Bu gün müasir Azərbaycan tarixinin ən fəxarətli günlərini yaşayırıq. Azərbaycanın siyasi arenada, döyüş meydanında misilsiz uğura imza ataraq tarixi ədaləti bərpa etməsi tariximizə Zəfər Gününü yazdırdı. Bütün dünyaya 44 gün ərizində Azərbaycanın siyasi və hərbi gücünü gördü. Xalqımız Ali Baş Komandanın ətrafında bir yumruq kimi birləşərək, həmrəylik nümayiş etdirdi. 8 noyabr Azərbaycan tarixinə Zəfər Günü kimi yazıldı. Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən hərbi əməliyyatlar nəticəsində müasir standartlara cavab verən rəşadətli Ordumuz 44 gün ərzində 300-ə yaxın yaşayış məntəqəsini, həmçinin 5 şəhər və 4 qəsəbəni, bir sıra strateji yüksəklikləri işğaldan azad etdi. 2020-ci il noyabrın 10-da Azərbaycanın Qələbəsini təsdiqləyən üçtərəfli Bəyanat imzalandı. Azərbaycan xalqı Zəfər tarixini 8 Noyabr Zəfər Gününü qeyd etdi. Bu günlər Azərbaycan xalqı öz tarixi günlərini yaşayır. Bu gün isə zəfər qazanmış Azərbaycan 12 noyabr - Azərbaycan Respublikası Konstitusiyasının qəbul olunduğu günü ilk milli Konstitusiyamızın qəbul edilməsinin 26-cı ildönümünü qeyd edir. Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin, bilavasitə təşəbbüsü və müəllifliyi ilə hazırlanmış ilk milli Konstitusiya çağdaş dünyanın ən mütərəqqi konstitusiyalarından biri olmaqla, suveren dövlətçilik tariximizdə yeni mərhələ açdı, dövlət quruculuğu, iqtisadiyyat və ictimai-siyasi həyatda dinamik inkişafa güclü təkan verdi. 1995-ci il noyabrın 12-də Azərbaycan xalqı çoxəsrlik dövlətçilik ənənələrini davam etdirərək, ümumxalq səsverməsi - referendum yolu ilə özünün ilk milli Konstitusiyasını qəbul edərək, Ana Qanunumuzda qanunçuluğu ideya və dəyərlər sistemi kimi təsbit etmiş oldu. Konstitusiyanın qəbulundan sonra ölkəmizdə hüquqi dövlət quruculuğu və insan haqlarının təmini sahəsində əhəmiyyətli dəyişikliklər baş verdi. 1996-cı il fevralın 6-da Ulu Öndər Heydər Əliyevin Sərəncamı ilə noyabrın 12-i Azərbaycan Respublikası Konstitusiya Günü elan edildi. Hər il 12 noyabr - Azərbaycan Respublikası Konstitusiyasının qəbul olunduğu gün ölkəmizdə rəsmi dövlət bayramı kimi qeyd olunur.
İlk ali Qanunu qəbul etməklə, Azərbaycan xalqı bütün cəmiyyətin və hər kəsin firavanlığını, azadlığını və təhlükəsizliyinin bərqərar edilməsinə nail oldu. Müstəqil dövlətin ilk konstitusiyası, eyni zamanda, xalqımızın dünyəvi, milli-mənəvi prinsipləri rəhbər tutaraq, seçdiyi gələcək yolun ifadəsi idi. 5 bölmə, 12 fəsil, 158 maddə və keçid müddəalarından ibarət olan konstitusiyanın mühüm özəlliklərindən biri də vətəndaş hüquq və azadlıqlarına geniş yer ayrılması idi. 1996-1997-ci illərdə Azərbaycan insan hüquq və azadlıqlarının, demokratik təsisatların inkişafının təminatı ilə bağlı bir sıra beynəlxalq konvensiyalara qoşuldu. 1998-ci il fevralın 10-da Azərbaycanda ölüm hökmü ləğv edildi. Azərbaycan MDB məkanında və müsəlman dünyasında bu tarixi qərarı qəbul edən ilk dövlət idi. 14 iyul 1998-ci il tarixdə Azərbaycanda konstitusion müstəvinin ən vacib institutlarından biri - Konstitusiya Məhkəməsi fəaliyyətə başladı. 1998-ci il avqustun 6-da Ümummilli Lider Heydər Əliyev konstitusion hüququn təməl prinsiplərindən olan söz azadlığının təminatı ilə bağlı mühüm bir qərara imza atdı. Belə ki, mətbuat üzərində senzura tamamilə ləğv edildi. 1999-cu il dekabrın 12-də Konstitusiyada təsbit olunmuş keçid müddəalarından daha birinə əməl olundu - ölkədə ilk bələdiyyə seçkiləri keçirildi, yerli özünüidarə institutu fəaliyyətə başladı. 2001-ci ilin yanvarında Avropa Şurasına tamhüquqlu üzv qəbul edilməsi ilə ölkəmiz bir sıra Konvensiyalara qoşuldu, dövlətin hüquqi sisteminin demokratik dünya standartlara uyğunlaşdırılması davam etdi. 2002-ci ildə İnsan Hüquqları üzrə Müvəkkil - Ombudsman Təsisatı fəaliyyətə başladı.
