Erməni saytlarının yazdığına görə, Vladimir Putinin Nikol Paşinyanın “hulqumundan tutaraq divara dayaması” artıq öz sözünü deməkdədir. Belə ki, dünənə qədər, üstüörtülü də olsa, rusları “yararsız müttəfiq kimi” təqdim edib qarasına deyinən Nikol, indi onların “şəninə mədhiyyələr oxumağa” başlayıb.
Nümunə istəyirsiniz, bu da Sizə nümunə…
“Rusiya-Ermənistan dialoqunun yüksək səviyyədə daha da gücləndirilməsi KTMT və Avrasiya İqtisadi Birliyi formatları da daxil olmaqla çoxtərəfli formatda əməkdaşlığın gücləndirilməsi üçün addımlar atılacaq”. Bunlar erməni baş nazirinin sözləridir...erməni parlamentindəki çıxışı zamanı ərz edib.
İndi ermənilər Nikola sual edirlər: bəs, nə oldu, axı erməniləri “Avropaya aparacağını deməklə” hakimiyyəti “zəbt etməyinin” sonu budurmu? Axı, bu gün Ermənistanda bəzi yaşlı ermənilər istisna olmaqla, qalanları hamısı sənin Avropaya nə vaxt “start” götürəcəyini gözləyirlər. Sən isə, “gah nala, gah da mıxa” vurursan. Bu gün Ermənistanda hamı “geyinib-keçinib” Avropaya getməyə hazırlaşır, sənsə o gün erməni parlamentinin tribunasından bəyan edrirsən ki, “...Rusiya prezidenti Vladimir Putinin şəxsi iştirakı və aramızdakı etimad mühiti Rusiya-Ermənistan münasibətlərinin səmərəliliyinin artmasının qarantıdır”.
Hələ bir Putinin Rusiya-Ermənistan münasibətlərinin inkişafında, bölgədə təhlükəsizlik və sabitliyin təmin edilməsində, 44 günlük müharibənin sona çatmasında, erməni əsirlərin geri qaytarılmasında oynadığı rolu da xüsusi olaraq qeyd edirsən.
Vay, vay, vay... Putin rus qoşunlarını ölkəmizin sərhədlərini qorumaq adıyla Ermənistana gətirir, bu isə Putinə mədhiyyə oxuyur. Yadında olar, o vaxtı sən hakimiyyətə gələndə Qərb dəyərlərindən məlumatsız olan erməniləri başdan çıxarıb, Ermənistanı NATO, Avropa Birliyinə aparacağını deyirdin, bəs, indi nə oldu? Bu gün az-çox “müstəqilliyimiz” qalmışdı, Ermənistan sərhədini qorumaq adıyla gələn ruslar sabah onun da “dalından keçəcəklər”. Əgər o vaxta qədər ölkədən qaçmasan, onda sən də bunun şahidi olacaqsan.
...Qeyd edək ki, ötən gün ölkə parlamenti tərəfindən 5 illik dövlət proqramı qəbul edilərkən çıxış edən Nikol Paşinyanın səsləndirdiyi bəzi fikirlər erməni cəmiyyətində “şok” yaradıb. Deyilənə görə, hazırda sosial şəbəkələr qəzəbli şərhlərlə, Paşinyanın qorxaqlıq və Ermənistanın mənafeyinə xəyanət ittihamları ilə doludur.
Maraqlıdır ki, sosial şəbəkələrdə Nikolun ünvanına səsləndirilən ittahamlarla, hətta dünənə qədər Nikolu müdafiə edənlərin bəziləri də razılaşmaq məcburiyyətində qalıblar. Onların fikrincə, dünənə qədər strateji bir ittifaqda Putinlə birlikdə oynamaq ermənilərə baha başa gəldi. İndi bundan sonra da, “KTMT və Avrasiya İqtisadi Birliyi çərçivəsində Rusiya ilə əməkdaşlığın gücləndirilməsi” ermənilərin mövqelərini daha da ağırlaşdıracaq, yəni deyildiyi kimi, ölkə olan-qalan suverenliyinin qalıqlarını da itirəcək.
Ermənilərə görə, yaranmış bugünkü şəraitdə onların yalnız bir çıxış yolları qalır: tədricən çantalarını yığaraq ölməz bir imperiyanın səssiz və gücsüz bir mövzusuna çevrilən ölkədən qaçmaq.
Ağasəf Babayev