Müstəqilliyinin təməlini möhkəmləndirmiş, dünya ölkələri ilə beynəlxalq münasibətləri genişləndirmiş, Zəfər qazanmış Azərbaycan tarixinin çətin ağır illərində yaşadığı ictimai-siyasi hadisələr onu məhv olmaq təhlükəsi ilə üz-üzə qoymuşdur. Bu uzaq tarixi keçmişimiz deyil, müstəqilliyimizin ilk illərinin tarixi gerçəklikləridir. O illər idi ki, Azərbaycan dilemma qarşısında qalmışdı. Həm xaricdən, həm də daxildən müxtəlif düşmən qüvvələrin təsiri altında parçalanma ərəfəsində qalan Azərbaycanın müdrik rəhbərə, böyük şəxsiyyətə böyük ehtiyacı yaranmışdır. İdarəçilikdə olan səbatsız, təsadüfi insanlar ölkəni acınacaqlı bir vəziyyətə salmışdılar. Vətəndaş müharibəsi təhlükəsi ilə qarşılaşmış ölkəmizi müdrik siyasətçi Ulu Öndər Heydər Əliyev vəziyyətdən çıxardı.
Əlbəttə ki, bu gün 1993-cü ilin iyununda baş vermiş hadisələri yenidən təəssüf hissi ilə xatırlayırıq. Çünki həmin vaxtlar XX əsrdə ikinci dəfə öz müstəqilliyini qazanmış Azərbaycan məhv olmaq təhlükəsi ilə üzləşmişdi. Mücadilə yolu ilə, tökülən qanlar bahasına yenidən müstəqilliyini bərpa etdi. Müstəqillik asan əldə olunmadı, gərgin ictimai-siyasi vəziyyət və böyük qurbanlar bahasına əldə edildi. 1991-ci il oktyabrın 18-də Ali Sovetin sessiyasında tarixi sənəd qəbul edildi. Tarixi reallıqlar, bir daha göstərdi ki, 71 illik sovet rejimi Azərbaycan xalqının müstəqillik arzularının üstündən xətt çəkə bilməmişdi. XX əsrin 80-ci illərinin sonunda başlanan tarixi-siyasi proseslərdə Azərbaycan xalqının istiqlala bağlılığı, müstəqil dövlətçiliyə malik olmaq arzusu, özünü açıq-aydın büruzə verdi. Azərbaycanın dövlət müstəqilliyi yolunda mücadiləsi, faktiki olaraq, 1988-ci ilin xalq hərəkatı ilə başlansa da, bu istiqamətdə həlledici proseslər 1990-1991-ci illərdə cərəyan etdi. Dövlət müstəqilliyi haqqında Konstitusiya Aktı 1991-ci il oktyabrın 18-də qəbul edilsə də, əslində, Azərbaycan özünün əsl müstəqilliyini Ümummilli Lider Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra əldə etdi.
Azərbaycanı gözü götürməyən qüvvələr xalqımızın uğrunda ardıcıl mübarizə apardığı milli azadlığına, dövlət müstəqilliyinə mane olmaq və onun mübarizə əzmini qırmaq üçün ən məkrli siyasi təxribatlara əl atdılar. Ermənistanın Azərbaycan torpaqlarının işğalı, respublikamızı daxildən parçalamaq və xalqımızı vətəndaş müharibəsi girdabına sürükləmək kimi cəhdləri Azərbaycanı olduqca çətin bir vəziyyətlə üz-üzə qoydu. Çünki hakimiyyətdə olan səriştəsiz rəhbərlər mövcud təhlükələrin qarşısının alınması istiqamətində lazımi tədbirləri görmək gücündə deyildilər.
