Prezident İlham Əliyev: “50 illiyimi Qarabağda – Ağcabədidə keçirdim, 60 illiyimi isə Qarabağda - bu dəfə Şuşada keçirirəm”
"Azərbaycan xalqı yaxşı bilir ki, mən ad günlərimi qeyd etmirəm. Adətən, ad günlərimə təsadüf edən günlərdə hansısa sosial obyektlərin açılışında iştirak edirdim, məcburi köçkünlərlə, şəhid ailələri ilə görüşürdüm".
Bu fikirləri Prezident İlham Əliyev dekabrın 24-də Şuşa şəhərinə səfəri zamanı deyib. Dövlət başçısı 50 illiyini də məcburi köçkünlərlə bərabər qeyd etdiyini bildirib: “Şəhid ailələri üçün inşa edilmiş yeni evlərin açılışlarında, yeni salınmış köçkün qəsəbələrində bu kateqoriyadan olan insanlarla görüşürdüm. 50 illiyimi də məcburi köçkünlərlə bərabər qeyd etmişdim. 50 illiyimi Qarabağda – Ağcabədidə keçirdim, 60 illiyimi isə Qarabağda - bu dəfə Şuşada keçirirəm. Bu iki tarix arasında bir canlı bağlantı var. Ölkə ərazisində və bölgədə gedən proseslərə biz sadəcə olaraq seyrçi deyildik. Biz bu prosesləri böyük dərəcədə idarə edirdik. Biz bölgə gündəliyini formalaşdırırdıq. İkinci Qarabağ müharibəsində əldə edilmiş Zəfərdən sonra bizim gücümüz, nüfuzumuz, təsir dairəmiz daha da genişləndi”.
Prezident İlham Əliyev ötən 18 il ərzində millətimiz üçün ən ağrılı bəla olan, dövlətimiz üçün kifayət qədər ciddi çağırış hesab edilən erməni işğalının aradan qaldırılması üçün yorulmadan çalışıb. Dövlət başçısı Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı prinsipial mövqeyini hər zaman belə ifadə edib: "Azərbaycan heç vaxt öz ərazi bütövlüyünün pozulması ilə barışmayacaq, torpaqlarında ikinci erməni dövlətinin yaranmasına yol verməyəcəkdir. Ölkəmizin ərazi bütövlüyü tam bərpa edilməli, azərbaycanlılar əzəli yurdlarına qayıtmalıdırlar. Qarabağ Azərbaycandır və nida”.
Nəticədə, Azərbaycan xalqı hal-hazırda tarixinin ən əlamətdar günlərini yaşayır. Prezident bu illər ərzində verdiyi sözə əməl etdi, O, Ermənistana və onun havadarlarına etdiyi xəbərdarlıqlarının boş söz olmadığını 44 günlük müharibə ərzində sübut etdi. Nəticədə, noyabrın 10-da Nikol Paşinyan 2016-cı ilin aprelindəki Serj Sarkisyanın hərəkətini təkrarlayaraq Azərbaycan dövləti, Azərbaycanın Ali Baş Komandanı, Azərbaycan xalqı qarşısında diz çökdü!
PREZİDENT İLHAM ƏLİYEV HƏR ADDIMI İLƏ VƏTƏNDAŞIN YANINDA OLDUĞUNU SÜBUT EDİR
Azərbaycan Prezidenti son 18 illik prezidentlik fəaliyyəti müddətində hər zaman xalq içərisində oldu, paytaxtda və regionlarda sadə vətəndaşlarla səmimi söhbətləşərək arzu və istəklərini dinlədi, dar gündə də, xoş gündə də onlarla birlikdə oldu, bütün müstəvilərdə xalqının mənafeyini ləyaqətlə müdafiə etdi. Qədirbilən Azərbaycan xalqı Prezidentin bu diqqət və qayğısını yüksək dəyərləndirərək hər zaman ona dəstək verdi, birlik nümayiş etdirdi. Prezident İlham Əliyevin “Biz birlikdə güclüyük” şüarı xalqımızın ruhuna hopdu, həmrəyliyimizi daha da möhkəmləndirdi, böyük uğurlarımıza və qələbələrimizə yol açdı. Xüsusilə də ad günlərində hansısa sosial obyektlərin açılışında, yaxud da məcburi köçkünlərlə, şəhid ailələri ilə görüşlər keçirməklə hər bir azərbaycanlının Prezidenti olmaqla xalqının yanında olduğunu sübut edir.