Ulu Öndər Heydər Əliyevin siyasi kursunu uğurla davam etdirən Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən islahatlar ölkəmizin tərəqqisinə, inkişafının davamlı xarakter daşımasına, dövlət müstəqilliyinin möhkəmlənməsinə, idarəetmənin təkmilləşdirilməsi və demokratik inkişaf prosesinə töhfələr verir. Prezident İlham Əliyevin ötən 18 ildə Azərbaycana rəhbərliyi ilə cəmiyyət həyatının bütün sahələrində uğurlar əldə edilib, ardıcıl olaraq sosial-iqtisadi islahatlar həyata keçirilib. Cəmiyyətin inkişafı, yeni ictimai-siyasi münasibətlərin meydana çıxması konstitusiyada islahatların aparılmasını zəruri etdiyindən, 2016-cı ildə növbəti dəfə Azərbaycan Respublikası Konstitusiyasına əlavə və dəyişikliklərlə bağlı ümumxalq səsverməsi keçirildi. Konstitusiya islahatları cəmiyyətin sosial sifarişi olaraq ciddi bir zərurət kimi meydana çıxdı.
Silahlı Qüvvələrlə bağlı edilən dəyişikliklər də təqdirəlayiqdir. Belə ki, Ali Baş Komandan statusu yalnız ordu, Silahlı Qüvvələr üzərində idisə, artıq konstitusiyaya edilən dəyişikliklərə əsasən, bütün silahlı birləşmələr Ali Baş Komandanın əmrinə tabedir. Digər mühüm və vacib məqamlardan biri isə prezidentlik müddətinin 5 ildən 7 ilə artırılmasıdır. Dünyanın bütün demokratik dövlətlərində vitse-prezidentlik institutu var. Dünya təcrübəsində olan bu demokratik ənənənin Azərbaycan Konstitusiyasında da əks olunması müsbət haldır. Bütün bunlar çevik və səmərəli siyasət aparmağa, ölkənin siyasi nüfuzunu və iqtisadi-hərbi qüdrətini daim artırmağa, iqtisadi və siyasi səhnədə olduğu kimi, idarəetmədə də islahatlar keçirməyə imkan yaradacaq.
Azərbaycanın dövlət və cəmiyyət həyatının bütün sahələrini əhatə edən genişmiqyaslı islahatlar, tərəqqi və quruculuq prosesləri öz mənbəyini, məhz Azərbaycan Respublikasının Konstitusiyasından götürüb. Əsas Qanunda təsbit edilmiş prinsip və istiqamətlər ölkəmizdə siyasi, hüquqi, iqtisadi, sosial və digər sahələrdə davamlı inkişafın əldə olunmasına zəmin yaradıb. Azərbaycan dövləti bu gün öz tarixinin böyük tərəqqi ilə xarakterizə olunan dövrünü yaşayır, öz inkişafının keyfiyyətcə yeni və daha yüksək mərhələsinə qədəm qoyub.
Bu gün Azərbaycan qalib ölkə kimi dünyada tanınır. Vətən müharibəsi Azərbaycan xalqının nə qədər vətənpərvər, böyük xalq olduğunu, milli birliyini, həmrəyliyini bütün dünyaya sübut etdi. Bu gün Azərbaycan bayrağı işğaldan azad edilmiş bölgələrdə ucaldılıb və bu bayraq daim həmin ərazilərdə dalğalanacaq. 44 gün davam etmiş Vətən müharibəsində qazanılmış parlaq Qələbə sayəsində 30 ilə yaxın müddətdən sonra Azərbaycan Konstitusiyasının tələblər və müddəaları yerinə yetirilib.
Nəzakət ƏLƏDDİNQIZI