ULU ÖNDƏRİN HAKİMİYYƏTƏ QAYIDIŞI MÜSTƏQİLLİK TARİXİMİZİ ƏBƏDİLƏŞDİRDİ
1993-cü ilin yayında ölkədə vəziyyət getdikcə ağırlaşdı, hətta müstəqilliyimiz təhlükə altında idi. Hakimiyyət strukturlarına, o cümlədən, silahlı birləşmələrə nəzarəti itirən o zamankı Azərbaycan iqtidarı isə, 1993-cü ilin yayında ölkəni vətəndaş müharibəsi təhlükəsi ilə üz-üzə qoydu. Artıq bir sıra ərazilərdə - Gəncədə, Lənkəranda, Qusarda və digər regionlarda bəzi silahlı birliklər separatçı iddialarla çıxış edib, mərkəzi hakimiyyətə tabe olmadıqlarını bildirirdilər. 4 iyun 1993-cü ildə Gəncədə Azərbaycan Ordusunun keçmiş korpus komandiri Surət Hüseynovun başçılıq etdiyi hərbi qüvvələrlə hökumət qüvvələri arasında silahlı toqquşma baş verib. S.Hüseynovun nəzarətində olan 709 saylı hərbi hissənin tərksilah edilməsi ilə bağlı həyata keçirilən əməliyyat uğursuz olub. Məlum hadisə nəticəsində hökumətə tabe olmayan hərbçilərlə hökumət qüvvələri arasındakı toqquşmada, ümumilikdə, 35 nəfər həlak olmuşdu.Gəncə hadisələri kimi tarixə düşən 4 iyun hadisələri AXC-Müsavat hakimiyyətinin iflası ilə nəticələndi. 1993-cü il iyunun 4-də Gəncədə baş vermiş faciə əvvəlcədən hazırlanmış, cinayət törətmiş hərbi əməliyyatların ağır nəticəsidir.Gəncəyə göndərilmiş hökumət rəsmiləri S.Hüseynovun dəstəsi tərəfindən girov götürülüblər. Bu hadisə Azərbaycanda dərinləşməkdə olan hərbi-siyasi böhranı kritik həddə çatdırıb və ölkə vətəndaş müharibəsi astanasına gətirilib. 8 iyun 1993-cü ildə Gəncə hadisələri ilə bağlı ölkədə böhran dərinləşib. S.Hüseynovun tabeçiliyindəki silahlı birləşmələr Gəncəbasar bölgəsində yerli hakimiyyət strukturlarını devirərək, Bakıya doğru hərəkət etməyə başlayıblar. Vətənin bu ağır günündə xalq Ulu Öndər Heydər Əliyevi Naxçıvandan Bakıya dəvət edir. Ümummilli Lider Heydər Əliyev xalqın və respublikanın hakim dairələrinin təkidli dəvətini qəbul edib, iyunun 9-da Bakıya gəlib və qısa zaman ərzində, Azərbaycanda vətəndaş müharibəsinin qarşısını alıb.
1993-cü il iyunun 15-də Ümummilli Lider Heydər Əliyevin hakimiyyətə qayıdışı Azərbaycanı təhlükədən xilas etdi. O dövrdə baş verən hadisələr bir daha tarixi gerçəkliyi üzə çıxarmış olur. Belə ki, 1993-cü ilin iyununda xalqın dəvəti ilə Ümummilli Lider Heydər Əliyev yenidən hakimiyyətə qayıtmasaydı, bu gün Azərbaycanın müstəqilliyindən söhbət açmaq mümkün olmayacaqdı. Ulu Öndər Heydər Əliyev bu məsələ ilə bağlı çıxışlarının birində belə deyirdi: "1993-cü ilin iyun ayında Azərbaycanda böyük dövlət böhranı yarandı. Azərbaycan dağılmağa başladı və o vaxtkı iqtidar ölkəni idarə edə bilmədi. Gəncədə toqquşma baş verdi və qan töküldü. Gəncədə başlayan hərəkat Azərbaycanın ərazisinin, demək olar ki, yarısından çoxunda hakimiyyəti öz əlinə aldı. Vaxtilə məni təqib edən, Naxçıvanda məni devirmək və Azərbaycandan sıxışdırıb çıxarmaq istəyən o vaxtkı iqtidar, belə bir zamanda, əlacsız qaldı və mənə müraciət etdi. Ancaq ondan əvvəl mənə müraciət edənlər bizim partiyanın üzvləri, Azərbaycanın müxtəlif təbəqələrinin nümayəndələri və ziyalıları oldu. Onlar məni yenidən Bakıya dəvət etdilər".
