Moldovalı politoloq, “Intellect Group” sosioloji şirkətinin direktoru Yan Lisnevski “Caliber” analitik mərkəzinə müsahibəsində regionda yaranmış vəziyyət və sülh prosesinin gedişi haqda fikirlərini bildirib. Müsahibəni oxucularımıza təqdim edirik.
- Cənubi Qafqazdakı vəziyyəti necə qiymətləndirirsiniz?
- Biz başa düşməliyik ki, geosiyasi və strateji əhəmiyyəti baxımından Cənubi Qafqaz həmişə dünyanın güc mərkəzləri üçün maraqlı olub və olacaq. Rusiya ilə ABŞ arasında geosiyasi maraqların və münasibətlərin kəskinləşməsi təbii olaraq bir çox dövlətlərin, o cümlədən Cənubi Qafqaz ölkələrinin gələcəyinə təsir göstərəcək.
Sovet İttifaqının dağılmasından 30 il sonra bir çox keçmiş Sovet respublikalarının geosiyasi birliyi bulanıqlaşıb. Bu gün Moldova, Ukrayna, Özbəkistan, Gürcüstan, Azərbaycan, Ermənistan və hətta Belarus kimi ölkələri yalnız postsovet ölkələri hesab etmək onsuz da qeyri-mümkün və yanlışdır. Aİ və ABŞ-ın bu ölkələrə marağının artması ilə Rusiya təbii olaraq onlara təzyiq göstərməyə və oradakı təsirini itirməməyə çalışır. Bu dövlətlərin gələcəyi bir çox daxili və xarici amillərdən asılıdır.
Geosiyasətə gəlincə, istər RF-yə, istərsə də ABŞ-a və Aİ-yə münasibətdə xarici siyasətə diqqət və ehtiyatla yanaşsaq, vaxtilə SSRİ-nin tərkibində olmuş ölkələrdə, o cümlədən Cənubi Qafqaz respublikalarında vəziyyət normallaşacaq və sabit olacaq. Vətəndaşların daxili marağı isə geosiyasi oyunçuların marağında üstünlük təşkil edəcək.
Xarici siyasətdə belə bir vəziyyətə nail olmaq çox çətindir və bugünkü geosiyasi gərginlik şəraitində bu, praktiki olaraq mümkün deyil. Gürcüstan və Ermənistandan fərqli olaraq, Azərbaycanın üstünlüyü və böyük potensialı var, ondan istifadə regionda yüksək səviyyəli diplomatiyanın inkişafına gətirib çıxaracaq və bununla da hamı üçün dövlət inkişafı nümunəsinə çevriləcək.
- Sizcə, ATƏT-in Minsk Qrupunun Qarabağ münaqişəsinin həlli ilə bağlı fəaliyyəti niyə iflasa uğradı?
- Son zamanlar bütün beynəlxalq və xüsusilə Avropa təşkilatlarının fəaliyyətində pisləşmə müşahidə olunur. Bu təşkilatların yaradıldığı məqsədlər uzun müddətdir ki, qarşıya qoyulmayıb. Bu, əsasən, son vaxtlar dünyanı bürümüş böhranlarla bağlıdır: iqtisadi, enerji, pandemiya və s. Bunun fonunda əsas geosiyasi oyunçuların- Amerika, Rusiya, Çinin münasibətləri kəskinləşib. Üzvləri böyük oyunçuların təsiri altına düşmüş “yatmış” təşkilata çevrilən ATƏT də istisna deyil. Təhlükəsizlik arxitekturası dünyada və xüsusilə Avropada tamamilə yoxdur.
ATƏT özlüyündə dəyər fenomeni kimi çoxtərəfli dialoq böhranının əksi oldu. Bildiyiniz kimi, ATƏT həm rəhbərlikdə, həm də onun üzvləri arasında son vaxtlar müşahidə olunmayan konsensus prinsiplərinə əsaslanan bir təşkilatdır.
Birincisi, ATƏT-ə üzv olan bir çox dövlətin siyasəti əslində 1990-cı ildə Paris Xartiyasını imzalayanda hörmətlə yanaşdıqları demokratiya və insan haqları dəyərlərinə ziddir. ATƏT-in uğursuzluğunda ən çox bu dövlətlər maraqlıdır.
İkincisi, bu dəyərlərin iddia edilən “müdafiəçiləri”nin bir çoxu passivdir. Bu arada, böyük dövlətlərin siyasi şıltaqlığından deyil, Avropada qanunun aliliyinə əsaslanan canlı dialoqdan və təhlükəsizlik arxitekturasından daha çox asılı olan kiçik ölkələrdir.
Lakin bütün bunlara baxmayaraq, ATƏT-in hazırda beynəlxalq münasibətlərdə ən dəyərli “valyutası”, yəni siyasi iradəsi və aktiv siyasi mövqeyi yoxdur.
- Proqnozunuz: 2022-ci ildə Ermənistan Azərbaycanla sülh müqaviləsi imzalayacaqmı?
- Bir il əvvəl Azərbaycan öz ərazi bütövlüyünü bərpa edə bildi. Bu qədər illik gərginlikdən sonra Qafqazda yenidən sülhün hökm sürməsi indi çox vacibdir. Tarixi ədalət bərpa olundu və artıq mübarizə aparacaq heç nə yoxdur. Gələcəkdə vəziyyəti normallaşdırmaq üçün lazımi körpüləri yaradan üçtərəfli bəyanat var və bu sənədin bəndlərinə əməl edilməlidir.
