Dünyanın nəzər nöqtəsində olan Azərbaycanın reallıqları Prezident İlham Əliyevin müdrik siyasətindən qaynaqlanır. 44 günlük Vətən müharibəsi bir daha dünyanı Azərbaycanın gücü, reallıqları ilə təəccübləndirdi. Dünyanın heç bir nöqtəsində 44 günlük zaman məsafəsində hansısa müharibəni qalibiyyətlə başa vurmaq görünməmiş hal idi. Bunu tarixə Azərbaycan yazdı. 44 gün və qalib, müzəffər Azərbaycan xalqı. Ali Baş Komandan İlham Əliyev tərəfindən təsdiqlənən mükəmməl hərbi strategiya və taktikanın döyüş meydanında Azərbaycan Ordusunun "Dəmir yumruq" əməliyyatı XXI əsrin müharibəsi olaraq dünya tarixində yer aldı. Bu dünya tarixində görünməmiş Vətən müharibəsi kimi qiymətləndirildi. Qısa bir məsafədə Azərbaycan Ordusu uğurlu əməliyyat keçirərək, 30 ilə yaxın zamanda işğal altında qalmış torpaqlarını erməni təcavüzkarlarından azad etdi.
Müharibədən sonrakı dövrdə Azərbaycan yeni reallıqlar yaradıb. Bu reallıqlar bir daha dünyaya mesajdır. 44 günlük Vətən müharibəsindən sonra qısa bir zamanda, sürətli işlərin həmin ərazilərdə aparılması əlbəttə ki, Azərbaycan iqtisadi gücünə, dinamik inkişafına söykənir. Pandemiya dövründə yaşayan və 44 günlük müharibə aparmış Azərbaycanın bu gücü dövlət başçısının uzaqgörənliyinə, müdrik siyasətinə əsaslanır. Bütün sahələrdə dayanıqlı inkişafın əldə olunması üçün məqsədyönlü və ardıcıl işlər görülür. Bu inkişaf bütün bölgələrimizin simasında öz əksini tapır. Azərbaycanın rayonları, şəhər, kənd və qəsəbələri öz abadlığı, gözəlliyi və müasir görkəmi ilə fərqlənir. Bunlarla yanaşı, insanların sosial durumu - həyat şəraiti, mütəmadi olaraq, yaxşılaşdırılır. Qazanılan nailiyyətlər xalqımızı daha böyük qələbələrə və zəfərlərə ruhlandırır. İctimai, siyasi, iqtisadi və hüquqi islahatlar həm ayrı-ayrı sahələrin davamlı inkişafını təmin edir, həm də Azərbaycanın qüdrətli dövlət kimi tərəqqisini şərtləndirir. Bu gün paralel olaraq Azərbaycanın bütün bölgələrində, eləcə də işğaldan azad olunan ərazilərdə görülən işlər - yeni infrastrukturun yaradılması, yeni yolların çəkilməsi, körpülərin salınması və s. ölkəmizin reallıqlarına əsaslanır. Cənab Prezidentin mütəmadi olaraq işğaldan azad olunan ərazilərə səfərləri və bu məkanlarda görülən işlərlə tanışlığı, eləcə də bir sıra obyektlərin təməlini qoyması bu ərazilərin qısa zamanda cənnətə çevriləcəyindən xəbər verir.
