Rusiyaya qarşı sanksiyalar Ermənistan cəmiyyətinin yuxusunu ərşə çəkib. Xüsusilə də gah Rusiyanın, gah Qərbin tərəfinə keçən ermənilər çaş-baş vəziyyətdədirlər. İndi erməniləri daha çox narahat edən, ələlxüsus Azərbaycanın mövqelərinin daha da möhkəmlənməsi, nüfuzunun artması, bütün dünyada söz sahibinə çevrilməsidir və onlar qorxurar ki, Azərbaycanın yaratdığı reallıq qarşısında, siyasi üstünlüklər önündə aciz olaraq davam gətirə bilməyəcəklər.
Rusiyanın Ukraynaya qarşı müharibəsinin Ermənistana heç bir şəkildə təsir etməyəcəyinə hələ də inanan ermənilərin hamısına xatırlatmaq yerinə düşərdi ki, Ermənistanın ÜDM-də transfertlərinin payı 15%-dən 7-8%-ə qədər azalıb. Bu əlbəttə ki, əbəs yerə deyil və ağlı başında olan hərhansı bir erməni bunun səbəbini yaxşı başa düşməlidir. Xüsusilə qeyd etmək yerinə düşərdi ki, Rusiyadan köçürmələrin payı 80%-dən 40%-ə qədər azalıb və bu da transfertlərin gözlənilən azalmasının iqtisadi effektini 20% səviyyəsində azaldır.
Diqqətə çatdıraq ki, Ermənistan Mərkəzi Bankının Pul Siyasəti Departamentinin rəhbəri Hayk Avetisyan jurnalistlərlə görüşündə belə qorxulu mənzərəni yerindəcə təsvir edib və vəziyyətin gərgin olduğunu etiraf edib. Bəli, o danışdığını bilir və hələ bildiklərinin çoxunu da demir. Çünki dediklərinin nə ilə nəticələnəcəyini anlayır. Bilir ki, vəziyyət Ermənistan üçün qorxunc haldan da daha dəhşətli, daha pis olacaq. Bu, sadəcə bir proqnoz sayıla bilməz və diqqətə çatdırmağı lazım bilirik ki, bu, hazırlaşılmalı olan bir reallıqdır, hansıki, Ermənistan üçün bu reallıqdan qaçış yoxdur.
Məsələ son dərəcə ciddidir və vəziyyətin Ermənistan üçün son dərəcə daha kritik olacağı gözlənilir. Gözləntilərin nədən ibarət olduğu tam şəkildə aydındır və bunun başqa bir sübutu da bundan ibarətdir ki, əgər Rusiya tərəfindən defolt baş verdiyi təqdirdə, təkcə dövlətin deyil, Rusiya şirkətlərinin də öhdəlikləri təhlükə altında olacaq. Söhbət nəzərəçarpacaq dərəcədə böyük məbləğdən gedir və bu məbləğ 150 milyard dollardır. Nəzərə almaq lazımdır ki, bu, 2001-ci ildəkindən, yəni Argentinadan sonra dünyada ən böyük defolt sayıla bilər. Bu barədə dünyaca məşhur “Bloomberg” də yazır. Ən dəhşətlisi isə odur ki, vəziyyət günlər ərzində deyil, saatlar ərzində getdikcə daha da pisləşir və bu bir reallıqdır.
“Bloomberg”-in yayımladığına görə, hadisələrin inkişafı üçün üç variant var. Əgər Rusiya hələ də dollarla ödəniş etsə, defolt təxirə salınacaq, sonrakı ödənişlər aprelin 4-də rublda olarsa, bu, defoltdur, lakin "yumşaq" defoltdur. Çünki bəzi Rusiya istiqrazları fors-major vəziyyətində belə bir imkanı nəzərdə tuturdu. Əgər heç ödənməzsə, bu, ölkəni kapital bazarlarından kəsən “ağır” defolt ola bilər. Bütün bunları dünyaca məşhur nəşr açıq-aşkar qeyd edir və göründüyü kimi, kritik məqam barədə xəbərdarlıq edilir.
Qeyd olunduğu kimi, Rusiyanın istiqrazlarda xarici borcu 39,9 milyard dollar təşkil edir. Sonrakı ən mühüm borc Qazproma aiddir və bu rəqəm 25 milyard dollardan çoxdur. Novbəti sırada isə Rusiya Dəmir Yolları, Moskva Kredit Bankı, VEB, Norilsk Nikel, Sibur, Sberbank, LUKOYL-un xarici valyuta borclarıdır. Ümumiyyətlə, hətta bu belə, Rusiya iqtisadiyyatı üçün faciənin miqyasını anlamaq üçün kifayət edir. Deməli, bu faciənin Ermənistan üçün də qaçılmaz olduğu danılmazdır. Çünki, arada çox bağlıyıq var. Bu isə ondan xəbər verir ki, hadisələrin gedişi heç də mənfi mənada təsirsiz ötüşməyəcək, əksinə daha acınacaqlı nəticələrə gətirib çıxaracaq.
