"Fransa prezidenti Emmanuel Makronun Avropada böyük müharibəyə hazırlaşmaqla bağlı çağırışları Rusiya və Ukrayna ətrafında yaranan hərbi gərginliyi bir qədər də artırır". Bu fikirləri Diaspor info-ya açıqlamasında Trend BİA-nın Baş direktor müavini, siyasi ekspert Sahil Kərimli bildirib.
Onun sözlərinə görə, tərəflərin danışıqlar masasında heç bir nəticə əldə etməməsi, hərbi qarşıdurmanın günbəgün qızışması vəziyyəti daha pik həddə çatdırır: "Görünür, qərb ölkələri proseslərin daha təhlükəli məcraya yönəlməsində maraqlıdır. Çünki, bir daha açıq-aydın görünür ki, bu müharibədə Ukrayna belə demək mümkünsə, qurbandır. Müharibə Rusiya və qərb arasında gedir. Bu isə əlbəttə ki, dəhşətli sonluqla nəticələnə bilər. Əgər həqiqətən də Avropa ölkələri müharibəyə qoşularsa, dünya müharibəsi başlayacaq və bu bəşəriyyətin sonu ola bilər. Təəssüf ki, hazırda proseslərlə bağlı nikbin proqnozlar söyləmək mümkün deyil. Görünən odur ki, istər Rusiya, istər Ukrayna, istərsə də NATO ölkələrinin geri çəkilmək niyyətləri yoxdur. Tərəflər sülhün təmin olunmasında maraqlı görünmür. Böhranın nizamlanmasına çalışan azsaylı ölkələrdən biri Türkiyədir. Son günlər qardaş ölkə bu istiqamətdə çox böyük çabalar sərf edir. Azərbaycanın da sülhsevər mövqeyi ortadadır.
Türkiyə və Azərbaycan birmənalı olaraq tərəfləri sülhə çağırır və danışıqlara vasitəçilik etməyə çalışır. Hazırda dünyada baş verən olduqca təhlükəli proseslər fonunda kimin sülhün, kimin qarşıdurma istədiyi çox aydın şəkildə görünür. Türkiyə və Azərbaycan bu bu baxımdan dünyaya bir nümunədir. Türkiyə Prezidenti Ərdoğan və Azərbaycan Prezidenti İlham Əliyev münaqişə tərəflərini dəfələrlə sülhə dəvət ediblər. Bu çağırışlar həqiqətən də səmimidir və iki qardaş ölkənin humanist mahiyyətini göstərir. Amma, çox təəssüf ki, dünyanın taleyi həll olunduğu belə bir həssas məqamda münaqişə tərəfləri müharibəni daha da alovlandırmağa cəhd edir. Bu isə böyük təəssüf doğurur".
Müəllif: Abutel İlhamqızı
123