2020-ci ilin sentyabrında başlayan və Azərbaycanın qələbəsi ilə başa çatan müharibədə kapitulyasiya aktına qol çəkən Nikol Paşinyan sonrakı dövrlərdə hər vəchlə 10 noyabr tarixdə imzalanmış üçtərəfli razılaşmanın müddəalarını pozmağa çalışaraq konstruktiv və reallıqlara söykənən danışıqlardan yayınır. Lakin bu yayınmaların da bir sonu var. Aprel ayının 6-da Brüssel şəhərində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin iştirakı ilə Ermənistanın baş naziri Nikol Paşinyanla keçirdiyi görüşdə Azərbaycanla-Ermənistan arasında sülh müqaviləsi bağlanması istiqamətində işçi qrupunun yaradılması barədə razılaşma əldə edilməsi son dövrlər bu istiqamətdə atılan addımlar içərisində xüsusi önəm daşıyır. Azərbaycan tərəfindən irəli sürülən 5 maddədən ibarət olan təkliflər paketi Azərbaycanın maraqlarını özündə birləşdirilməklə bir sıra mühüm müddəaları özündə əks etdirir.
Sərhədlərin dəqiqləşdirilməsi, işğaldan azad edilmiş ərazilərin minalardan təmizlənməsi, itkin düşmüş şəxslərin tapılması, nəqliyyat-kommunikasiya xətlərinin bərpası və çəkilməsi və s. bu kimi məsələlər həmin sənəddə əksini tapıb. Brüssel görüşündə əldə edilən siyasi dividentlərdən biri də 30 ildən artıq bəzi beynəlxalq təşkilatların və Ermənistanı dəstəkləyən dövlətlərin leksikonundan düşməyən “Dağlıq Qarabağ” ifadəsi və bu müddətdə “siyasi turist” rolunu oynayan ATƏT-in Minsk qrupunun adının çəkilməməsidir.
Avropa İttifaqı Şurasının və onun Prezidenti Şarl Mişelin digər beynəlxalq təşkilatlardan fərqli olaraq reallığa söykənən qərəzsiz mövqe nümayiş etdirməsi Azərbaycan və Ermənistan arasındakı münaqişənin aradan qaldırılması və konstruktiv qərarlar qəbul etmək üçün stimul yaradır. Təbii ki, bu məqama çatmaq üçün Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Avropa İttifaqı Şurası, xüsusən Şuranın Prezidenti Şarl Mişellə apardığı dialoq və xoşməramlı təmasların böyük əhəmiyyəti vardır. Brüssel görüşləri bir daha göstərdi ki, Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyevin həyata keçirdiyi çoxşaxəli siyasət artıq öz bəhrəsini verir. Avropa İttifaqı Şurası başda olmaqla Dünyanın nüfuzlu Beynəlxalq təşkilatları artıq bu reallığı qəbul edirlər: İlham Əliyev böyük siyasətçidir və onun Cənubi Qafqazda sülhün bərqərar olmasına hesablanmış siyasi xətti problemin həllinin yeganə düzgün yoludur.
Bəli, Brüsseldə əldə edilmiş razılaşma Azərbaycanın yeni siyasi-diplomatik qələbəsidir. Bu görüş onu göstərdi ki, Ermənistan artıq dalana sıxışdırılmışdır. Onun yeganə yolu danışıqları davam etdirmək, tezliklə sülh müqaviləsinə qol çəkməkdir. Ermənistanda isə bəzi qüvvələr belə düşünmürlər və ya özlərini “vətənpərvər”, “məğlubiyyətlə barışmayan” bir qüvvə kimi qələmə verirlər. Koçaryan-Sarkisyan cütlüyünün başına yığışan revanşist qüvvələr İrəvanda mitinqlərə qatılmaqla özlərini “xalq qəhrəmanı” kimi göstərməyə çalışırlar. Onlar bilməlidirlər ki (artıq bunu dərk edirlər), necə deyərlər, artıq Qatar perrondan yola düşüb, siyasi oyunbazlığa yer qalmamışdır.
Nazim Bünyatov
YAP Ağcabədi rayon təşkilatının əməkdaşı