Türkdilli dövlətlərin bir birlik, təşkilat kimi formalaşması həmin dövlətlərin özlərinin milli maraqlarının, mənafelərinin qorunması üçün, həm də dünyada sülhün, əminamanlığın bərpa edilməsi üçün çox vacibdir. Bu sözləri Diaspor info-ya verdiyi açıqlamasında Milli Məclisin Aqrar Siyasət Komitəsinin sədri, millət vəkili Tahir Rzayev deyib.
Komitə sədri qeyd edib ki, türkdilli dövlətlər, başda Türkiyə Respublikası olmaqla, öz məramlarını bütün dünyaya bəyan edir, sülh, əminamanlıq, əməkdaşlıq uğrunda mübarizə apardıqlarını bildirirlər.
“Türk Şurasının bir təşkilat kimi formalaşması və həmin təşkilatın ətrafında türkdilli dövlətlərin birləşməsi, müşahidəçilər rolunda ora digər dövlətlərin daxil olması qürur doğurucu bir haldır. Biz bunu Türk Şurasının bu günlərdə keçirilən yığıncağında və həmin yığıncaqda ölkəmizin rəhbəri cənab İlham Əliyevin Türk Şurasının Ali Ordeni ilə təltif edilməsi mərasimində söylədiyi çıxışlarda, eləcə də Türkiyə Prezidentinin Azərbaycanın dövlət rəhbərinin ünvanına söylədiyi o ifadələrdə bir daha hiss etdik. Əlbəttə ki, bu qürurvericidir və həmin yığıncaqda bildirildi ki, Azərbaycan Prezidenti nəinki öz torpaqlarının düşməndən azad olunması uğrunda mətin və mübarizdir, eləcə də dünyada sülhün, əminamanlığın qarşılıqlı əməkdaşlığın qorunması və möhkəmləndirilməsi üçün səylərini əsirgəmir. Bu hər bir Azərbaycan vətəndaşı üçün fəxarətdir və sözsüz ki, Türk dünyası üçün də çox vacibdir. Çünki, Türk dövlətlərinin birliyi onların milli təhlükəsizliyinin təmin olunmasına zəmanət verir. Əlbəttə ki, bu ölkələrin qarşılıqlı əməkdaşlığı istər müdafiə, istərsə də mədəni, iqtsadi, ticarət sahələrində bir-birlərini dəstəkləməsi bu ölkələrin xalqlarının gələcək xoşbəxt həyatı üçün əhəmiyyətlidir. Ona görə də Türk Şurasının inkişafı, böyüməsi bir azərbaycanlı kimi bizim hər birimizi sevindirir.
Sözsüz ki, bu gün Türkiyə dünyada özünün mövqeyi, özünün səsi olan bir dövlətdir və Türkiyə dövlətinin güclənməsi, möhkəmlənməsi deməyə əsas verir ki, o gələcəkdə türkdilli xalqların birliyi uğrunda mübarizə aparan birinci ölkə kimi öz səsini dünyada daha geniş yaymağa imkan tapacaqdır. Azərbaycanın uğurları Türkiyəni sevindirdiyi kimi, Türkiyənin uğurları da bir azərbaycanlı kimi bizim hər birimizi sevindirir. Türk xalqları daimi birdir, daimi onların bir olması əlbəttə ki, bizim gələcəyimiz, bizim inkişafımız, bizim səsimizin dünyaya çatdırılması üçün çox önəmlidir”, deyə Tahir Rzayev bildirib.
Müəllif: İnam Hacıyev