Əlcəzairin “Əl Hərir” portalının “Azərbaycan turizmi” rubrikasında qədim Şuşa şəhəri barədə məqalə yayımlanıb.
Diaspor info -nun məlumatına görə, yayımlanan materialda Prezident İlham Əliyevin ötən il mayın 7-də Şuşa şəhərinin Azərbaycanın Mədəniyyət Paytaxtı elan edilməsi haqqında Sərəncam imzaladığı diqqətə çatdırılıb. Portalın təqdim etdiyi yazıda qeyd olunub ki, Sərəncamda Şuşa şəhərinin tarixən Azərbaycanın tarixi-mədəni, ictimai-siyasi həyatının mühüm mərkəzlərindən biri olduğu, 1977-ci ildə xalqımızın ümummilli lideri Heydər Əliyevin təşəbbüsü ilə “Şuşa şəhərinin tarixi hissəsini tarix-memarlıq qoruğu elan etmək haqqında” qərar qəbul edildiyi vurğulanıb.
Ərəbdilli oxucuların diqqətinə çatdırılıb ki, Qafqazın Konservatoriyası adlanan Şuşa Azərbaycan və Şərq mədəniyyətinə görkəmli bəstəkar və müğənnilər bəxş edib. Bu şəhərdə ilk kitabxana 1897-ci ildə istifadəyə verilib, lakin 200 mindən artıq kitab fonduna malik olan Şuşa Mərkəzi Kitabxanası 1992-ci il mayın 8-də ermənilər tərəfindən dağıdılıb. Həmçinin 1848-ci ildən etibarən Şuşa Teatrı fəaliyyətə başlayıb və burada çoxlu tamaşalar səhnəyə qoyulub. 1989-cu ildən bəri keçirilən “Xarıbülbül” festivalı isə Ermənistanın işğalına qədər davam edib.
Sonda qeyd edilib ki, 2020-ci il noyabrın 8-də Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Şuşanı işğaldan azad edib. Ötən il isə Heydər Əliyev Fondu bu qədim şəhərdə “Xarıbülbül” festivalı, Vaqif Poeziya Günləri və digər mədəniyyət tədbirləri təşkil edib.