Məlum olduğu kimi, Dövlət Sərhəd Xidmətindən (DSX) daxil olmuş müraciətə əsasən 2021-ci il 3 iyul tarixindən Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi (ANAMA) tərəfindən Cəbrayıl rayonu ərazisində keçmiş silah-sursat anbarının təmizlənməsi əməliyyatlarına başlanılıb.
Agentliyin mütəxəssislərinin qeyd olunan ərazidə həyata keçirdikləri təmizləmə əməliyyatları zamanı 157 ədəd partlamamış hərbi sursat (PHS), 1 185 ədəd müxtəlif çaplı patronlar, 5 kq partlayıcı (TNT) və 17 ədəd ağ fosfor tərkibli 82 mm-lik minaatan mərmiləri aşkar edilib.
Məsələyə münasibət bildirən deputat Ceyhun Məmmədov SİA-ya açıqlamasında deyib ki, bu, Ermənistanın müharibə zamanı qadağan olunmuş silahlardan istifadə etdiyini bir daha sübut edir: "Məlumat üçün qeyd edək ki, Ermənistan silahlı qüvvələri ağ fosfor tərkibli sursatlardan mülki əhaliyə və yaşayış məntəqələrinə qarşı 2016-cı ilin Aprel döyüşləri zamanı da istifadə etmişdi. Aşkar olunan 17 ədəd ağ fosfor tərkibli minaatan mərmiləri Ermənistanın dinc əhaliyə qarşı düşmənçilik niyyətini bir daha təsdiq edir.
Onu da qeyd edək ki, beynəlxalq humanitar hüquqa əsasən, mülki əhali və yaxud mülki obyektlərə, meşələrə və ya digər əkin sahələrinə qarşı ağ fosforlu silahlardan atəş açmaq BMT-nin 1980-ci il "Adi silahların konkret növləri haqqında konvensiya"nın Alışdırıcı Silahların İstifadəsi haqqında Qadağalar və ya Məhdudiyyətlərə dair III Protokolu ilə qadağandır. Bu bir daha təsdiq edir ki, Ermənistan Azərbaycanın mülki obyektlərini qəsdən hədəf alaraq yüksək partlayıcı gücə malik ağ fosfor maddəsi istifadə etməklə, 1949-cu il Cenevrə Konvensiyalarını, xüsusilə Dördüncü Cenevrə Konvensiyasında təsbit olunan beynəlxalq humanitar və insan haqları hüququ üzrə üzərinə götürdüyü öhdəlikləri kobud şəkildə pozur”.
Deputat həmçinin qeyd edib ki, ağ fosfor silahının xüsusiyyəti ondan ibarətdir ki, hava ilə təmas edən zaman öz-özünə alışır, maye halında olduğu üçün istənilən səthə asanlıqla yapışa və yanğın törədə bilər: “Yanma temperaturu 1200 C°-ni ötür ki, bu da dərin, ağır, gec sağalan ciddi yaralara səbəb olur. Bu silahın tüstüsü nəfəs yollarını qıcıqlandırır. Bağlı məkanda bu tüstünün çox miqdarda udulması ağır zəhərlənməyə və ölümə gətirib çıxara bilər. Bu bir daha Ermənistanın Azərbaycanlıların kütləvi qətlində maraqlı olduğunu, bunun üçün hətta qadağan olunmuş silahlardan istifadə elədiyini göstərir. Ermənistan açıq-aydan beynəlxalq hüququn normalarını pozur. Beynəlxalq qurumlar bu məsələyə ciddi reaksiya verməli, qətiyyətlə pisləməlidirlər”.