Bu gün istər Xankəndidə, istərsə də İrəvanda Azərbaycanın ərazi bütövlüyünə kəc baxanların aqibətlərinin nə ilə bitməsini isə artıq izah eləməyə də ehtiyac qalmır
Şuşada baş vermiş məlum təxribatların ardınca və 44 günlük müharibədə aldıqları ağır, sarsıdıcı məğlubiyyətinə rəğmən düşmənin hələ də revanş hissindən kənarlaşa bilməməsi onu növbəti biabırçı məğlubiyyətlərə doğru sürükləyir. Baxmayaraq ki, Azərbaycan Prezidenti İlham Əliyev dəfələrlə rəsmi Bakının sərhədlərin delimitasiyası və demarkasiyası ilə bağlı prosesin başlanmasına hazır olması, sülh sazişinin imzalanması ilə bağlı bəyanatlarını səsləndirsə də, Ermənistan hələ də həmin prosesi müxtəlif vasitələrlə uzatmağa cəhdlər göstərir. Lakin həmin cəhdlərin iflasa uğraması artıq danılmaz faktlarla sübuta yetirilməkdədir. Daha dəqiq desək, törədilən hər təxribat cəhdi İrəvanın rüsvayçılığı ilə nəticəsini tapır. Bu gün istər Xankəndidə, istərsə də İrəvanda Azərbaycanın ərazi bütövlüyünə kəc baxanların aqibətlərinin nə ilə bitməsini isə artıq izah eləməyə də ehtiyac qalmır. O cümlədən, 2020-ci ilin noyabrında imzalanmış üçtərəfli bəyanatın Ermənistan tərəfindən realizə edilməməsi Azərbaycanın irəli sürdüyü şərtlərini haqlı olaraq digər mümkün mexanizmlərlə həyata keçirməsinə kifayət qədər şərait və zəmin yaradır. Daha doğrusu, Ermənistanın hər cür təxribatlarına rəğmən Azərbaycan öz sərhədlərində möhkəmlənməkdə və sərhədlərini qorumaqda, bəyanatdakı bəndlərin reallaşdırılmasında israrlı olduğunu əməli qaydada nümayiş etdirir və nəticələrini də əldə edir.
Gorus-Qafan yolu düşmənə dərs olmadımı?
Diaspor info xəbər verir ki, artıq Ermənistan mediası bu barədə həyəcan siqnalları verir, Azərbaycanın qarşısındakı acizliklərini öz reportajları ilə isbatlayır. Misal üçün, Ermənistan mediasının hazırladığı reportajda bildirilir ki, Çakaten kəndi Gorus-Qafan yolunun üzərində yerləşir və bəlli olduğu kimi, ötən ilin dekabrından etibarən həmin yolun bir hissəsi Azərbaycanın nəzarətinə keçib. Bir neçə gün əvvəl isə Azərbaycan tərəfi yolun Qubadlının Eyvazlı və Çayzəmi kəndləri arasından keçən hissəsində gömrük-sərhəd nəzarəti tətbiq edib, nəticədə Ermənistan vətəndaşları artıq bu yoldan istifadə edə bilmirlər və Tatev kəndindən keçən alternativ, eləcə də, hələ hazır olmayan və yağışlı-qarlı havalarda keçilməz, təhlükəli dağ yoluna doğru istiqamətləniblər. O cümlədən, Ermənistana yük daşıyan İran TIR-larının bir qismi bu yoldan istifadə edir və tez-tez qəzalar baş verir, tıxaclar yaranır, ərazi keçilməz səddə çevrilir. Onu da qeyd etmək yerinə düşərdi ki, Gorus-Qafan yolu eyni zamanda, qismən Zəngilan rayonu ərazisindən keçir və Çakaten kəndinin sakinləri Qafana getmək üçün bu yoldan istifadə edirlər.
Ermənilərin yolları 100 kilometr uzanır və...
Kəndin administrasiyasının keçmiş rəhbəri Ara Abramyan azərbaycanlıların yolun üzərində dayaq məntəqəsi qurduğunu təkzib etməyib. "Onlar nəsə qazırlar, kran gətiriblər və hansısa işləri yerinə yetirirlər, amma bilmirəm ki, məhz nə edirlər", deyən Abramyan qeyd edib ki, Azərbaycan tərəfi Çakatendən Qafana aparan yeganə yolun üstündə vaqon yerləşdiriblər və əgər onlar yolu bağlasalar kənd blokadada qalacaq.
Zəngəzurun ermənilərin hazırda Nerkin Hand adlandırdıqları kəndinin icma rəhbəri Xaçatur Baqdasaryan da Azərbaycan hərbçilərinin Çakaten-Qafan yolunda olduqlarını təsdiq edib. Onun sözlərinə görə, azərbaycanlılar gün ərzində kəndin 3-4 kilometrliyində intensiv iş görürlər. Onun sözlərinə görə, bu işlər gömrük məntəqəsinin qurulması üçündür. "Onlar ağacları kəsiblər, yolu təmizləyiblər. Yolda mən bir-iki azərbaycanlı gördüm, amma heç kim bizi dayandırmadı", deyə o bildirib.
Baqdasaryan deyib ki, əgər yol bağlansa, onun həmkəndlilərinin də vilayət boyu hərəkəti çətinləşəcək. Kənd sakinləri Mehridən keçib gedə bilərlər, amma bu yol 100 kilometr daha uzundur. Alternativ yol isə indi keçilməzdir, bu yolla ancaq CİP-lər gedə bilər, o da çətinliklə.
Ermənistan öz oyunbazlıqlarını davam edərsə, bu və ya digər şəkildə təxribatlarını törədərsə, daha sərt cavab alacaq
Xatırladaq ki, Çakaten kəndi Nerkin Hand kəndi ilə Qafan arasında yerləşir, hər iki kəndi Qafanla indi Azərbaycanın nəzarətində olan yol birləşdirir. Azərbaycan tərəfi ötən ilin dekabrından etibarən onun suveren ərazilərindən keçən Gorus-Qafan yolu ilə Ermənistan vətəndaşlarının hərəkətinə imkan yaratmışdı. Lakin erməni tərəfi üçtərəfli bəyanatdakı şərtlərə zidd gedərək Zəngəzur dəhlizinin açılmasını müxtəlif bəhanələrlə ləngitməyə çalışdığı üçün Azərbaycan tərəfi öz suveren hüquqlarından istifadə etməklə yolun öz ərazisindən keçən hissəsində gömrük-sərhəd nəzarəti tətbiq etməyə qərar verib.
O cümlədən, qeyri-rəsmi məlumatlara görə, Zəngəzur istiqamətindən Naxçıvana tərəf nəzərdə tutulan ərazilərdə də qanunsuz postlar quran düşmən qoşunları həmin ərazilərdən çıxarılırlar və bütün bunlar daha bir faktı təsdiq edir ki, Ermənistan öz oyunbazlıqlarını davam edərsə, bu və ya digər şəkildə təxribatlarını törədərsə, daha sərt cavab alacaq. İrəvan unutmamalıdır ki, artıq Azərbaycanda “İti qovan” gəlməsi dillər əzbəridir və eyni zamanda, əməli şəkildə həyata keçirilir, o cümlədən, yenidən bənzər rüsvayçı, biabırçı hallarla rsatlaşmamaları üçün onlar ərazi iddialarını bir kənara qoyaraq normal danışıqlar məcrasına dönüb regionda sülhün bərqərar olması üçün addım ata bilərlər – hələ ki, gec deyil...
Rövşən RƏSULOV