“Cənab Prezident İlham Əliyevin CNN Türk televiziyasına verdiyi müsahibə böyük siyasi, iqtisadi və beynəlxalq əhəmiyyət daşıyır. Çünki bu müsahibədə cənab Prezident bir sıra məqamlara aydınlıq gətirdi. Azərbaycanın mövqeyi bəyan olundu. Eyni zamanda müəyyən qüvvələrə və Azərbaycan xalqına aydın mesajlar verildi”. Bu sözləri Diaspor info-ya açıqlamasında deputat Musa Quliyev deyib.
Onun sözlərinə görə, cənab prezidentin müsahibəsində ilk olaraq o göstərildi ki, 30 il ərzində əslində ATƏT-in Minsk qrupu tərəfindən həll edilməli olmasına baxmayaraq ikili standartlardan dolayı həll olunmayan bu münaqişə Azərbaycanın özü tərəfindən, Azərbaycan Prezidentinin dəmir yumruğu sayəsində həll olunub.
Azərbaycan ordusu, Azərbaycan xalqı və Azərbaycan Prezidenti birlikdə tarixi ədaləti bərpa etdilər deyən deputat: “Torpaqlar işğaldan azad edildi. Bununla da bölgədə daimi sülhün yaranması üçün əlverişli şərait yaradılmış oldu. Başqa bir mesaj bundan ibarət idi ki, Azərbaycan bundan sonraki post münaqişə dövründə sülh, əməkdaşlıq və əmin-amanlığın tərəfdarıdır. Azərbaycan istəyir ki, qısa müddət ərzində 10 noyabrda imzalanmış müqavilənin bütün bəndləri icra olunsun. Bu ilk növbədə bölgəyə sülh gətirəcək, regionda əməkdaşlığı gücləndirəcək, iqtisadi-mədəni, humanitar məsələlərin həllini sürətləndirəcək. Bölgə dövlətləri arasındakı inamı gücləndirəcək addım olacaq. Bundan ötrü mütləq Azərbaycan və Ermənistanın sərhədləri müəyyənləşdirilməlidir. Bu saat Azərbaycan lazımi addımları atır və bundan sonra da atacaq. Ermənistanla Azərbaycan arasında sülh danışıqları olmalı, bir-birinin ərazi bütövlüyünün tanınması, sərhədlərin müəyyənləşdirilməsi addımları atılmalıdır. Həmçinin 10 noyabr müqaviləsindən irəli gələn kommunikasiyaların açılması üçün müvafiq addımlar atılmalıdır. Azərbaycan bu sahədə üzərinə düşən bütün addımları atır və bundan sonra da atacaq. Əsas məsələ Zəngəzur dəhlizinin açılmasıdır. Bu dəhliz vasitəsilə həm dəmir yolu, həm də quru yolla region ölkələri arasında iqtisadi, mədəni, humanitar əlaqələr bərpa olunmalıdır. Eyni zamanda Azərbaycanın Naxçıvan bölgəsi ilə quru əlaqələri təmin olunmalıdır” deyib.
“Cənab prezidentin verdiyi digər bəyanat ondan ibarətdir ki, Azərbaycan ərazisində heç bir erməni silahlısı olmamalıdır. İşğalçı ordu Azərbaycan ərazisindən birdəfəlik rədd olub getməlidir. Rus sülhməramlı qüvvələrinin olduğu ərazilərdə də erməni silahlı qrupları ola bilməz. Əgər bu məsələlər öz həllini dinc yolla tapmazsa, Azərbaycan bir daha Ermənistana öz yerini göstərəcək. Eyni zamanda bu bəyanatda bölgə ölkələri arasındakı münasibətlər və münasibətlər sistemi bir daha dəqiqləşdirilir. Rusiyanın Azərbaycana münasibəti, İranın münaqişəyə münasibəti, Gürcüstanın və Türkiyənin münasibəti bir daha təhlil olunur. Eyni zamanda bütövlükdə dünya güclərinə, beynəlxalq aləmə mesaj verilir ki, Azərbaycan öz haqq işini yerinə yetirib. Başqa ərazilərə iddiası yoxdur. Ancaq Azərbaycan öz Konstitusiyasını bütün ərazilərində təmin etməyin tərəfdarıdır. Bu müsahibədə bir daha vurğulandı ki, Azərbaycan xalqı və iqtidarı bir yerdədir. Həmçinin Azərbaycana haqq işində həmişə dəstək olmuş Türkiyə ilə Azərbaycan bir yerdədir. Bundan sonra Azərbaycan Türkiyə əlaqələri daha artan sürətlə inkişaf edəcək. Azərbaycan regionda aparıcı dövlətdir, söz sahibidir. Azərbaycanın razılığı və təşəbbüsü olmadan bölgədə heç bir layihə həyata keçirilə bilməz. Bundan sonra da situasiyanı Azərbaycan diqtə edəcəkdir. Həmçinin Azərbaycanın mövqeyi beynəlxalq qanunlara əsaslanır. Ərazi bütövlüyünün qorunması, qarşılıqlı hüquqlara sayğı sərhədlərin tanınması hamısı beynəlxalq hüquqlara tam uyğun addımlardır. Azərbaycan xalqına verilən mesaj ondan ibarətdir ki, Azərbaycan Prezidenti qarşıda duran məsələlərin aydın həllini, yol xəritəsini müəyyən etmişdir. Ardıcıl olaraq işlər həyata keçiriləcək. Azərbaycan şəraiti öz nəzarəti altında saxlayır və bu belə də davam edəcək. Bu bəyanat bir daha beynəlxalq aləmə eləcə də region ölkələrinə Azərbaycanın haqlı, ədalətli mövqeyini bildirən bəyanatdır. Mən hesab edirəm ki, bu müsahibədən sonra Azərbaycanın nüfuzu həm regionda, həm də beynəlxalq aləm də daha da artacaq” deyə deputat deyib.
Müəllif: Turqay Musayev