“Artıq bütün Azərbaycan tarixi bundan sonra Zəfər salnaməsi, Zəfər dastanını bizə bəxş edən Ali Baş Komandan cənab Prezident İlham Əliyev və onun başçılığı altında müzəffər Azərbaycan Ordusundan yazacaq”. Bu sözləri Diaspor info-ya açıqlamasında deputat Ramil Həsən deyib.
Onun sözlərinə görə, bu tarix bizim üçün önəmli tarixdir: “8 noyabr 2020-ci ildə Şuşa işğaldan azad olunandan sonra 10 noyabr tarixində Ermənistanın işğalçılıq siyasətinin sona çatması, Ermənistanın əslində darmadağın edilməsi, həqiqətin, haqqın və ədalətin bərpası günü kimi də tarixə düşdü. Azərbaycan dövləti öz gücü, qüvvəti ilə Ali Baş Komandanın güclü, inanılmaz idarəsi ilə mükəmməl sərkərdəliyi və uzaqgörənliyi ilə Azərbaycan dövlətinin başçısı olaraq həyata keçirtmiş olduğu tarixi və misilsiz addımlarla düşmənin başını əzdi və 10 noyabr tarixində düşmən artıq təslim oldu. Şübhəsiz ki, bundan sonra Azərbaycan dövləti öz gücü, qüdrəti və inkişaf strategiyası ilə dünyada əslində yeni bir müharibə taktikasının təməlini qoydu. Bir daha dünyaya isbat elədi ki, haqq-ədalətin bərpa olunması mümkündür. Dövlətin, xalqın birliyi və bərabərliyi dəmir yumruq kimi birləşərək Ali Baş Komandanın rəhbərliyi ilə düşməni məhv etməyə qadir olan güclü və qüdrətli Azərbaycan Ordusu mövcuddur. 10 noyabr aktından sonra davam edən bütün proseslər Azərbaycanın xeyrinə yəni haqqın, ədalətin xeyrinə olaraq davam edəcəkdir”.
Arzu Qurbanzadə