Novruz bayramı xalqımızın çox qədimə gedib çıxan tarixindən xəbər verir. Bayramın rəngarəngliyi və gözəlliyi xalqımızın dini etiqadından və Allahla olan yaxınlığından irəli gəlir. Novruz bayramı Azərbaycan xalqının mənəviyyatını və onun uzaq keçmişdən varlığını əks etdirir. Deyərdim ki, bu bayram xalqımızın mədəniyyətini, milli dəyərlərini, adət-ənənəsini özündə əks etdirir və bütün dünyaya tanıtdıran qədim el bayramıdır.
Ulu Öndər ölkəmizdə rəhbərliyə gəldiyi ilk vaxtlarda sovet hakimiyyətinin qadağa və təziqlərinə baxmayaraq, xalqımızın milli ruhunun oyanışına təkan verən amillərə xüsusi hörmətlə yanaşırdı. Novruz bayramının qədim köklərə aid olduğunu, xalqımızın qəlbində əbədi yaşayacağını daima vurğulayan Ümummilli Lider bu bayramı o vaxtkı sovet rəhbərliyinin sərt rejimi, qadağaları dövründə bütün ölkəmiz miqyasında yüksək səviyyədə təşkil olunmasına və böyük sevgiylə keçirilməsinə nail olurdu. Qürurla qeyd edirəm ki, məhz Ulu Öndərin sayəsində Respublikamız müstəqilliyini bərpa edəndən sonra xalqımız öz adətlərin, milli dəyərlərin, insana, təbiətə sevginin nümunəsi olan Novruz bayramını daha böyük izdihamla qeyd etməyə başlamışdır. Beləliklədə Novruz bayramı bütün bu təzyiqlərdən, qadağalardan və çətinliklərdən keçərək öz haqqına qovuşmuşdur. Bu bayrama ümumxalq ahəngini verən dahi siyasətçi, xalqının xilaskarı, dövlətinin memarı Ümummilli Lider Heydər Əliyev bayramlarda xalqla bir yerdə olur, görüşər və insanları səmimiyyətlə təbrik edirdi. O, xalqımıza qayğıkeş ata kimi milli birlik və həmrəylik tövsiyə edirdi. Novruz bayramını xalqımızın tarixi bayramı kimi vurğulayan Ümummilli Lider bu hərəkəti ilə də Azərbaycan xalqının qədim adət-ənənələrinə son dərəcə bağlılığını göstərirdi.
Xüsusilə qeyd edirəm ki, hər bir xalqın milli və mənəvi dəyərlərinin qorunmasında, onun inkişafında tarixi şəxsiyyətlərin də üzərinə böyük məsuliyyət və vəzifələr düşür. Ulu Öndərin tariximiz qarşısındakı misilsiz xidmətləri sırasında Novruz bayramının yenidən xalqımıza qaytarılması və onun hər il mart ayında təntənə ilə qeyd olunması kimi milli məsələ də var idi. Çünki məhz ümummilli liderimiz Heydər Əliyevin sayəsində ümumi mədəni hərəkatın tərkib hissəsi kimi milli bayramımız olan Novruz ötən əsrin 70–80-ci illərində əvvəlki dövrlərlə müqayisədə kütləvi şəkildə qeyd olunmağa başladı. Ulu Öndər Heydər Əliyevin müstəqil Azərbaycana rəhbərliyi dövründə isə Novruz təntənələri xalqımızın həyatına birdəfəlik daxil oldu.
