Ərdoğanın “Dünya beşdən artıq!” şüarı düyanın yeni reallıqlarını aktualllaşdırır
Ukraynada hərbi əməliyyatlar başladıqdan bir neçə gün sonra beynəlxalq mətbuatda və diplomatik dairələrdə Montrye Konsvensiyası ilə bağlı Türkiyənin hansı mövqe nümayiş etdirəcəyi ilə bağlı fəal müzakirələrə start verildi. Nəticədə qərar qəbul olundu...
Lakin maraqlıdır ki, qərar qəbul edildikdən sonra onunla bağlı həm Ukrayna, həm Rusiya, həm də ABŞ məmnun qaldılar. Görünən isə budur ki, mövcud vəziyyətdə Türkiyə effektli diplomatiya siyasəti nümayiş etdirir və bu siyasət əsasən Türkiyə prezidentinin istər hərbi, istərsə də iqtisadi cəhətdən möhkəm iradəsinə söykənir. Ən əsası isə bu, Türkiyə prezidenti Ərdoğanın xarici siyasət baxımından öz sözünün üzərində dayanması faktorudur. Yəni bu gün beynəlxalq siyasi arenada Ərdoğanın istənilən situasiyadan çıxışı üçün hansı bacardığının olduğunu və nə edəcəyini yaxşı bilirlər.
Rusiyanın Ukraynaya hərbi müdaxiləsinin ardınca beynəlxalq siyasi sistem mexanizmlərində yeni çağırışlar, trendlər yaranır
Bu gün Türkiyə Rusiyaya qarşı tətbiq edilən snaksiyalara qoşulmur, amma Ukraynaya hərbi yardımlarını göndərməkdədir. O cümlədən, danışıqlar üçün meydança da təklif edir. Bütün bu baş verənlər fonunda, daha dəqiq desək, Rusiyanın Ukraynaya hərbi müdaxiləsinin ardınca beynəlxalq siyasi sistem mexanizmlərində yeni çağırışlar, trendlər yaranır və bütün bunların fonunda Ərdoğanın “Dünya beşdən artıq!” şüarı daha da aktuallaşır. Belə ki, bu ədalətli çağırış BMT-nin Təhlükəsizlik Şurasındakı 5 daimi dövlətin hegemoniyasının müasir dünyamız üçün artıq qəbuledilməz olmasına aiddir.
Eyni zamanda, BMT TŞ-da daimi yer alan ölkələr arasında zaman-zaman yaranan, bəzən isə köklü şəkildə yaranan fikir ayrılıqları artıq qarşıdakı zamanda növbəti problemləri ortaya çıxara bilər:
Bu sistem uğursuz fəaliyyəti ilə daha çox yadda qalmağa başlayıb.
Regional liderlər BMT TŞ-nın qəbul etdiyi qərarlara əhəmiyyət verməyərək öz ambisiyalarını daha çox yürütməkdə israrlı olduqlarını nümayiş etdirirlər.
Məhz bu kimi artan müstəqil qərarlar və israrlar vasitə ilə bütövlükdə BMT-nin dünyanın qlobal məsələlərdəki əhəmiyyəti azalacaq, yaxud Təhlükəsizlik Şurasının qərarları əhəmiyyətli sayılmayacaq.
Ərdoğanın ədalətli şüarı və Əliyevin qətiyyətli bəyanatları!
Təbii ki, son dövrlərdə dünyanın siyasi arenasında öz əhəmiyyəti ilə seçilən Azərbaycanın da burada rolu böyükdür. Artıq Bakı yeni və çağdaş siyasət reallığında özünün müasir çağırışları və imkanları ilə çıxış edir.
Digər tərəfdən, bu gün Azərbaycanın Ermənistanla da həll edilməmiş məsələləri qalmaqdadır. Və söz yox ki, Azərbaycan məhz beynəlxalq hüquq normalarından çıxış etməklə ən sonuncu sözünü deyə bilər və görünür, bunun üçün şərait də yaranmağa başlayıb.
Belə olan halda, Ərdoğanın məşhur və ədalətli şüarı tam yerinə düşür və Bakının yerinə hər hansı ölkələrin qərar verməsi əhəmiyyəti itir. Bu xüsusda, 44 günlük müharibə zamanı Azərbaycan Prezidenti İlham Əliyevin qətiyyətli çıxışları, habelə bir sıra beynəlxalq struktur və təşkilatları, eləcə də ayrı-ayrı dövlətləri, əsasən də Ermənistanın işğalçılıq siyasətinə dəstək göstərən tərəfləri haqlı olaraq qınamasını da xatırlatmaq olar.
Ermənistanın qatarın sonuncu vaqonuna çatmasına hələ ki, vaxtı var...
Bu gün Ermənistan anlamalıdır ki, Rusiyaya qarşı tətbiq edilən sanksiyalar heç də BMT TŞ-nın rolu ilə deyil, ayrı-ayrı ölkələrin verdikləri müstəqil qərarlar hesabına reallaşdırılır. Həmçinin, verilən sanksiyalar həm də iqtisadiyyatının mühüm hissəsinin asılı olduğu Ermənistana da öz təsirlərini göstərəcək.
Ümumilikdə isə, 30 il BMT-nin çıxardığı 4 qətnaməsini icra etməyən Ermənistan anlamalıdır ki, Azərbaycanın özünümüdafiə instikti mövcud reallıqlar qarşısında dəyişilməyib, əksinə, daha da güclənib. Əgər Ermənistanda bunu nə qədər tez anlasalar, onda qatarın sonuncu vaqonuna bəlkə də (!) çata bilərlər.
Rövşən RƏSULOV