Diaspor.info-nun AZƏRTAC-a istinadən verdiyi məlumata görə, Yaponiyanın xarici işlər naziri ABŞ-ın dövlət katibi ilə Ukrayna ətrafında vəziyyəti müzakirə edib.
Yaponiyanın xarici işlər naziri Yoşimasa Hayaşi və ABŞ-ın dövlət katibi Entoni Blinken telefon danışığı zamanı Şimali Koreyanın raket sınaqları, Yaponiya-ABŞ ittifaqının möhkəmlənməsi, həmçinin Ukrayna ətrafında vəziyyəti müzakirə ediblər.
Bu barədə fevralın 2-də Yaponiya Xarici İşlər Nazirliyindən AZƏRTAC-ın Yaponiyadakı müxbir məntəqəsinə verilən məlumatda bildirilir. Qeyd edilir ki, telefon danışığı zamanı nazirlər Şimali Koreyanın nüvə və raket proqramlarından, həmçinin yanvarın 30-da keçirilən növbəti raket sınağından narahatlıqlarını ifadə edərək, belə hərəkətlərin regionda sülhə və sabitliyə ciddi təhdid olduğunu bildiriblər. Tərəflər BMT TŞ-nin müvafiq qətnamələrinə uyğun olaraq, Şimali Koreyanın nüvə silahının tam ləğvi məqsədilə Yaponiya və ABŞ, həmçinin Yaponiya, ABŞ və Cənubi Koreya arasında sıx əməkdaşlığın zəruriliyi barədə razılığa gəliblər.
Nazirlər, eyni zamanda regionda artan gərginliyi nəzərə alaraq Yaponiya-ABŞ ittifaqının çəkindirici və reaksiya imkanlarının gücləndirilməsinin vacibliyini vurğulayıblar.
Bundan əlavə, nazirlər Rusiyanın Ukrayna ilə sərhəddə hərbi potensialı artırmasından narahatlıqlarını ifadə edərək, Ukraynanın ərazi bütövlüyün və suverenliyini dəstəkləmək barədə razılığa gəliblər.