“Azərbaycan Prezidentinin “Şəhid ailəsi statusu almış şəxslərin və müharibə ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslərin sosial-məişət şəraitinin yaxşılaşdırılması haqqında” 16 dekabr 2021-ci il tarixli Fərmanı şəhid ailələrinə və müharibə əlillərinə dövlət qayğısının yüksək səviyyədə olduğunu bir daha nümayiş etdirir”. Bu sözləri Səs İnformasiya Agentliyinə açıqlamasında Milli Məclisin Əmək və sosial siyasət komitəsinin üzvü Soltan Məmmədov deyib.
Onun sözlərinə görə, dövlət başısının imzaladığı fərmana uyğun olaraq, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sifarişi əsasında tikilən və hazırda inşası davam etdirilən çoxmənzilli binalardakı istifadəsiz qalan mənzillərin satışından əldə olunan vəsait şəhid ailələri və müharibə əlillərinin, habelə Çernobıl AES-də qəza ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslərin mənzillə və ya fərdi evlə təmin edilməsi üçün sərf ediləcək: “Bu, Bakı şəhərində, Abşeron, Lənkəran və Samux rayonlarında inşa edilmiş binaları əhatə edəcək. Mənzillərin satışını Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən həyata keçiriləcək. Əldə olunan vəsaitdən istifadə ilə bağlı Nazirlər Kabineti tərəfindən müvafiq qaydalara hazırlandıqdan və təsdiq edildikdən sonra prosesin necə həyata keçiriləcəyi aydınlaşacaq. Bildiyiniz kimi, şəhid ailələri və müharibə əlillərinin mənzil növbəsinə qeydiyyatı prosesi artıq elektronlaşıb. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Sosial Xidmətlər Agentliyinin bu prosesi tənzimləyən elektron xidmət istifadəyə verilib. Hesab edirəm ki, görülən bu tədbirlər şəhid ailələri və müharibə əlillərinin mənzillə təminatının şəffaf və sürətli şəkildə həyata keçirilməsini təmin etmək məqsədi daşıyır”.
Soltan Məmmədov qeyd edib ki, ötən müddətdə şəhid ailələrinin üzvlərinə və müharibə əlillərinə 12 minədək mənzil və fərdi ev təqdim olunub: “Prezident İlham Əliyevin bu ilin yanvarında imzaladığı Sərəncamla bu sahədə təsdiq edilən yeni proqramlar 2021-2025-ci illərdə şəhid ailələrinə 11 min mənzil və fərdi ev verilməsini nəzərdə tutur. İmzalanmış yeni Fərman bir daha göstərir ki, Azərbaycanda şəhid ailələrinin, eləcə də ölkənin ərazi bütövlüyü və suverenliyi uğrunda sağlamlığını itirmiş vətəndaşların sosial müdafiəsi dövlət siyasətinin prioritet istiqamətlərindən biridir”.
Müəllif: Abutel İlhamqızı
119