Minatəmizləmə fəaliyyətinin əsas meyarlarından biri olan mina və partlamamış sursatların təhlükəsinə dair maarifləndirmə sahəsində icra edilən tədbirlər, işğaldan azad edilmiş ərazilərdə fəaliyyət göstərən qurum nümayəndələri, eləcə də mülki əhali arasında mina hadisələrinin qarşısının alınması və əhalinin təhlükəsiz yaşam tərzinin yaradılmasına dəstək olacaqdır. ANAMA-nın Mətbuat xidmətindən Diaspor info-ya verilən məlumata görə, işğaldan azad edilən ərazilərdə quruculuq və infrastruktur layihələri üzrə fəaliyyət göstərən şəxslərə 2021-ci il 18 avqust tarixində Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyinin (ANAMA) aidiyyəti mütəxəssisləri tərəfindən təhlükəsizlik qaydaları ilə bağlı “Mina və partlayıcı sursatların təhlükəsinə dair maarifləndirmə” istiqamətində təlim keçirilib.
Təlimdə “Azərbaycan Dəmir Yolları” QSC, “Azərenerji” ASC və “Azərsu” ASC nümayəndələri iştirak edib.
Partlayıcı sursatların təhlükəsinə dair maarifləndirmənin ümumi əsasları, təhlükəli ərazinin əlamətləri, tanış olmayan şübhəli ərazilərdə davranış qaydaları barədə prezentasiya təqdim edilib. Həmçinin, müxtəlif növ mina və sursatların vizual tanınması üçün maketləri nümayiş olunub.
Təlimin başlıca məqsədi iştirak edən nümayəndələrin əldə etdikləri məlumatları işğaldan azad edilmiş ərazilərdə fəaliyyət göstərən müvafiq dövlət qurumları və müəssisələrin əməkdaşlarına “Train-the-trainer” (“Təlimçilər üçün Təlim”) proqramı çərçivəsində maarifləndirmə biliklərinin ötürülməsindən ibarətdir. Həmin mütəxəssislər tərəfindən Qarabağda çalışan nümayəndələrin maarifləndirilməsi, daha geniş kütləni əhatə edərək zərərçəkənlərin sayının azaldılmasına səbəb olacaqdır.
İştirakçılara təhlükəsizlik nişanları, işarələri, mina və sursatların növlərini, ümumi əlamətlərini özündə əks etdirən maarifləndirici və xəbərdaredici broşurlar və posterlər paylanılıb.
Sonda təlim keçən şəxslərə əsas təhlükəsizlik qaydalarını əks etdirən Təlimat kitabçası təqdim edilib.