Bu gün ermənilər yenidən “qəhrəman erməni ordusunun” məğlubiyyətinə səbəb olanların axtarışına qayıtmaq qərarına gəliblər. Ayə, bəs bu necə olur ki, keçmiş prezidentlər Robert Köçəryanla Serj Sarkisyan “millətin boğazından kəsib” erməni əsgərləri üçün top-tüfəng alır, bunların da hamısı yararsız çıxır?
Hər şeydən yararlanmağı bacaran tülkü xislətli ermənilər, əslində burada günahkar kimi ruslardan aldıqları top-tüfəngi yox, dünyaya “məğlubedilməz” kimi sırımağa çalışdıqları erməni dığalarını görməlidirlər. Bütün silah sursatını qoyub qaçan “qəhrəman erməni ordusu” üçün rus daha bundan artıq nə etməli idi? Məsələ bundadır ki, erməni bundan da “xal toplamaq” istəyir. Belə ki, onlar Bakıda, Hərbi Qənimətlər Parkında nümayiş etdirilən silah-sursatı erməni əsgərlərinin fərariliyinin, qorxaqlığının nəticəsi kimi yox, bunu Azərbaycanın Rusiya hərbi sənaye kompleksinin imicinə “nümayiş etdirdiyi” təhqir kimi qələmə vermək istəyirlər.
Qeyd edək ki, sabiq müdafiə naziri olmuş, bu gün isə “Hayastan” fraksiyasından erməni parlamentinə deputat seçilən Seyran Ohanyan “and içir ki” o nazir olanda Ermənistan nədir, heç Qarabağ səmasına da “quş belə səkə” bilmirmiş: “…Ermənistan ordusuna nə oldu, Nikol hakimiyyətə gələndən sonra oldu. Paşinyan on illərlə yaradılmış və sarsılmaz görünənləri ilə “dünyaya meydan oxuyan” bir ordunu iki ilin içində məhv elədi. O bununla Ermənistan ordusunun gələcəyini oğurladı”.
Burada Ohanyan siyası etika xatirinə bəzi şeyləri demədiyinə görə, ermənilərdən üzürxahlıq etməyi də unutmur. Ohanyana görə, Ermənistan ordusu ən “çiçəklənmə” dövrünü məhz Robert Köçəryanla Serj Sarkisyanın dövründə yaşayıb.
Amma, məncə, Ohanyan burada böyük və ya kiçikliyindən asılı olmayan bir səhvə yol vermiş olub. Çünki o dediklərini təsdiq etdirmək üçün Artsrun Ovannisyan, o da olmasa cəhənnəm, Eduard Şarmazanovu erməni parlamentinə dəvət etməli idi.
Yeri gəlmişkən deyim ki, Siz Ohanyanı elə də ağılsız bilməyin. İndi o kimi alıb, kiminlə evlənib kimi söhbətlərin yeri deyil. Amma buna baxmayaraq, onun “məğlubedilməzlik illüziyası” ilə bağlı fikirləri bəzi erməniləri düşünməyə də vadar edib. Belə ki, erməni parlamentində söz alan Ohanyan ermənilərin məğlub olmasında səbəb kimi Azərbaycanın ən yeni silahlarını deyil, son zamanlar ermənilər arasında baş qaldıran düşmənçiliyi gördüyünü bildirib. Amma… “əla tapıntıdır…”
Ağasəf Babayev