“Nikol Paşinyan təlimatlarla hərəkət edir. Demək olar ki, Paşinyan tamamilə böyük güclərin təsiri altında olan bir siyasətçidir. Azərbaycana qarşı qurulan məkrli hədələrindən biri də odur”. Bunu Diaspor info-ya açıqlamasında politoloq Qabil Hüseynli deyib.
Onun sözlərinə görə, Paşinyan heç bir ilkin şərt irəli sürmədən ATƏT-in Minsk Qrupunun vasitəçiliyi ilə Azərbaycanla sülh danışıqlarına hazır olduğunu bildirməsi həmsədrləri dirildib yenidən siyasi dövriyyəyə qoşmaq istəyindən irəli gəlir: “Azərbaycan tərəfi bu manevrləri çox yaxşı başa düşür. Lazım olan işləri vaxtında görməyən ATƏT-in Minsk Qrupunun indi bu proseslərə qovuşmasını mümkün hesab etmir. ATƏT-in Minsk Qrupunun həmsədrləri fəaliyyətdə olduqları uzun illər ərzində Dağlıq Qarabağ münaqişəsinin beynəlxalq hüquq normaları əsasında tənzimlənməsi, ədalətin bərpa edilməsi, təcavüzkarın təcavüzkar kimi qiymətləndirilməsi sayəsində heç bir əməli iş görə bilmədilər. Bu baxımdan ATƏT-in Minsk Qrupunun yenidən dövriyyəyə daxil olmasını Azərbaycan heç vəchlə qəbul edə bilməz. Həm də, münaqişə artıq bitib. Ona görə də, Minsk Qrupuna da ehtiyac yoxdur”.
Müəllif: Gülyana