“Rusiya və Ukrayna münasibətləri getdikcə daha pik səviyyəyə yüksəlir. Xüsusilə bu proseslər fonunda Rusiyaya qarşı dünya dövlətləri tərəfindən törədilən iqtisadi sanksiyalar dünya birjalarında və Rusiya iqtisadiyyatına öz ciddi təsirlərini göstərməkdədir”. Bu sözləri Diaspor info-ya açıqlamasında beynəlxalq ekspert Anar Əliyev bildirib.
Onun sözlərinə görə, Rusiyanı iqtisadi cəhətdən çökdürmək məqsədi daşıyan bu sanksiyalar xüsusilə Avropa iqtisadiyyatına ciddi təsir göstərir: “Son günlər neft və neft məhsullarının kəskin şəkildə artması həmçinin bəzi Avropa dövlətlərinin qaz ehtiyatlarının 95% qədər tükənməsi bu fonda məişət qazının 2200 dollardan daha baha qiymətə satılması onu deməyə imkan verir ki, bu, Rusiya iqtisadiyyatını çökdürmək məqsədilə atılan addımlardır. Amerika və onun Qərb müttəfiqləri tərəfindən həyata keçirilən sanksiyalar bumeranq effekti göstərir. Ona görə də hesab edirəm ki, Rusiya dövləti bu sanksiyalar qarşısında bir neçə həftə ərzində dirəniş göstərə biləcəksə çox güman bir neçə gündən sonra Avropa dövlətləri Rusiyaya qarşı tətbiq edilən sanksiyaların aradan qaldırılması ilə bağlı tələblər irəli sürəcək. Amma təəssüf ki, Rusiyaya qarşı tətbiq edilən bu sanksiyalar həm region dövlətlər, həm də Azərbaycan üçün mənfi təsirlərini göstərməkdədir. Rusiyadan Azərbaycana göndərilən valyuta həcminə ciddi təsir göstərəcək. Bu proseslər eyni zamanda əmək miqrantlarının Rusiyadan Azərbyacana geri dönüşünə başlanğıc ola bilər. Hesab edirəm ki, Ukrayna və Rusiya arasındakı münasibətlər Qərbin və onun müttəfiqlərinin təhriki ilə daha da alovlana bilər. Ümid edirəm ki, Rusiya və Ukrayna arasındakı münasibətlər qısa müddət ərzində sülh yolu ilə həll olar. Fikrimcə, yaxın günlər ərzində biz münaqişənin həlli istiqamətində praktik real addımların atıldığının şahidi ola biləcəyik.
Müəllif: Banuçiçək Hüseynli
117