VƏTƏN MÜHARİBƏSİ ŞƏHİDİ ABAKAR HACIYEVİN ANASI:-OĞLUM GENERAL OLMAQ İSTƏYİRDİ.
Şəhid anası Pirdas Hacıyeva oğlu haqqında bizlərin bilmədiklərini danışıb:
Həyatda yaşamaq üçün insana ağil,vicdan və iradə lazimdı, deyərdim. Allah məni bu düşüncədə yaratdi. Şükürlər olsun ki, bu cəhətləri övladlarıma ötürə bildim. Dörd övladımız oldu. Fiziki və mənəvi cəhətdən sağlam olduqlarına görə özümü xoşbəxt sayıram. Övladlarımı mehriban rəftarla, sərbəst böyütdüm. İndi onlardan bunun qarşılığını alıram. Həyatda xəyallarla yox, real həyatı düşünərək, yaşamışam. Abakar ilk övladım idi. Hələ kiçik yaşlarından onun üzündə ciddi görkəmli bir duruş var idi. Onu gorənlər mənə həmişə, deyərdilər, görəsən bu böyüyəndə kim olacaq?
Məktəbdə çox yaxşı oxuyurdu, əzbərçi deyildi. Müəllimlərin dərsdə izah etdiyi hər hansı bir mövzunu, dərs bitənə kimi, həmin dərsi qavrayırdı. Biz onu hər hansı bir istiqamətə, sahəyə yönəltmək istəyəndə (təhsilə görə) o hələki seçim etmədiyini deyərdi. Orta məktəbi bitirməyə az qalmış, mən hərbiçi olacağam dedi. Bu onun son və qəti qərarı idi.
2000-ci ildə oğlum Ali hərbi dənizçilik məktəbini bitirdi. Bu münasibətlə biz Bakıda 25 nəfərlik qonaqlıq da, təşkil etmişdik. Abakarın atası oğlunun məzun olmasına çox sevinirdi. Məclisdə Abakarın kurs yoldaşları ondan ürək dolusu danışırdılar. Buraxılış çox təntənəli şəkildə olmuşdu.Türk hərbiçiləri və yüksək rütbəli zabitləri də, iştirak edirdi.
Hər açılan səhərin bir qaranlıq gecəsi var deyiblər. Həmin gün Abakar, mən və həyat yoldaşim, o vaxtlar aztv kanalında yayınlanan "Əsgər anasi" televiziya proqramına musahibə də, vermişdik. Biz o proqrama ətraflı baxa da, bilmədik.
(Əgər o verilis arxivdə qalıbsa onu götürüb bir xatirə kimi saxlamaq istərdik. )
Bu mənim üçün açılan yeni bir səhər idi. Oğlum işə başlayan gündən biz onu dövlət işçisi, hərbiçi olduğuna görə tez-tez hər hansi bir işə görə narahat etmirdik. Artiq 2004-cü ildə həyat yoldaşım dünyasını dəyişdi. Mənim çətin günlərimdə arxamda ikinci oğlum Vüqar, çox qeyrətlə dayandı. Məni sınmaga qoymadı, bunu heç vaxt unuda bilmərəm. 20 yaşında olan oğlum ağsaqqal yerini tutmaq məcburiyyətində idi.
Abakar 24 il ərzində bir çox bölgələrdə , Sumqayıt, Fizuli, Cəliləbad, Beyləqan, Bərdə, Goranboy, Qusar rayonlarında xidmət edib. Oğlum harda xidmət edibsə orada olmuşam. Təkcə Qusarda ola bilmədim, çünki karantin dövrü idi.
O harada işləsədə eyni qayda ilə, çox dürüst, səbrlə, təmkinlə işləyirdi. Çox vicdanlı idi. 24 il əsgərlərə təlim tərbiyə dərsi keçmək elə də, asan məsələ deyil. O dəfələrlə nizam -intizama tabe olmayan, həbs edilmək üçün qərar çıxarılan ərəfədə əsgərlərin ailəsinə gedib onlarla izahat işləri apararaq, övladlarıyla tənbehedici söhbətlər aparıb, işin sonunu müsbət yola çevirə bilib. Oğlum Abakar ata-anaya, qardaş-bacıya cox can yandıran idi. Atasının dəfn günü Füzulidən hərbçi yoldaşları ilə gəlmişdi.
