“Rusiyanın Ukrayna ərazilərinə bir neçə istiqamətdən hücum etməsi ilə başlayan hərbi təcavüz faktı təbii ki, getdikcə əməliyyatlar zonasını genişləndirilməsinə gətirib çıxara bilər. Nəzərə alsaq ki, Rusiya tərəfindən bu əməliyyatları 2014-cü ildə Krımda və ya Luqanskdə olduğu kimi ən qısa müddətdə Ukraynanın minimal müqaviməti ilə başa çatdırılacağı planlaşdırılmışdı”. Bunu “Səs” qəzetinə açıqlamasında hərbi ekspert Ədalət Verdiyev söyləyib.
Onun sözlərinə görə, bu dəfə Rusiya Baş Qərargah rəisi öz planlarında yanıldı: “Ukrayna xalqının bir orduya çevrilə biləcəyini nəzərə almadı. Nəticə etibarı ilə bu gün Rusiya həm hərbi baxımdan, həm də iqtisadi baxımdan çox böyük itkilərə məruz qalır. Lakin bu, o demək deyil ki, Rusiya ordusu hücumlarını dayandıracaq, yəni Ukraynaya hücumlar davam edir. Yeni ərazilərin işğal olunması və Rusiya qoşunlarının Avropa İttifaqının və ya NATO-nun sərhədlərinə yaxınlaşması Rusiyanın durdurulması üçün Qərb dövlətləri tərəfindən daha adekvat addımların atılmasını gözləməyə əsas verir. Digər tərəfdən isə Belarusun da öz ərazisindən və qoşunlarından Rusiyanı dəstəkləmək üçün icazə verməsi və bu qoşunların Kiyev istiqamətində hücumlara şərait yaratması, artıq iki KTMT üzvünün bir NATO müttəfiqinə qarşı əməliyyatları kimi dəyərləndirilir. NATO belə olan halda hansısa adekvat cavab reaksiyaları verə bilər. Hazırda Ukrayna sərhədlərinə NATO qoşunları daşınsa da, reallıqda onlar əməliyyatlarda iştirak etmirlər. Hərbi əməliyyatlara dolayı yolla silah sursat çatdırmaqla yalnız dəstək verirlər. İstənilən halda əməliyyatların coğrafiyasının genişlənəcəyi ehtimalı böyükdür. Rusiyanın nüvə silahlarının da xüsusi döyüş növbəçilik rejiminə keçirilməsinə dair göstərişi də bu faktın doğruluq payını daha da artırır”.
Müəllif: Gülyana