Bu gün ulu öndər Heydər Əliyev siyasi kursunun layiqli davamçısı, qədirbilən xalqımızın qətiyyətli Ali Baş Komandanı, Prezident İlham Əliyev də mədəni-mənəvi irsimizə xüsusi diqqətlə yanaşaraq, Novruz bayramını yüksək səviyyədə hər il keçirilməsini təmin edir. Bu, dünənimizi bu günümüzlə bağlamaq, onu qoruyaraq gələcəyə aparmaq deməkdir. Novruz bayramını milli mənəvi dəyərlərimizin təcəssümü adlandıran Prezident İlham Əliyevin hər il bayram şənliklərinə Birinci vitse-prezident Mehriban xanımla bir yerdə qatılması, əhali ilə sıx təması, Bakının qədim meydanındakı tonqalı alovlandırması bayram əhvalını daha da artırmaqla yanaşı, xalqla hakimiyyət arasında sıx vəhdəti, birliyi göstərir. Novruz bayramı gələcəyə inam hissi aşılayır, könülləri oyadır, insanları daha xeyirxah, mərhəmətli və mehriban olmağa çağırır - deyən Prezident İlham Əliyev onun insanlarda qurub-yaratmaq əzmi aşılayan bayram olduğunu da xüsusi qeyd etmişdir. Fəxrlə qeyd edirəm ki, Birinci vitse-prezident Mehriban xanımın səyləri nəticəsində xalqımızın bu əziz el bayramı da artıq UNESCO-nun qeyri-maddi mədəni irs siyahısına daxil edilmişdir. Xüsusi vurğulayıram ki, 2010-cu il fevral ayının 23-də BMT Baş Məclisi 21 mart tarixini Beynəlxalq Novruz günü elan etmişdir. Bu layihə Azərbaycan dövlətinin təşəbbüsü ilə həyata keçirilmişdir. Diqqətinizi bu gün bölgəmizdə baş verən hadisələrə çəkmək istəyirəm.
Hazırda müasir və müstəqil Azərbaycan Novruz bayramını yeni siması ilə qarşılayır. Torpaqlarımızın azad olunmasını 30 ildən artıq dövr ərzində gözləyən xalqımız nəhayət qətiyyətli Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi, şücaətli ordumuzun gücü ilə buna nail oldu. İşğaldan azad edilmiş cənnət diyarımız olan Qarabağ və Şərqi Zəngəzurun abadlaşması istiqamətində görülən irimiqyaslı işlər təbiətin yeniləşməsi ilə üst-üstə düşür. Bu bölgəmizdə hər tərəfində gedən yenidən quruculuq və abadlıq işləri bütöv Azərbaycanın əsl yüksəliş, inkişaf yolunda olduğunu bir daha göstərir. Dövlətimizin sosial və iqtisadi siyasətinin insanların həyat səviyyəsinin yaxşılaşmasına yönəlməsi isə sabaha inamı artırır. Mən qürurla deyərdim ki, Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə nəinki regionun, həmdə dünyanın ən güclü dövlətlərindən birinə çevriləcəkdir.
Xalqımızın mənəvi dünyasını, milliliyini, qədim görüşlərini, varlığını Novruz bayramı qədər bütün zənginliyi ilə özündə ifadə edən ikinci bir bayram təsəvvür etmirəm.
Bu bayram bütün Türk dünyasına xas olsa da, ölkəmizdə daha möhtəşəm qeyd olunur. Xalqımızın böyüklüyü ondadır ki, heç bir qadağa ona bu Novruz bayramını unutdura bilmədi. O, ən çətin zamanlarda belə öz keçmişinin, milli varlığının göstəricisi olan bayramını qoruyub yaşatmış, milli adət-ənənələrini unutmamışdır və ən əsası isə onları bu günümüzə gətirib çatdırmışdır.
Novruz bayramı həmçinin də xalqımızın milli həmrəyliyinin rəmzidir. Odur ki, Xalqımız və Dövlətimiz var olduqca Novruz bayramının adət-ənənələri, onun yaratdığı mədəni sərvətlər də bizimlə yaşayacaqdır.
Lakin əldə etdiyimiz bu nailiyyətlər bizi sevindirdiyi kimi, yaralarımız da bizi incidir. Dünya hərb tarixində alternativi olmayan Vətən müharibəmizdə torpaqlarımızın işğaldan azad olunması uğrunda şəhidlərimiz və qazilər oldu. Onların əbədi xatirəsiqəlbimizdə daima yaşayacaqdır. Onlar bizim unudulmayan Qəhramanlarımızdır. Allah bütün şəhidlərimizə rəhmət eləsin.
Nəhayət, odur ki, xalqımız durduqca Novruz adət-ənənələri, onun yaratdığı mədəni sərvətlər də bizimlə olacaq.
Vüqar Məmmədov
YAP Saatlı rayon təşkilatı 15 saylı ərazi ilk partiya təşkilatının sədri