“Azərbaycan Prezidenti İlham Əliyev və birinci vitse-prezident Mehriban xanım Əliyevanın ermənilərin davamlı təxribat törətdiyi Kəlbəcər rayonuna səfəri böyük əhəmiyyət daşıyır. Bu sözləri Diaspor info-ya açıqlamasında politoloq Sahil İskəndərov deyib.
Onun sözlərinə görə, bu ilk növbədə ondan xəbər verir ki, Ali Baş Komandan həmişə ən çətin məqamlarda, ən çətin yerlərə səfər edir: “Oradakı vəziyyətlə tanış olur və eyni zamanda qarşı tərəfə göstərir ki, Ordunun Ali Baş Komandanı həmişə Azərbaycan Ordusunun yanındadır. Cənab Prezidentin bu səfəri qarşı tərəfə bir daha onu göstərir ki, Azərbaycanın bu məsələdə tutduğu mövqe dəyişməzdir. Düşünürəm ki, cənab Prezidentin bu kimi səfərləri, Azərbaycan Prezidentinin işğaldan azad olunmuş torpaqlarda yolların çəkilişində, tunellərin açılışında, onların bünövrələrinin qoyulmasında, Laçın Beynəlxalq Hava Limanının təməlinin qoyulmasında iştirak etməsi, həmin ərazilərdə etdiyi hər bir açıqlama qarşı tərəfə bir mesajdır və ötürülən hər bir mesaj bu gün öz bəhrəsini verir. Həm Ermənistan tərəfi, həm də onlara havadarlıq edən qüvvələr bütün bunları görür”.
Politoloq fikirlərinə davam edərək həmçinin qedy edib ki, cənab Prezidentin Türkiyənin CNN Türk kanalına müsahibəsində Ermənistan və onun havadarlarına göndərdiyi mesajlardan da konkret olaraq görünür ki, bütün məsələlər nəzarət altındadır: “Azərbaycanın həm Qarabağ bölgəsində, həm Ermənistanla sərhəddə, həm də Naxçıvan-Ermənistan sərhədində baş verən bütün proseslərə nəzarət etməsi, bütün addımların qeydiyyata alınması mesajı sözsüz ki, Ermənistan tərəfinə təsir göstərməyə bilməz”.
Arzu Qurbanzadə