“...Son iki ildə Əfqanıstanı özünə “müttəfiq” adlandıran Amerika tərəfindən böyük təzyiqlərə məruz qalırdı. Amerikalılar bizi şantaj edərək deyirdilər: ya həbs edilən taliban yaraqlılarını azad edəcəksiniz, ya da hərbi yardım da daxil olmaqla yardımınızı azaldacağıq. Soruşduq ki, biz azad edəcəyimiz təqdirdə bu insanların yenidən öz xalqına qarşı vuruşmayacağına əminsinizmi? Təbii ki, cavabları yox idi, amma məlum idi ki, bunların hamısı sonradan cəbhədə, öz xalqlarına qarşı döyüşdə idilər”.
Qeyd edim ki, bu sözləri özünü Əfqanıstanın müvəqqəti rəhbəri elan etmiş Əmrullah Saleh bildirib. Onun sözlərinə görə, Əfqanıstan hökumətinin süqutunun səbəbləri ABŞ-ın Kabilə təzyiqi, Qətərdəki danışıqlarda taliblərin de-fakto tanınması və hökumətdə müvafiq məlumatların olmaması idi.
Saleh, həmçinin qeyd edib ki, Dohadakı Əfqanıstan danışıqları əslində, "sözünə sadiq qalmayan “Taliban”ı qanuniləşdirdi".
“Taliban”ın heç vaxt təzyiqə məruz qalmadığını deyən Saleh onların məhz amerikalıların vəsaiti hesabına Pakistana sığındıqlarını bildirib. Əfqanıstanın müvəqqəti rəhbərinin fikrincə, Amerika Pakistanı dəstək bazası olaraq istifadə edirdi. Onun fikrincə, Pakistan taliblərə sığınacaq verməklə yanaşı, həm də onların “xidmətində dayanıb”(?).
Salehə görə, bu gün əfqan hakimiyyətində radikallaşmış yaraqlılardan ibarət dəstədə vəziyyətdən xəbəri olmayan və hər şeyi normal qəbul edən insanlar var. Məhz bunun nəticəsini də hazırda sadə əfqan xalqı cəkir.
Xatırladaq ki, bir müddət bundan əvvəl Cozef Bayden administrasiyası “Taliban”la gündəlik təmaslarını qəbul etmişdilər. Sonradan tərəflər arasında yaranan “narazılıq” amerikalıların taliblərə maliyyə yardımını kəsmələri ilə əlaqələndirilir.
Yeri gəlmişkən bildirək ki, “Taliban”, ABŞ -ın geri çəkilməsini payıza qədər tamamlamayacağı təqdirdə güc tətbiq edəcəyi ilə hədələyib.
Ağasəf Babayev