"Bildiyimiz kimi son bir ayda Cənubi Qafqazın taleyində həlledici amillərdən olan post-konflikt dövrdə Azərbaycan-Ermənistan münasibətlərinin tənzimlənməsi məqsədilə iki vacib görüş keçirilib. Fəxrlə deyə bilərik ki, hər iki görüşdə Müzəffər Ali Baş Komandanımız möhtərəm cənab İlham Əliyevin Vətən müharibəsi bitən kimi bölgənin gələcək inkişafı ilə bağlı yol xəritəsi təsdiq edilmişdir". Bu sözləri Diaspo info-ya açıqlamasında deputat Məlahət İbrahimqızı deyib.
Onun sözlərinə görə, həm Soçi, həm də Brüssel görüşünün nəticələri möhtərəm Prezidentimizin müdrikliyini, onun uzaqgörən diplomatiyasının nə qədər doğru və proqressiv olduğunu sübut edir: "Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin Brüsseldə Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın Baş naziri Nikol Paşinyan ilə keçirilmiş üçtərəfli görüşünün nəticələri bölgədə yeni yaranmış reallıqların çağırışlarına tam cavab verir. Bəyanatda qeyd edildiyi kimi, Avropa İttifaqı Şurasının Prezidenti tərəfindən Ermənistan ilə Azərbaycan arasındakı münaqişənin aradan qaldırılması, Cənubi Qafqazda sülhün bərqərar olunması üçün Azərbaycanla Ermənistan arasında hərtərəfli sülh müqaviləsinin imzalanması, 2020-ci il 10 noyabr, 2021-ci il 11 yanvar və 26 noyabr Moskva və Soçi görüşləri və bəyanatlarından irəli gələn öhdəliklərin yerinə yetirilməsi çox vacib şərtlərdir".
"İlk dəfə olaraq, Bəyanatda Aİ-nin gündəliyinə itkin düşmüş şəxslər mövzusunun daxil edilməsi, onların taleyinə aydınlıq gətirilməsi, minatəmizləmə səyləri, münaqişədən əziyyət çəkmiş insanlara diqqətin göstərilməsinin vacibliyi, yenidənqurma fəaliyyətlərinə gələcəkdə Aİ qurumlarının dəstəyi, eləcə də sərhədlərin demarkasiyası və delimitasiyası məsələsində Aİ tərəfindən məşvərətçi statusda dəstək verilə biləcəyin mümkünlüyü vurğulanıb. Ən çox diqqətçəkici məqamlardan biri də Avropa İttifaqının Cənubi Qafqaz regionunda iqtisadi əməkdaşlığı və birgə iqtisadi əməkdaşlıq platformasının yaradılması təklifini irəli sürməsidir. Əslində Aİ-nin Cənubi Qafqazda yaranmış yeni reallıqlar mərhələsinə bu yanaşması, möhtərəm Prezidentimiz tərəfindən irəli sürülmüş bölgə ölkələrinin 3+3 formatının dəstəklənməsidir".
Deputat sözlərinə belə davam edib: "Aİ-nın ali rəsmisi Şarl Mişel öz bəyanatında regionda kommunikasiya infrastrukturunun yaradılmasına, ölkələr arasında əlaqəni təmin edən xətlərin açılmasına və inkişaf etdirilməsinə təmsil etdiyi qurumun dəstəyini iqtisadi və investisiya resursları vasitəsilə bu layihələri dəstəkləyəcəyini də vurğulayıb. Məlum Bəyanatda dəmir yolu xəttinin çəkilməsi məsələsi, eləcə də dəmir yollarında gömrük və sərhəd nəzarətinin qarşılıqlılıq prinsipi əsasında təşkil olunacağı kimi önəmli məqamlar da diqqətə çatdırılıb. Şarl Mişelin bu Bəyanatını həm də təcavüzkar Ermənistanda və erməni diasporundakı revanşist qüvvələrin destruktiv münasibətlərinə tutarlı cavab kimi də dəyərləndirmək olar".
Ayşən Vəli