"İKİNCİ QARABAĞ MÜHARİBƏSİNDƏ ƏLDƏ EDİLMİŞ ZƏFƏRDƏN SONRA BİZİM GÜCÜMÜZ, NÜFUZUMUZ, TƏSİR DAİRƏMİZ DAHA DA GENİŞLƏNDİ"
Bütün həyatını xalqa bağlayan, Azərbaycanın inkişafı naminə gecəli-gündüzlü çalışan dövlət başçısı İlham Əliyevin hər il doğum gününü xalqın arasında keçirməsi artıq ənənə halını almışdır. "Azərbaycan xalqı yaxşı bilir ki, Mən ad günlərimi qeyd etmirəm. Adətən ad günlərimə təsadüf edən günlərdə hansısa sosial obyektlərin açılışında iştirak edirdim, məcburi köçkünlərlə, şəhid ailələri ilə görüşürdüm. Şəhid ailələri üçün inşa edilmiş yeni evlərin açılışlarında, yeni salınmış köçkün qəsəbələrində bu kateqoriyadan olan insanlarla görüşürdüm". Bu fikirləri dövlətimizin başçısı İlham Əliyev Şuşanın məşhur Cıdır düzündə çıxışı zamanı bildirib. Qeyd edib ki, 50 illiyimi də məcburi köçkünlərlə bərabər qeyd etmişdim. 50 illiyimi Qarabağda – Ağcabədidə keçirdim, 60 illiyimi isə Qarabağda - bu dəfə Şuşada keçirirəm: "Bu iki tarix arasında bir canlı bağlantı var. Ölkə ərazisində və bölgədə gedən proseslərə biz, sadəcə olaraq, seyrçi deyildik. Biz bu prosesləri böyük dərəcədə idarə edirdik. Biz bölgə gündəliyini formalaşdırırdıq. İkinci Qarabağ müharibəsində əldə edilmiş Zəfərdən sonra bizim gücümüz, nüfuzumuz, təsir dairəmiz daha da genişləndi".
"MƏN HƏMİŞƏ DEYİRDİM Kİ, GÜN GƏLƏCƏK, İŞĞAL ALTINDAKI TORPAQLARIMIZ AZAD EDİLƏCƏK, BİZ BU TORPAQLARA QAYIDACAĞIQ VƏ QAYITMIŞIQ"Azərbaycan 30 ilə yaxın bir zamanda işğal altında olan ərazilərini azad etdi. Azərbaycanın beynəlxalq birlik tərəfindən tanınan tarixi torpaqları Ermənistanın işğalı altında idi. Bu işğal və etnik təmizləmə siyasəti nəticəsində torpaqlarımızın 20 faizi işğal edilmiş və 1 milyondan çox azərbaycanlı məcburi köçkün, qaçqın vəziyyətində yaşayırdı. BMT Təhlükəsizlik Şurası 4 qətnamə qəbul etmişdir. Bu qətnamələrdə göstərilirdi ki, erməni silahlı qüvvələri işğal edilmiş torpaqlardan dərhal və qeyd-şərtsiz çıxarılmalıdır. Əfsuslar olsun ki, Ermənistan bu qətnamələrə məhəl qoymadı və öz işğalçı siyasətini davam etdirdi. Bu gün artıq Azərbaycan müharibə yolu ilə öz torpaqlarını işğaldan azad edib və tarixi ədalət bərpa olunub. "Mən həmişə deyirdim ki, gün gələcək, işğal altındakı torpaqlarımız azad ediləcək, biz bu torpaqlara qayıdacağıq və qayıtmışıq. Azərbaycan xalqı bütün bu illər ərzində Mənə inanırdı", – deyən Prezident bildirib ki, baxmayaraq ki, həm ovaxtkı məcburi köçkünlər, həm ölkə ictimaiyyəti ildən-ilə davam edən mənasız danışıqlara nəzər salaraq görürdü ki, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli çətinləşir: "Amma buna baxmayaraq, doğma xalqım mənim sözlərimə inanırdı. Mən deyirdim ki, gün gələcək Azərbaycan bayrağı işğal edilmiş torpaqlarda, o cümlədən Şuşada dalğalanacaq və bu müqəddəs günü biz şəhidlərimizin qanı-canı bahasına yaşadıq".
