Vaxtilə ingilis dramaturqu Uilyam Şekspir yazıb ki, çarəsizliyin yeganə dərmanı ümiddir. Bəli, bu gün ümid ermənilərin özü-özlərinə verdikləri təsəllidir. Əslində, əksər ermənilər artıq bir çox ümidlərinin reallaşacağına inanmasalar da, amma neyləyəsən ki, onlar hələ də boş ümid və gerçəkləşməyəcək arzularını özlərindən uzaqlaşdırmaq istəmirlər.
Beləliklə, ötən gün Azərbaycan hökumətinin dəvəti ilə işğal olunmuş Şuşanı ziyarət edən 46 dövlətin səfirləri arasında ATƏT-in Minsk qrupunun həmsədr ölkələrinin - ABŞ, Fransa və Rusiyanın səfirləri olmayıb: “…Deməli, bu, onu göstərir ki, Minsk qrupuna daxil olan ölkələr Şuşanı hələ ki, Azərbaycan şəhəri kimi saymırlar. Bütün sivil dünya üçün olduğu kimi, onlar üçün də Şuşa müvəqqəti olaraq işğal altında olan “erməni şəhəridir”.
Əslində, bunu erməni təxəyyülünün yeni sicilləməsi kimi qəbul etməməliyik. Məsələ bundadır ki, bü gün ermənilər təkcə Şuşa deyil, eyni zamanda işğaldan azad olunmuş bütün Azərbycan torpaqlarının “nə vaxtsa qaytarılacaq” ümidi ilə hələ də ümidsizliklərinə qarşı “mübarizə” aparırlar.
Erməni düşüncəsinə görə, ATƏT-in Minsk qrupunun həmsədr ölkələrinin səfirləri Şuşaya getməyibsə, deməli, nəyəsə ümid etmək olar. Deməli, dünyanın “sivil dövlətləri” Şuşanı Azərbaycanın yox, “ermənilərin şəhəri kimi tanıyırlar”.
Deyim ki, burada erməniləri qane etməyən bəzi məsələlər də var. Məsələn, ermənilərə görə, bəzi ölkələr Şuşa ilə bağlı ermənilərə qarşı yenə də haqsızlıq edirlər. Yəni onlar Şuşanın bərpasında Azərbaycanla birgə iştirak edirlər. Bu da erməniləri çox narahat edir. Onların ümidlərinin avazımasına az da olsa yol açır. Amma buna baxmayaraq, Azərbaycan hələ də “mədəni erməniləri qane etməyən” belə bir “biabırçılığı” qəbul edir(?).
“…Eyib etməz, sərmayə qoysunlar. Şuşa onsuz “qəhrəman erməni oğulları tərəfindən” geri qaytarılacaq(?). Biz, belə demək mümkünsə, onsuz da, təmir olunmuş “evlərimizə qayıdacağıq”. …Təbii ki, bu da sərsəmləmə, utopiya da olsa, hər halda erməni ümididir, yəni…ölümə gedən növbəti yolun başlanğıcı.
Qeyd edək ki, ermənilər bütün bu ümidlərinin “əlçatmaz” olduğu düşünənlərə qarşı da mübarizə aparacaqlarını gizlətmirlər. Onların düşüncəsinə görə, istedadlı və cəsarətli insanlar olduqda istənilən hədəflərə nail olmaq mümkündür. Sən demə, bütün bu məziyyətlərdən xali olmayan ermənilər, həm də böyük döyüşçülər nəsilindənmişlər.
…Sən demə, ermənilər hər an “intiqam almaq üçün lazım olan bütün keyfiyyətlərə” malikdirlər.
…Demə, bütün bunlardan ABŞ, Fransa və Rusiya, hətta onların Azərbaycandakı səfirləri də məlumatlıymış.
…Bax, ona görə də, bu ölkə səfirlərinin Azərbaycandakı nümayəndələri “mədəni erməni xalqına” olan “sevgi və mərhəmətlərini” gözə alaraq Şuşaya gəlməyiblər. Nə… deyəsən?
…Belə görünür ki, bu gün artıq bütün ümidləri boşa çıxan ermənilər, indi də ümidsizliklərinə qarşı “mübarizə aparmağa qalxıblar”.
Ağasəf Babayev