Təəssüf ki, beynəlxalq birlik erməni terroruna lazımi qiyməti verməyib. Bu sözləri Diaspor info-ya verdiyi açıqlamasında “Atlas” Araşdırma Mərkəzinin rəhbəri Elxan Şahinoğlu deyib.
Mərkəzin rəhbəri qeyd edib ki, keçmiş illərdə də bu erməni terroru özünü dırnaqarası göstərirdi.
“Birinci Qarabağ müharibəsində, soyqırımlarda erməni terrorçuları bilavasitə iştirak ediblər. İkinci Qarabağ müharibəsində də faktiki erməni terroru yenidən dövlət səviyyəsinə qaldırılaraq, bizim şəhərlərimiz bombardman edildi, mülki insanlar həlak oldu, şəhid oldu. Bütün bunlara yenə də beynəlxalq aləm tərəfindən reaksiya yoxdur. Bəzən biz ikili standartların yenə də qurbanı oluruq. Deməli, təbliğatımızı gücləndirməliyik ki, bir daha xatırladaq ki, bizim mülki şəhərlər bombardman edilib, halbuki biz, cənab Prezident İlham Əliyevin də qeyd etdiyi kimi, yalnız hərbi hədəfləri vururduq, bizim üçün mülki hədəflər önəmli deyildi. Çünki biz qarşımızda olan separatçılarla mübarizə aparırdıq, amma qarşı tərəf hara gəldi atırdı və qəsdən də mülki əhalimiz hədəfə alırdı.
Ermənistanda yenidən faşizmin təbliğatı başlayıb, filmlər çəkirlər, müxtəlif ölkələrdə yayımlamağa çalışırlar. Əlbəttə biz bu mübarizəmizi davam etdirməliyik və dünyaya da göstərməliyik ki, erməni faşizmi, erməni terroru ortadan qaldırılmayınca bölgədə vəziyyət gərgin olaraq qala bilər. Bu günlərdə başqa xəbər də gəldi ki, erməni terror təşkilatı ASALA yenidən xortlayıb”, deyə Elxan Şahinoğlu bildirib.
Müəllif: İnam Hacıyev
106