“Artıq ikinci ildir ki, dədə-babadan bizə miras qalmış, qanımıza, canımıza işləmiş Novruz Bayramını fərəh hissi və sevinc hissi ilə keçirdə bilirik. Ötən il cənab Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyeva Novruz Bayramını Şuşada, bu il isə yenidən Qarabağda - Suqovuşanda qarşıladı”. Bu sözləri Diaspor info-ya açıqlamasında deputat Naqif Həmzəyev deyib.
Onun sözlərinə görə, həqiqətən də 21-ci əsrdə hər xalqa, hər dövlətə nəsib olmayan bir xoşbəxtlik bizə nəsib oldu: “Şükürlər olsun ki, torpaqlarımızı işğaldan azad edə bildik. Bu gün biz Qarabağda və Şərqi Zəngəzurda quruculuq, abadlıq işlərinin şahidi oluruq. Bu qələbəni, zəfəri bizə yaşadan, qanı bahasına torpaqlarımızı işğaldan azad edən bütün şəhidlərimizə Allahdan rəhmət, qazilərimizə şəfa diləyirəm. Dövlətimiz hər bir vətəndaşın yanındadır.
Bu gün bir milyona yaxın keçmiş qaçqın və məcburi köçkünlərimizin öz dədə-baba yurdlarına qayıtması üçün dövlət cənab Prezidentin rəhbərliyi altında fasiləsiz işləyir. Qlobal gərginliyin, münaqişələrin toqquşduğu bir vaxtda Azərbaycanda sabitliyin və inkişafın şahidi oluruq. Bütün dünyanın gözü Azərbaycandadır. Bu gün Azərbaycan Avropanın enerji təhlükəsizliyində çox mühüm rol oynayır. Dünya liderlərinin, böyük dövlətlərin rəhbərləri cənab Prezident İlham Əliyevə təbrik məktubları göndərirlər. Azərbaycan dünya dövlətləri içərisində öz layiqli yerini tutub və bu gündən sonra Azərbaycan tutduğu bu inkişaf xətti ilə yolunu davam etdirəcək”.
Arzu Qurbanzadə
129