Azərbaycan müstəqillik əldə etdikdən sonra möhkəm təməllər üzərində qurulan dövlətlərarası münasibətlər bu gün siyasi iradə ilə ən yüksək səviyyədə davam etdirilir. Qarşılıqlı etimada əsaslanan ikitərəfli münasibətlər davamlı xarakter alıb. Əlbəttə ki, Azərbaycanla strateji tərəfdaş ölkə olan Qazaxıstanı tarixi dostluq-qardaşlıq telləri bağlayır. Eyni soykök, eyni mədəni və mənəvi amillər mövcud ələqələrin dinamik inkişafına töhfəsini verir. Azərbaycan və qazax xalqları türkdilli xalqlar olmaqla etnik, dini və mədəni dəyərlər baxımından bir-birinə çox yaxındırlar və hər iki xalq imperiya dövründə vahid mərkəzdən idarə olunub.
Hələ sovet dövründə yaşadığımız illərdə Ulu Öndər Heydər Əliyevlə Nursultan Nazarbayevin iki dost, qardaş xalqın rəhbərləri kimi sıx əməkdaşlığı olub. Azərbaycan müstəqillik əldə etdikdən sonra bu dostluq, qardaşlıq ənənəsi daha da inkişaf etdirilib. Ulu Öndərin siyasi kursunun layiqli davamçısı Azərbaycan Prezidenti İlham Əliyev dövlətlərarası diplomatik münasibətlərin qurulmasından keçən dövr ərzində bir çox nailiyyətlərə imza atmışdır. Bildiyimiz kimi, Azərbaycan və Qazaxıstan Çindən Avropaya qədər uzanan beynəlxalq nəqliyyat dəhlizinin üzərində yerləşir. Hər iki ölkənin marağı bu tranzit xəttin imkanlarından maksimal dərəcədə faydalanmaqdır. Bakı-Tbilisi-Qars dəmir yolu xətti, Yeni Bakı Beynəlxalq Dəniz Limanı, Qazaxıstanın qərb və şərq sərhədlərini birləşdirən dəmir yolu xətləri və Kurık dəniz limanı ölkələrimizin tranzit potensialının daha da artırılmasına xidmət edir. Ölkələr arasında mövcud olan bu regional əməkdaşlıq modeli böyük əhəmiyyət kəsb edir.
Azərbaycanla Qazaxıstan arasında mədəni, humanitar əlaqələri də vurğulamaq yerinə düşər. Azərbaycan və qazax xalqları tarixi, mədəni və ənənələr baxımından bir-birinə bağlı olduğundan mədəni əlaqələrin genişləndirilməsi üçün geniş əlaqələr mövcuddur. Hər iki xalq müstəqillik əldə etdikdən sonra bu əlaqələr daha da intensiv xarakter alıb. Belə ki, dövlətlərarası mədəniyyət, elm və turizm sahəsində uzunmüddətli əməkdaşlıq Proqramı imzalanıb. Qazaxıstanın Cambul vilayətində "Nəsimi" Azərbaycan Mədəniyyət Mərkəzi yaradılıb. Sumqayıt və Aktau şəhərləri arasında qardaşlaşmış şəhər münasibətlərinin yaradılması haqqında Birgə Bəyannamə imzalanıb. Bu və ya digər əlaqələr dövlətlər arasında mədəni-humanitar əməkdaşlığın genişləndirilməsində böyük rol oynayır.
Bu günlərdə Azərbaycan Prezidenti İlham Əliyevin görkəmli qazax şairi və ictimai xadim Oljas Süleymenovu qəbul etməsi mövcud dostluq və mədəni münasibətlərin göstəricisidir. Cənab Prezident bildirib ki, onu Azərbaycanda xalqımızın böyük dostu kimi tanıyır, həm qardaş Qazaxıstan mədəniyyətinin görkəmli nümayəndəsi, həm də bütün məsələlər üzrə öz prinsipial mövqeyini hər zaman söyləmiş ictimai xadim kimi sevirlər. Görkəmli qazax şairinin Azərbaycanı həmişə dəstəklədiyini vurğulayan dövlətimizin başçısı bildirib ki, Oljas Süleymenov Ermənistanla Azərbaycan arasında münaqişənin həlli işində ölkəmizi həmişə dəstəkləyib. Hər zaman Azərbaycana dost münasibətdə olan şair xalqımızın ictimai-siyasi proseslərini diqqətlə izləyib. Azərbaycan xalqının dostu kimi tanınır. Azərbaycanın ən ağır anlarında hər zaman xalqımızın yanında olub. Görüşdə dövlət başçısı Ulu Öndər Heydər Əliyevlə Oljas Süleymenovun dostluq münasibətlərini və görüşlərini xatırladıb və Cənab İlham Əliyev bu görüşlərin bir neçəsində özünün də iştirak etdiyini bildirib. Onu da qeyd edib ki, Ümummilli Lider Oljas Süleymenova həm istedadı, həm də ictimai fəaliyyətinə görə hörmət bəsləyirdi.
Vurğulamaq yerinə düşər ki, o, müsahibələrinin birində Ulu Öndərlə tez-tez görüşdüyünü bildirib və hər görüşün bir ömürlük xatirəsi olduğunu vurğulayıb: "O, demək olar ki, mənim müəllimim idi. Heydər Əliyev, Dinmuhammed Kunayev – bu insanlar mənim siyasi və ümumtürk dünya görüşümü formalaşdırıblar". Dövlət başçısı Prezident İlham Əliyev görkəmli şairin ən çətin zamanlarda da öz köklərinə, xalqına sadiq olduğunu və Qazaxıstanın uğurlu inkişafı üçün əlindən gələni əsirgəmədiyini diqqətə çatdırıb.
Türk dünyası ölkələrinin birliyi, türkdilli ölkələr arasında həmrəyliyin möhkəmləndirilməsi işində görkəmli şairin səylərini vurğulayan Prezident İlham Əliyev bunun, xüsusən hazırda dünyada vəziyyətin dəyişdiyi dövrdə mühüm əhəmiyyət daşıdığını diqqətə çəkib. Oljas Süleymenov Azərbaycanın bir neçə ali mükafatı ilə təltif olunub. Onu da xatırladaq ki, Azərbaycan və Qazaxıstan respublikaları arasında qarşılıqlı əlaqələrin möhkəmləndirilməsindəki xidmətlərinə görə dövlət başçısı Oljas Süleymenov "Şöhrət" ordeni ilə təltif edilib. Dünyanın 22 görkəmli mütəfəkkiri sırasına daxil olan Oljas Süleymenov AMEA Elmi Şurasının qərarı ilə xalqlar arasındakı dostluğun möhkəmləndirilməsində əvəzsiz xidmətlərinə görə, Nizami adına Ədəbiyyat İnstitutunun Fəxri Doktoru adına layiq görülüb.
Azərbaycanla Qazaxıstan arasında mədəni əlaqələrin inkişafına verdiyi töhfələrə görə isə cari ilin may ayında dövlət başçısının Sərəncamı ilə "Şərəf" ordeni ilə təltif edilib və Cənab Prezident ordeni görkəmli qazax şairinə təqdim edib.
Zümrüd BAYRAMOVA