Ermənistan üçün yaranan, gözlənilən bütün bu acınacaqlı vəziyyətin günahkarı kimdir? Ermənistan iqtisadiyyatının bu cür total asılılığından və zəifliyindən qaçmaq mümkün olubmu? Suallar yenə də var və bitib-tükənən deyil. Əslində hansınasa indi cavab axtarmağın mənası belə qalmır. Çünki artıq elə bir vaxt gəlib çatıb ki, daha heç nə Ermənistandan, ermənilərdən asılı deyil. Bu işğalçı ölkənin bu zamana qədər yürütdüyü yanlış siyasət vəziyyəti bu hala gətirib çıxarıb. İndi Ermənistan bir növ, sanki elə bir uçqun altındadır ki, bunu ermənilər təsəvvür belə edə bilmirlər. Əgər təsəvvür etmiş olsalar başlarının çarələrinə baxarlar, ağıllarına gələni danışmaq, mənasız və əsassız iddialarla çıxış etmək, düşüncəsiz, məntiqsiz hərəkətləri etmək yadlarına belə düşməz.
Ermənistan üçün ən təhlükəlisi isə odur ki, bu dəfə ermənilər Qərbi hansısa yolla aldatmağa, axmaq yerinə qoymağa çalışsalar, onun daha böyük təzyiqi ilə üzləşə bilərlər. Ruslar indi sanksiyalardan yan keçməyin yollarını fəal şəkildə axtarırlar. Bu belə də olmalıdır və gözlənilən idi. Onlar bunu hər yerdə, hər istiqamətdə axtarırlar. Görəsən, ermənilər bundan bir nəticə çıxara bilirlərmi? Başa düşürlərmi ki, Rusiya kimi bir dövlət əgər çıxış yolu axtarışındadırsa, deməli Ermənistan bunu çoxdan etməli idi, amma deyəsən qorxularının səbəbini tam anlaya bilməyiblər.
Tutaq ki, Rusiya hərhansı sanksiya qarşısında öz nefti və qazından Qərbi məhrum etməyi düşünür. Bunun nə dərəcədə effektiv olacağı müzakirə mövzusu deyil, sadəcə Ermənistanın bircə dənə şansı belə yoxdur axı. İşğalçılıq siyasəti yürüdən, işğalçılıqdan başqa heç bir işlə məşğul olmayan dövlətin nəyi var, nə idxal edir ki, buna ümidini də bağlasın? Yaxud, deyək ki, Avropa, Qərb Azərbaycan barədə müsbət fikirlərə düşməkdə haqlıdır, çünki belə bir şəraiti Azərbaycan özü yaradıb. Bölgədə yeni reallıqlar yaradan Azərbaycan sülhün, təhlükəsizliyin təmin olunmasına nail olub. Bununla yanaşı Azərbaycan eyni zamanda qlobal iqtisadi layihələrə imza atıb və Avropa, Qərb bunun nə demək olduğunu yaxşı bilir. Bir sözlə, Azərbaycanaqarşı hərhansı aqressiya qəti şəkildə gözlənilən deyil. Bunun heç əsası da yoxdur və Azərbaycan balanslaşdırılmış siyasəti sayəsində haqqında qeyd olunan vəziyyətlə qəti üzləşə belə bilməz. Bəs görəsən Ermənistan barədə bunu demək olarmı? Əlbəttə ki, olmaz. Çünki Ermənistanın bu zamana qədər nə mövqeyi bəlli olub, nə də Qərbin bu işğalçı ölkə barəsində gözləntiləri də qəti şəkildə yoxdur. Əksinə, ermənilərə güvənilmədiyi bəlli məsələdir. Deməli, məhz bu baxımdan real gözləntilərdən çıxış yolu yoxdur və buna ümid edən kəslərin olacağı da şübhə doğurur. Hətta ermənilər ondan da qorxurlar ki, Rusiya Ukraynada həyata keçirdiyi əməliyyat kimi eyni şəkildə cəza əməliyyatını ermənilərin məskunlaşdığı ərazilərdə də keçirmək istəyə bilər. Bunun üçün Qərbin razılığını almaq da lazım olmaz. Ona görə də, görünən mənzərə Ermənistan üçün dəhşətli qorxularla dolu zamanın gəldiyini təsdiqləyir. Bəli, Ermənistan üçün qorxunc haldan da pis vəziyyət gözlənilir.
Müəllif: İnam Hacıyev