Xəbər verdiyimiz kimi, dünən Sankt-Peterburqda MDB-nin qeyri-rəsmi sammiti keçirilib, Dövlət başçıları bu toplantıda Birlikdəki həmkarları ilə ilin yekunlarını müzakirə ediblər. Görüşü “Moskva-Baku” portalına şərh edən rusiyalı ekspertlər regionda yaranmış vəziyyətlə bağlı fikirlərini bildiriblər. Politoloq İqor Korotçenkonun şərhini oxucularımıza təqdim edirik.
- Zəngəzur nəqliyyat dəhlizinin açılması ilkin olaraq Rusiya, Azərbaycan və Ermənistan liderlərinin 9 noyabr 2020-ci il tarixli üçtərəfli bəyanatı ilə nəzərdə tutulub. Bundan əlavə, bəyanatda qeyd olunur ki, dəhlizdə erməni sərhədçiləri və gömrükçüləri olmamalıdır, sərhəd nəzarəti Rusiya FSB-nin sərhəd xidməti tərəfindən həyata keçirilməlidir. Putinin Soçidə “nəqliyyat dəhlizi” kombinasiyasından istifadə etməsi əbəs yerə deyil. Bu ifadə Ermənistana, Paşinyana ünvanlanıb. Rusiya lideri məhz Zəngəzur nəqliyyat dəhlizini nəzərdə tuturdu.
Xatırladığımız kimi, Əliyev, Paşinyan və Şarl Mişel arasında Brüsseldə keçirilən görüşdə Rusiyanın vasitəçiliyi ilə əvvəllər tərəflərin əldə etdiyi razılaşmalar bir daha təsdiqləndi. Amma Paşinyan hansısa yolla öz öhdəliklərindən əl çəkməyə çalışır, ona görə də Aİ ilə, fransızlarla, amerikalılarla əməkdaşlıq edir. Mən hələ də düşünürəm ki, həyat, Rusiya siyasətinin sərtləşməsi Ermənistanın baş nazirini ayıq realizm mövqeyi tutmağa məcbur edəcək, xüsusən indidən Moskva ilə İrəvan arasında Rusiya qazının respublikaya tədarükü ilə bağlı müqavilə eyni şərtlərlə uzadılıb, eyni qiymət 1000 kub üçün 165 dollar olaraq qalır. Bu, Rusiyadan Ermənistan üçün çox böyük iqtisadi bonusdur. Yeri gəlmişkən, rus vergi ödəyicilərinin hesabına. Buna cavab olaraq Paşinyan ən azı Kremldən gələn siqnallara qulaq asmalı, Putin və Əliyevlə əldə olunan razılaşmaları yerinə yetirməlidir. Və Putin, Əliyev və Paşinyanın növbəti üçtərəfli görüşü Ermənistan və Aİ-nin Rusiyaya qarşı oynamaq cəhdlərinə və onun vasitəçiliyinə zərbə vura bilər. Moskva istənilən halda belə cəhdlərin qarşısını almalıdır.
Tərcümə - Elçin