“31 Dekabr - Dünya Azərbaycanlılarının Həmrəyliyi günü”nü qeyd etməyimizə artıq bir həftədən də az müddət qalıb. Bununla, ikinci ildir ki, xalqımız bu dəyərli günü müzəffər xalq, qalib ölkənin ləyaqətli vətəndaşları kimi qeyd edir. İlin hesabatına baxdıqda görürük ki, əgər ötən il tariximizə şanlı qələbə ili kimi düşmüşdüsə, bu il artıq bu qələbənin daha da möhkəmləndiyi, diplomatik müstəvidə saysız-hesabsız uğurların əldə olunduğu, azad olunmuş torpaqlarda yenidənqurma və bərpa işlərinin geniş vüsət aldığı bir il olaraq həkk olunub. Əminik ki, 2020 və 2021-ci illərdə olduğu kimi 2022-ci il və bundan sonra qarşıdan gələn bütün illər ölkəmiz üçün uğurlarla, qürur dolu günlərlə səciyyəvi olacaqdır.
Tarixə nəzər saldıqda görürük ki, bu günün tarixi də respublikamızda əlamətdar olan bir çox günlər kimi Ümummilli Lider Heydər Əliyevin adı ilə bağlıdır. Məhz onun təşəbbüsü ilə 1991-ci il 16 dekabr tarixində Naxçıvan MR Ali Məclisində 31 dekabr tarixinin dünya azərbaycanlılarının həmrəylik günü kimi qeyd olunması ilə bağlı qərar qəbul edilmiş, daha sonra onun rəsmiləşdirilməsi haqqında Azərbaycan Respublikasının Ali Sovetinə qanunvericilik təşəbbüsü ilə müraciət göndərilmişdi. Beləliklə, 31 dekabr günü tariximizə “Dünya azərbaycanlılarının həmrəylik günü” kimi həkk olunmuşdur. 1991-ci ilin son günü – 31 dekabrda həmrəylik bayramı ilk dəfə Muxtar Respublikada qeyd edilmişdir. Dünya azərbaycanlılarının birlik və həmrəyliyi istiqamətində atılmış ilk addım olan bu bayram xalqımızın vahid ideologiya ətrafında birləşməsində mühüm rol oynayıb. Qeyd edək ki, bu bayram ayrı-ayrı ölkələrdə yaşayan azərbaycanlılarla əlaqələr qurmaq, onlar arasında birlik və həmrəylik yaratmaq işində mühüm rol oynamaqdadır. Müasir dünyada bunun nə dərəcədə vacib olduğu yəqin ki, hamıya bəllidir. Həmrəy olmaq, milli maraqları müdafiə etmək hər bir xalqın öz iradəsini dünyaya qəbul etdirməsi üçün fövqalədə əhəmiyyətlidir. Yalnız güclü birliyə malik xalqlar xarici siyasətdə mühüm uğurlar qazana, dünya miqyasında mənafelərini hər zaman layiqincə qoruya, ümummilli problemlərinin həllinə nail ola, öz dilini, mədəniyyətini, incəsənətini, tarixini lazımi səviyyədə təbliğ edə bilirlər. Beləliklə, haqq işimizin dünyaya çatdırılması, Azərbaycan həqiqətlərinin təbliğ olunması və xüsusilə erməni yalanlarının ifşası dövlət siyasətinin ən prioritet vəzifələrindən biri olmaqla yanaşı, həm də bütün azərbaycanlıların, o cümlədən dünyanın müxtəlif ölkələrində yaşayan, çalışan, təhsil alan azərbaycanlıların ən qabaqcıl vəzifələrindən biridir. Son illərdə soydaşlarımızın bu istiqamətdəki fəaliyyətləri bizə onu deməyə əsas verir ki, Azərbaycan bu mənada istədiyinə nail olub. Çünki, Vətəndən nə qədər uzaq olsa da lazım olduqda, ehtiyac yarandıqda hər bir vətəndaşımız, hər bir soydaşımız ortaq amal naminə birləşərək Vətənin müdafiəsinə qalxır, onun maraqlarını təmin etmək üçün heç bir təzyiqə, təhdidə boyun əymədən birləşərək canı bahasına milli maraqlarımıza xidmət edir. Yaxın tarixə diqqət edək. 12-17 iyul tarixlərində baş verən Tovuz döyüşləri və 44 gün davam edən Vətən müharibəsi günlərində biz daim böyük dövlətlərdə yaşayan azərbaycanlıların birləşərək aksiyalar keçirdiyinin, mitinqlər təşkil etdiyinin şahidi olurduq. Hətta bir çox dəfə bu aksiyalar ermənilər tərəfindən hücumlara məruz qalsa da, soydaşlarımıza xəsarətlər yetirilsə də onlar olduqları mövqeləri tərk etmir, ermənilərin hücumundan təsirlənərək geri çəkilmirdilər. Əlbəttə ki, bu da xalqımızda özünə əminliyi daha da artırır, böyük Zəfərin qaçılmazlığına olan inamı gücləndirirdi. Nəticədə dəmir yumruq kimi birləşən dünya azərbaycanlılarının fədakar xidmətləri Qələbəmizə öz töhfəsini bəxş edərək tariximizə həkk olundu. Bu gün əminliklə demək olar ki, xarici ölkələrdə məskunlaşıb yaşayan milyonlarla soydaşımızın Azərbaycançılıq məfkurəsi ətrafında sarsılmaz birliyi və Vətənə sədaqəti tarixin sınağından ləyaqətlə çıxmağı bacardı. Sonda bu birliyin daimi olacağına əminliyimi ifadə edərək və Ulu Öndər Heydər Əliyevin dünya azərbaycanlılarına müraciətini xatırladaraq yazını yekunlaşdırmaq istərdim: “Azərbaycanlılar! Harada olursan ol, hansı ölkədə yaşayırsan yaşa, ancaq Azərbaycan haqqında, Azərbaycanın müstəqilliyi, ərazi bütövlüyü haqqında, Azərbaycan xalqının bu günü və gələcəyi haqqında düşünməlisən!”.
Fazil Məhəmmədov
Pirallahı rayon Ağsaqqallar Şurasının üzvü