"Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin müəyyən etdiyi xarici siyasət kursunun prioritet istiqaməti ikitərəfli münasibətlər formatındadır. Bu formatda qonşularla münasibətlər öncül mövqeyə malikdir. Məsələyə bu kontekstdə yanaşdıqda Azərbaycan-İran münasibətlərinin yüksək səviyyədə olmasının dövlətimizin xarici siyasətinin fəlsəfəsindən irəli gəldiyini görə bilərik”. Bu sözləri Diaspor info-ya açıqlamasında deputat Elman Nəsirov deyib.
Onun sözlərinə görə, ayrı-ayrı hallarda münasibətlərdə anlaşılmazlıqlar ortaya çıxsa da, sonda yenə də praqmatik düşüncə qalib gəlir: “İran tərəfi də hər zaman Azərbaycanın münasibətlərə sadiq qalacağına əmin olub. Martın 11-də Azərbaycan və İran arasında qarşılıqlı razılaşma əldə olunub. Bu razılaşmaya əsasən Şərqi Zəngəzurdan İran ərazisinə keçməklə Naxçıvan ilə dəhliz və nəqliyyat kommunikasiya xətləri yaradılacaq. Bütün bunlar iki dövlətin münasibətlərinin yüksək səviyyəsinin bu gerçəkliyi şərtləndirdiyini göstərir”.
Deputat sözlərinə belə davam edib: “Eyni zamanda, İran və Azərbaycan arasındakı bu razılaşma Ermənistanda böyük narahatlıq doğurub. Ermənilər bir ildən çoxdur ki, Zəngəzur dəhlizinin açılmasına mane olmağa çalışaraq bu faktordan bir siyasi alət kimi Azərbaycana qarşı istifadə ediblər. Bakı və Tehran arasında anlaşma Ermənistanı bu imkandan da məhrum etdi. Bunun nəticəsində ermənilər İrandan narazılıq edir. Bundan sonra Ermənistan siyasi rəhbərliyinin praqtiki əhəmiyyətli əməkdaşlıq ilə bağlı addımlar atmaqdan başqa çarəsi yoxdur".
Ayşən Vəli
124