"HADRUTDA - XOCAVƏND RAYONUNDA ORDU QURUCULUĞUNDA APARILAN İŞLƏRİN YENİ MƏRHƏLƏSİNƏ QƏDƏM QOYDUQ"
Artıq bu gün işğaldan azad olunan ərazilərdə abadlıq-quruculuq işlərinin miqyası genişlənib. Bu gün azad olan ərazilərdə nəhəng işlər görülür. Cənab Prezidentin Hadruta səfəri çərçivəsində Hadrutda Müzəffər Azərbaycan Ordusunun Ali Baş Komandanı kimi yeni silahlı birləşmə olan Komando Briqadasının hərbi hissəsinin açılışında iştirak edib. Cənab Prezident bildirib ki, bu gün keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətinin tərkib hissəsi olan Hadrutda - Xocavənd rayonunda ordu quruculuğunda aparılan işlərin yeni mərhələsinə qədəm qoyduq. Vurğulayaq ki, artıq Prezidentimizin işğaldan azad olunan ərazilərə səfərləri tarixi hadisəyə çevrilir. "Bu, mənim Şuşaya bu il yeddinci səfərimdir" – deyən Cənab Prezident diqqətə çatdırıb ki, mən burada – Şuşada müxtəlif tədbirlərin açılışlarında iştirak etmişdim: "O tədbirlər ki, Şuşanın Azərbaycan xalqına, Azərbaycan mədəniyyətinə məxsus olmasını bir daha təsdiqləyir". Bu gün Şuşada artıq abadlıq-quruculuq işləri genişlənib. Artıq Şuşadan dünyaya bir sıra mesajlar verilib. Bu il may ayında Cıdır düzündə "Xarıbülbül" festivalı keçirildi və Azərbaycan muğamı dünyaya səs saldı. Uzun fasilədən sonra bu il ilk dəfə olaraq "Xarıbülbül" musiqi festivalı keçirildi. Bu festival şəhidlərimizin əziz xatirəsinə həsr olundu. "Qafqazın sənət məbədi", "Azərbaycan musiqisinin beşiyi" və "Şərqin konservatoriyası" adlandırılan Şuşadan xalq ruhunu əks etdirən musiqi sədaları eşidildi. "Şuşada "Xarıbülbül" festivalında Ulu Öndərin Şuşa haqqında tarixi sözlərinin bir hissəsi videoformatda təqdim edildi, deyən Cənab Prezident hər birimizin o anları xatırladığını bildirib: "Necə böyük inamla, necə böyük sevgi ilə Heydər Əliyev deyirdi ki, biz Şuşaya qayıdacağıq, inanın ki, qayıdacağıq. O, özü inanırdı, bizi də inandırırdı. Bizə də Onun inamı, xalqın iradəsi əlavə güc verdi və bu gün biz buradayıq, bu müqəddəs torpaqdayıq. Qeyd etdiyim kimi, bundan sonra bu torpaqlarda Azərbaycan xalqı əbədi yaşayacaq, bundan sonra Qarabağda Azərbaycan muğamı əbədi səslənəcəkdir".
"QARABAĞ BİZİMDİR! QARABAĞ AZƏRBAYCANDIR!"
Əlbəttə ki, Azərbaycan musiqisi Şuşanın dağlarından dünyaya yayılır. Bildiyimiz kimi, Şuşada Vaqif Poeziya Günləri keçirildi. Cıdır düzündə muğam, Vaqifin məqbərəsi önündə şeirlər ifa olundu. Əlbəttə ki, Şuşada reallaşan layihələr tezliklə dünyanı heyrətlərdirəcək. Azərbaycan Prezidenti İlham Əliyevin "Şuşa şəhərində istilik təchizatı sisteminin layihələndirilməsi, tikintisi və quraşdırılması ilə bağlı tədbirlər haqqında", "Şuşa şəhərində yeni ümumtəhsil məktəbinin tikintisi ilə bağlı tədbirlər haqqında", "Şuşa şəhərinin Azərbaycanın mədəniyyət paytaxtı elan edilməsi haqqında" sərəncamları artıq Şuşada yeni bir həyatın başlanması deməkdir. Dövlət başçısının Zəfər Günü ərəfəsində Şuşada Daşaltı məscidinin təməlini qoyması dünyaya növbəti mesaj oldu. Noyabrın 7-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Birinci Xanım Mehriban Əliyevanın Şuşa Radio-Televiziya Yayım Stansiyasının təməlini qoymaları daha bir layihənin reallaşacağını özündə ehtiva edir. Artıq bu gün ermənilərin yaratmaq istədikləri mif dağıdılıb. "Sizi əmin etmək istəyirəm ki, bundan sonra da eyni əzmkarlıqla, eyni qətiyyətlə ölkə maraqlarının keşiyində duracağam, sizin dəstəyinizlə biz yeni böyük uğurlara imza atacağıq. Qarabağ bizimdir! Qarabağ Azərbaycandır!"- deyə Azərbaycan Prezidenti bildirib.
Nəzakət ƏLƏDDİNQIZI