzində o ölkənin ərazisində olmalıdırlar. Həmçinin, hər bir xarici ölkəyə oxumağa gedən şəxs eric-naric sistemində o universitetin olub olmamasını yoxlamalıdır. Bunlarla yanaşı xarici ölkələrdə oxumağa gedənlər o ölkənin dilini və tədris dilini bilmirlər ki, bu da sonradan onların diplomlarının tanınması zaman maneəyə səbəb olur".
Ayşən Vəli