Bu bəyanatın hər hansı bir təxribatı və ya pozulması onu imzalayanların hamısına mənfi təsir göstərəcək. Rusiya və ABŞ kimi güclü dövlətlər ordudan istifadə edərək aqressiv siyasət yürüdə bilər, lakin Azərbaycan və Ermənistan kimi ölkələr uzun illər davam edən münaqişələrdən sonra da diplomatiya və dostluğa arxalanmalıdır.
Üçtərəfli bəyanatın bəndlərinin pozulması və ya təxribat müəyyən ərazinin alınmasına səbəb ola bilər, lakin itkilər fəlakətli olacaq. Birincisi, söhbət insan həyatından və mülki əhali arasında sosial müstəvidə münaqişənin yaranmasından gedir. Münaqişə bölgələrində aparılan tədqiqatların göstərdiyi kimi, mülki əhalini ilk növbədə iqtisadi və sosial ehtiyaclar, sərbəst hərəkət ehtiyacı və dövlət tərəfindən sabitlik zonasının yaradılması maraqlandırır.
İkincisi, üçtərəfli bəyanatın bəndlərinin pozulması təkcə özünü qeyri-sabit tərəfdaş kimi göstərən ölkənin imicinə deyil, həm də bütün gücü ilə sülhün qarantına çevrilmək istəyən Rusiyanın imicinə mənfi təsir göstərərdi. Odur ki, sülh müqaviləsini imzalamaq istəməyən və ya silahlı münaqişənin davam etdirilməsinə təhrik edən tərəf nəinki qonşu dövlətlər, hətta dünya ictimaiyyəti üçün də kənarda qalmağın nəticələri və riskləri barədə düşünməlidir. Silahlı münaqişənin ən böyük risk faktoru olduğu bir dövlətlə kim sərmayə qoymaq və ya ikitərəfli danışıqlar aparmaq istəyər? Böyük geosiyasi oyunçuların heç biri öz imicinə zərbə vurmaq riski ilə tərəfdaşını dəstəkləmək istəməz.
2020-ci il dekabrın 11-də baş verənlər Köhnə Tağlar və Çaylaqqala kəndlərinin Rusiya sülhməramlı kontingentinin məsuliyyət zonasından kənarda yerləşməsinə baxmayaraq, Rusiyanın imicinə mənfi təsir göstərib. Bu hadisə atəşkəs rejiminin dəfələrlə pozulmasının bütün iştirakçılara necə acınacaqlı təsir göstərə biləcəyini, həm Rusiyanın, həm də Ermənistanın imicinə xələl gətirə biləcəyini açıq şəkildə göstərdi.
- Ermənistan sərhədlərin delimitasiyası və demarkasiyası prosesini, nəqliyyat marşrutlarının açılmasını niyə ləngidir? Azərbaycanla Ermənistan arasında gələcəkdə yenidən hərbi toqquşmalar yarana bilərmi?
- Vəziyyət gərgin olaraq qalır. Bu, mənim fikrimcə, uzunmüddətli strategiyanın olmaması və Ermənistan vətəndaşlarına “məğlubiyyət hissi”nin aşılanması nəticəsində baş verir ki, bu da bəzi siyasətçilər tərəfindən öz məqsədləri üçün istifadə olunur və bu da respublikada siyasi böhrana gətirib çıxarıb. Güman etmək olar ki, İkinci Qarabağ müharibəsi bundan sonra da bəzi erməni siyasətçiləri tərəfindən öz seçki məqsədləri üçün istifadə olunacaq. Bu amil xarici siyasətdə qeyri-sabitliyə gətirib çıxarır ki, bu da uzun sürən siyasi böhran səbəbindən dəyişə bilər.
Eyni amil Ermənistan hakimiyyətinin qərarsızlığına da təsir edir ki, bu da üzərinə götürdüyü öhdəliklərin icrasının ləngiməsinə səbəb olur.
Fikrimcə, Ermənistan hakimiyyəti hansısa yolla öz opponentlərini əyləndirməyə çalışmaqla səhvə yol verir. Seçki kampaniyalarında həmişə Qarabağ mövzusundan istifadə edəcəklər olacaq, çünki siyasi texnologiyalara əsaslanan bu üsul maliyyə baxımından ən sərfəli və məqbuldur. Bir çox ölkələrin seçki kampaniyalarında daxili və ya xarici düşmən yaradılması ilk dəfə deyil. Seçiciləri kiminləsə mübarizəyə səfərbər etmək ideya, inkişaf vədi, xalqın rifahı ətrafından daha asandır.
Ermənistanda daxili siyasi münaqişə, kütləvi etirazlar və növbədənkənar seçkilər yalnız bir çox fərziyyələri təsdiqlədi:
-Təcavüzkar hərəkətlərə çağıran, Azərbaycanı xarici düşmən kimi göstərən müxalifət yalnız mövqeyini və vətəndaşların inam səviyyəsini itirir.
-Ermənistandakı mülki əhalinin əksəriyyəti (və əminəm ki, Azərbaycanda da) siyasi liderlərin səs-küylü bəyanatlarına baxmayaraq, silahlı münaqişənin dayandırılmasını dəstəkləməyə hazırdır.
Təbii ki, sülhün möhkəmlənməsinə ümid etmək və çalışmaq lazımdır, lakin Ermənistanda siyasi sabitlik əldə olunmayana qədər münaqişənin yenidən alovlanması riskini də istisna etmək olmaz.
Tərcümə - Elçin Bayramlı
Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə “Azərbaycan Respublikasının dünya birliyinə inteqrasiyası, region ölkələri və digər dövlətlərlə, beynəlxalq təşkilatlarla əməkdaşlığının inkişaf etdirilməsi” istiqaməti çərçivəsində hazırlanıb.