"Azərbaycanlıların dünyaya səpələnmələrinin bəlli bir tarixi var. 1920-ci ilin aprelində Azərbaycan bolşevik Rusiyası tərəfindən işğal edildikdən sonra azərbaycanlılar xarici ölkələrə mühacirət etdilər". Bu sözləri Diaspor info-ya açıqlamasında millət vəkili Musa Qasımlı bildirib.
Onun sözlərinə görə, əsasən Türkiyə və İranda məskunlaşırdılar. Siyasi mühacirətin nümayəndələri həm də Fransada yerləşdi: “Azərbaycanlıların İran və Türkiyədə yerləşmələrinin bəlli bir səbəbləri var idi. Onlar düşünürdülər ki, bolşevik işğalına son qoyulacaq və tezliklə Azərbaycan müstəqil olacaq. Digər bir tərəfdən isə İran və Türkiyə Azərbaycanla həmsərhəd idi. Buradan daha rahat məlumat ala bilirdilər. Başqa bir səbəb isə onunla bağlı idi ki o zaman Avropada azərbaycanlıların dini inanclarını icra etmək üçün imkanlar məhdud idi. Təqribən 300 məscid var idi. Azərbaycanlıların xaricdə məskunlaşmasının ikinci mərhələsi isə ikinci dünya müharibəsindən sonradır. Stalin repressiyalarından qorxaraq ölkəyə qayıtmayan əvvəllər əsir olmuş azərbaycanlılar Amerika Birləşmiş Ştatlarında və Avropada məskunlaşdılar. Hətta azərbaycanlılardan Misirə gedənlər də oldu. Azərbaycanlıların xaricə getməsinin növbəti dövrü İran İslam İnqilabından sonra oldu.
Azərbaycanın cənubundan xaricə gedənlər dünyanın müxtəlif ölkələrində qərar tutdular. Azərbaycanlıların dünyaya yayılmasında dördüncü dövr isə 1991-ci ildən sonraya aiddir. Soyuq müharibə başa çatdıqdan və Azərbaycan dövlət müstəqilliyini elan etdikdən sonra sərhədlər açıldı və azərbaycanlılar xarici ölkələrə getdilər. Dünya Azərbaycanlıların birliyi ideyasını Sovet dövründə ilk dəfə Ulu Öndər Heydər Əliyev gündəmə gətirib. O xaricdə yaşayan azərbaycanlıların Vətən Cəmiyyətini yaratmağa təşəbbüs edib. Lakin bu Cəmiyyətin yaradılmasında mərkəzdən Dövlət Təhlükəsizliyi Komitəsi və SSRİ Xarici İşlər Nazirliyi arasında fikir müxtəlifliyi olub”.
Millət vəkili sözlərinə davam edərək bildirib ki, Azərbaycan rəhbəri belə hesab edirdi ki, xaricdə yaşayan azərbaycanlılar Azərbaycan SRR-də hansı sistem və ideologiyanın mövcud olmasından asılı olmayaraq psixoloji müharibədə iştirak etməsinlər: “Azərbaycana gəlsinlər və inkişafı öz gözləri ilə görsünlər. SSRİ xarici işlər naziri isə belə hesab edirdi ki, Vətən Cəmiyyəti yaradılarsa, azərbaycanlıların birliyi məsələsi qoyularsa o zaman İranla münasibətlər pozula bilər. Çünki İranın tarixi torpaqlarında azərbaycanlılar yaşayırdılar. Həmin vaxt bu məsələdə SSRİ Xarici İşlər Nazirliyinin mövqeyi üstün gəldi. Buna baxmayaraq Ulu Öndər Heydər Əliyev xarici ölkələrlə dostluq və mədəni əlaqələr cəmiyyəti nəzdində ayrıca bir şöbənin yaradılması barədə qərar qəbul edir. Xaricdəki həmvətənlərimizlə əlaqələr genişlənir və onların Azərbaycana gələ bilməsi üçün şərait yaradılır. 1989-cu il hadisələrindən sonra SSRİ rəhbərliyi İranla sərhəd məftillərinin qırılmasını İslam fundalistmi kimi qələmə verməyə çalışırdı. Amma o zaman Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri olan Heydər Əliyev bu planları pozdu. Ali Məclisin qərarı ilə 31 dekabr Dünya Azərbaycanlılarının Həmrəyliyi günü kimi qəbul edildi. Sonradan Heydər Əliyev Azərbaycanda ikinci dəfə hakimiyyətə gələndə Dünya Azərbaycanlılarının Təşkilatı Birliyinin qurulması üçün tədbirlər müəyyənləşdirdi.
2001-ci il noyabrın 9-da Bakıda Dünya Azərbaycanlılarının Birinci Qurultayı keçirildi. Həmin gün qurultayın keçirilməsi səbəbsiz deyildi. Məlum olduğu kimi 1918-ci il noyabrın 9-da Azərbaycan Xalq Cümhuriyyətinin bayrağı qəbul edilib. Qurultayın həmin gün keçirilməsi bütün Dünya Azərbaycanlılarını tək bayraq altında birləşdirmək rəmzi mənasını daşıyırdı. Sonrakı dövrlərdə Azərbaycanda bayraq meydanları tikildi. Dövlət Bayraq muzeyi cənab Prezident İlham Əliyevin sərəncamı ilə inşa edildi. Vətən müharibəsində dünyanın harasında yaşamasından asılı olmayaraq bütün azərbaycanlılar işğalçıya qarşı Ali Baş Komandanın ətrafında bir yumruq kimi birləşdilər. Eyni zamanda informasiya savaşında xaricdəki həmvətənlərimiz müstəsna rol oynadılar”.
Səbinə Hüseynli
178