Prezident İlham Əliyevin 2011-ci il dekabrın 24-də 50 illik yubileyini məhz Ağcabədi rayonunun Taxtakörpü qəsəbəsində Laçından olan məcburi köçkünlərlə birlikdə keçirilən görüşdən 10 il keçdikdən sonra 2021-ci il dekabrın 24-də yenidən Laçına gəldi.
“...Mən həmişə deyirdim ki, gün gələcək, işğal altındakı torpaqlarımız azad ediləcək, biz bu torpaqlara qayıdacağıq və qayıtmışıq...”,-deyən Prezident İlham Əliyevin 2011-ci il 24 dekabrda verdiyi vədlər bu gün reallığa çevrilib. Artıq bu 10 müddətdə çox şey dəyişib. Azərbaycanın da, İlham Əliyevin də, hər zaman görüşdüyü məcburi köçkünlərin də statusu dəyişib. Bu gün ərazi bütövlüyümüzü bərpa edən qalib ölkənin Qalib Lideri İlham Əliyevdir və bu gün Laçın sakinləri isə məcburi köçkün deyillər.
Prezident İlham Əliyev Azərbaycanın ərazi bütövlüyünü qoruyacağına and içmişdi və 2003-cü ildə Prezident vəzifəsinə seçiləndə Konstitusiyamıza və müqəddəs Qurani-Kərimə əl basaraq and içmişdi ki, Azərbaycanın ərazi bütövlüyünü qoruyacaq. Bu gün isə, artıq Azərbaycan xalqı müqəddəs günlərin xoşbəxtliyini yaşayır, dədə-baba torpaqlarından məcburi köçkün düşmüş yüzminlərlə insan tezliklə Qarabağa, Şərqi Zəngəzura qayıdaraq, doğma yurdda xoşbəxt həyat sürəcəyinin sevinci içərisindədir... Artıq xalq Prezidenti İlham Əliyevin son 18 illik prezidentlik fəaliyyəti müddətində hər bir azərbaycanlının prezidenti olduğunu və verdiyi vədlərin gerçəkləşdiyini görür, inanır, güvənir. Və 24 dekabr 2021-ci ildə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 60 illik yubileyini qalib sərkərdə, müzəffər Ali Baş Komandan kimi doğum gününü Cıdır düzündə, Hadrutda qeyd etməklə düşmənə bir daha gözdağı verdi.Bəli, İlham Əliyev qətiyyəti, siyasi iradəsi, vətənpərvərliyi, cəmi il yarım əvvələ qədər möcüzə kimi görünən bütün bu məsələləri reallığa çevirdi, arzularımızı gerçəkləşdirdi. Və qətiyyətli, vədinə sadiq lider bir daha ona inanan, güvənən Azərbaycan xalqını əmin etdi ki, bundan sonra da eyni əzmkarlıqla, eyni qətiyyətlə ölkə maraqlarının keşiyində duracaq və heç vaxt indiki qədər güclü olmayan qüdrətli Azərbaycan daha böyük uğurlara, zəfərlərə imza atacaq.
Dövlət başçımızın dekabrın 24-də Şuşada, Cıdır düzündə çıxışı zamanı bildirib ki, mən deyirdim ki, gün gələcək Azərbaycan bayrağı işğal edilmiş torpaqlarda, o cümlədən Şuşada dalğalanacaq və bu müqəddəs günü biz şəhidlərimizin qanı-canı bahasına yaşadıq. Allah bütün şəhidlərimizə rəhmət eləsin: “Sizi əmin etmək istəyirəm ki, bundan sonra da eyni əzmkarlıqla, eyni qətiyyətlə ölkə maraqlarının keşiyində duracağam, sizin dəstəyinizlə biz yeni böyük uğurlara imza atacağıq. Qarabağ bizimdir! Qarabağ Azərbaycandır!”
RƏFİQƏ KAMALQIZI