Abakar hərbiçi olsada qəlbi çox kövrək idi. Dostluqda çox sədaqətli idi. Məzuniyyət vaxti dostlarını unutmazdı.
2007-ci ildə ailə qurub. Həyat yoldaşi Arzu xanıma diqqətli ,övladlarına qarşı çox mehriban idi, oğlu Hacını tez-tez iş yerinə aparırdı.
Qızı Elviranı çox əzizləyərdi, onun istəklərini yerinə yetirərdi. Balaca Eldar atası işdən gələndə hamıdan tez qaçar, qapını açardı . Hələ indi də, Eldar hərbi formada bizə kimsə gələndə çox ciddi şəkildə dayanib, mənim atamı hara aparmısız deyib, hamını ağladır.
Abakardan söhbət düşəndə həmişə onu bir oğul kimi yox, kamil bir insan kimi təqdim etmişəm.
63 yaşındayam yetərincə insanlarla ünsiyyətdə olmuşam amma Abakar kimi hər şeyi düşünərək, davranan görmədim. Bütün analar kimi övladlarım mənim yaralı yerimdi. Abakar 41 il ömür yaşadı. Həmişə onun həsrətini çəkdim. Bizdən uzaqlarda oldu. Hər danışdığımızda ona oğlum səninlə fəxr edirəm deyirdim. Deyirdi ki, “ana deyəsən biraz çox oldu axı.”
Heç ağlıma gəlməzdi ki, bu söz nə vaxtsa mənə təsəlli ola bilər.
“Sağlıgında dəyər verin insanlara, Yaxşılara yaxşi deyin, Yaman deyin yamanlara.”
Allah mənə heç kime vermədiyi bir xarakterdə oğul vermişdi.
Mən elə sağlığında ona dəyər verdim. Onu itirəcəyimi isə heç ağlıma belə gətirməzdim. Müharibədə olanda ona zəng edib sən gələndə mövlüd oxutduracam demişdim. O, da, mənə "ana inşəAllah” demişdi.
Ana üçün övlad itkisindən ağır dərd ,acı yoxdur. Bu itkini, acını mənə ancaq hamının qorxdugu ölüm unutdura bilər. Bu təkcə mənim itkim deyil. Dövlətimiz çox savadlı, qorxmaz, təcrübəli, vətəni sevən, onu göz bəbəyi kimi qoruyan, vətənpərvər, dürüst, siyasi işlər aparan, çox lazımlı bir zabitini itirdi.
Oğlum 24 il vətənə xidmət elədi. Onun gördüyü işlər və əsasən cəbhə bölgələrində xidmət etdiyini nəzərə alsaq indi ona gərək polkovnik rütbəsi veriləydi. Əlbətdə yaşasaydı General da, ola bilərdi. Hesab edirəm ki, o bilik sahibinə o qədər də, çətin olmazdı. O bütün çətinliklərə dözmüşdü. Addım-addım öz halal zəhməti ilə yükşəlmişdi. Arzusu general olmaq idi. Bunu mənə demişdi. Onun xidmət dövrləri, təqaüd yaşına çatması, üç uşaq atası olması, tərbiyəvi işlər idarəsinin rəhbəri olsa da, əsgərlərlə çiyin-çiyinə döyüşərək, neytral zonada şəhid olaraq, iki gün orda qalması mənidaha çox sarsıtdı. Başdaşını da, mən özüm düzəltdirdim. Mən heç kime və heç nəyə əvvəlki gözlə, zövqlə baxmıram. Oğlumun gedişi hamını ağlatdı. Mənə təsəlli verməyə gələnlərə bəzən mən özüm təsəlli verməli olurdum.Ölümündən sonra özümü ələ almaq üçün mənə "Quranın tərcüməsi" və "Səhih müslim " kitabi kömək oldu. Şəhid olandan sonra ən çox eşitdiyim söz" Ana sən necə oğul dünyaya gətirmisən?" Allah mənə və mənim kimi övlad acısını görənlərə səbr və dözüm versin. Oğlumun yeri cənnət olsun.
Şəhid Hacıyev Abakarın anası
Hacıyeva Pirdas.