"Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev avqustun 24-də BMT-nin ölkəmizə yeni təyin olunmuş rezident əlaqələndiricisi xanım Vladanka Andreyeva ilə görüşdə bir sıra mühüm məqamlara toxundu. Görüşdə ölkə başçısı Azərbaycanla BMT arasında sıx əlaqələrin olmasını, Azərbaycanın bu təşkilatın fəal bir üzvü olduğunu qonağın diqqətinə çatdırdı". Bu sözləri Diaspor info-ya açıqlamasında deputat Kamilə Əliyeva deyib.
Onun sözlərinə görə, son illər Azərbaycan BMT-nin təşkil etdiyi bütün beynəlxalq tədbirlərdə çox yaxından iştirak edib: " Bunun nəticəsi olaraq 10 il bundan əvvəl Azərbaycan 155 ölkənin böyük dəstəyi ilə Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü seçilmişdi. Bu Azərbaycanın beynəlxalq nüfuzunun və fəal xarici siyasətinin nümunəsi idi. Bu gün Azərbaycan BMT-dən sonra dünyanın ən böyük təşkilatı olan Qoşulmama Həraəkatına sədrlik edir. Qoşulmama Hərəkatının sədri kimi Azərbaycan BMT Baş Katibliyinin təşəbbüslərinə dəstək olur. Xüsusilə, Covid-19 pandemiyası ilə mübarizədə Azərbaycanın beynəlxalq aləmdə rolu danılmazdır".
Deputat qeyd edib ki,Azərbaycan dünyada sülh və təhlükəsizliyə töhfə verən ən qabaqcıl dövlətlərdən olmuşdur: "Görüşdə ölkə başçısı BMT Təhlükəsiz təşkilatının 1993-cü ildə Ermənistanla bağlı çıxardığı məlum qətnamələrin icrasının 28 il müddətində yerinə yetirilməməsini diqqətə çatdırdı. BMT TŞ-nın beş daimi üzvündən üçü ATƏT-in həmsədridir. Lakin təəssüflər olsun ki, nə Təhlükəsizlik Şurasının üzvü kimi, nə də ATƏT üzvü kimi bu üç ölkə heç vaxt Ermənistana təsir göstərməyib. Əslində, qətnaməni yerinə yetirmədiyi üçün Ermənistana hərbi təsir və sanksiyalar tətbiq olunmalı idi. Cənab İlham Əliyev UNESCO-nun Azərbaycanla bağlı tutduğu mövqe ilə bağlı narazılıqlarını da bildirdi deyən Kamilə Əliyeva: "Bütün dünyada xalqların və ölkələrin mədəni irslərinin, tarixi abidələrinin qorunması missiyasını öz öhdəsinə götürən UNESCO Azərbaycan torpaqlarında işğal zamanı bu missiyanı həyata keçirmədi. 30 il ərzində Azərbaycan dəfələrlə UNESCO-ya müraciətlər ünvanladı. Müraciətdə işğal olunmuş ərazilərdə ermənilərin azərbaycanlılara məxsus dini abidələri, mədəni sərvətləri dağıtması bildirilmişdi. Həmçinin UNESCO-nu öz nümayəndələrini bu ərazilərə göndərməyə və Ermənistana təsir göstərməyə çağırmışdı. UNESCO rəhbərliyi isə siyasi məsələlərə qoşulmadığını və digər əsassız bəhanələri önə sürərək işğal altında olan ərazilərimizə getməkdən imtina etmişdi. Qələbəmizdən sonra UNESCO tərəfindən işğaldan azad olunmuş ərazilərə gəlmək istəyi ilə bağlı Azərbaycana müraciət olunmalıdır. Azərbaycan tərəfi bu səfərə icazə versə də, UNESCO-nun səfərinə Ermənistan tərəfi etiraz edir. Bu səbəbdən bu səfər hələ də baş tutmur. Deməli bu qurumda hələ də Azərbaycana qarşı ikili standartlar hökm sürür. Azərbaycan hər zaman ərazisində olan bütün dini, tarixi, mədəni abidələrinə hörmətlə yanaşıb. Bu gün də dövlətimiz Ermənistan tərəfindən dağıdılmış bütün abidələri bərpa edir. UNESCO-nun Azərbaycana təşrif buyurmamasından asılı olmayaraq Ermənistan tez və ya gec Azərbaycanda səbəb olduğu maddi və mənəvi zərərə görə təzminat ödəməyə məcbur olacaqdır".
Müəllif: Turqay Musayev