MÜASİR DÖVLƏTİMİZİN VARLIĞINI QORUYAN ÜMUMMİLLİ LİDER HEYDƏR ƏLİYEV AZƏRBAYCAN QARŞISINDA TARİXİ BİR MİSSİYAYA İMZA ATDI
Məhz xalqın belə bir ağır məqamında dünya şöhrətli siyasətçi Ulu Öndər Heydər Əliyevin öz müqəddəs xilaskar missiyasıyla böyük siyasətə qayıdışı, Azərbaycanda illərlə davam edən anarxiyaya, siyasi hakimiyyətsizliyə, hərbiləşmiş cinayətkar dəstələrin qətl və özbaşınalıqlarına son qoymuş oldu. 1994-cü ilin oktyabr, 1995-ci ilin mart dövlət çevrilişi cəhdləri ən yeni tariximizin qara ləkələri kimi keçmişə həkk olunub. Bu təxribatlar müdrik dövlət başçımızın son dərəcə tədbirli, təmkinli və uzaqgörən siyasəti sayəsində baş tutmadı.Beləliklə, Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra onun itirilməsinə yol vermədi. Ümummilli Lider Heydər Əliyev müasir Azərbaycan dövlətinin varlığını qorudu və Azərbaycan qarşısında tarixi bir missiyaya imza atdı. Bütün həyatını Azərbaycanın və xalqın taleyi ilə bağlayan Ulu Öndər Heydər Əliyev müstəqil dövlətimizin tarixini yaratdı. Tariximizə Milli Qurtuluş Günü kimi daxil olan 1993-cü il iyunun 15-də Ümummilli Lider Heydər Əliyevin Azərbaycan Respublikası Milli Məclisinə Sədr seçilməsi ölkəmizin siyasi tarixində keyfiyyətcə yeni bir mərhələnin başlanğıcı oldu. Ümummilli Lider Heydər Əliyevin adı ilə bağlı olan Milli Qurtuluş Günü Azərbaycan tarixinin şanlı qürur səhifəsinə çevrildi. 1993-cü il oktyabrın 3-də ümumxalq səsverməsi nəticəsində, Ulu Öndər Heydər Əliyev Azərbaycan Respublikasının Prezidenti seçildi. Ümummilli Liderin zəngin siyasi təcrübəsi, yüksək idarəçilik bacarığı, Vətənə olan tükənməz sevgisi Azərbaycanın dövlət müstəqilliyini təhlükədən qurtardı. Ulu Öndər ölkədə xaos və anarxiyanı, cəmiyyətdə hökm sürən iqtisadi-siyasi və mənəvi-psixoloji gərginliyi aradan qaldırdı. Müstəqil Azərbaycan Respublikası möhkəm əsaslar üzərində yeni inkişaf xəttini tutdu. Böyük zəka və iradə sahibi olan Ümummilli Lider Heydər Əliyev, qısa zaman kəsiyində, müharibə bölgəsində atəşkəsə, ölkədə möhkəm və dönməz sabitlik yaradılmasına, qeyri-qanuni silahlı dəstələrin ləğvinə, ümummilli böhrana son qoyaraq, demokratik islahatlar yoluna keçirilməsinə nail oldu.
BUGÜNKÜ VƏ GƏLƏCƏK NƏSİLLƏRİN MÜQƏDDƏS BORCU MÜSTƏQİL AZƏRBAYCAN DÖVLƏTİNİN DAHA DA QÜDRƏTLƏNMƏSİNƏ, MİLLİ BİRLİYİMİZƏ SƏDAQƏTLƏ XİDMƏT GÖSTƏRMƏKDİR
Azərbaycanın bugünkü və gələcək nəsillərinin Ulu Öndər Heydər Əliyevin şərəfli adı, ölməz ruhu qarşısında müqəddəs borcu müstəqil Azərbaycan dövlətinin daha da çiçəklənməsi və qüdrətlənməsi, xalqımızın rifahı naminə fədakarlıqla çalışmaq və milli birliyimizə sədaqətlə xidmət göstərməkdir. Ulu Öndər Heydər Əliyevin uzaqgörən siyasəti nəticəsində, Azərbaycan bu gün öz inkişafının ən sürətli dövrünü yaşayır. Ulu Öndər Heydər Əliyev tərəfindən qorunub-saxlanılan müstəqilliyimiz bu gün Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi ilə daha da möhkəmləndirilib və Onun əbədiliyi təmin edilib. Ulu Öndərin quruculuq və inkişaf xəttinin davamçısı olan Cənab İlham Əliyev Onun siyasi kursunu uğurla davam etdirməklə, ölkəmiz sabitliyin və inkişafın, vətəndaş həmrəyliyinin təmin olunduğu güclü dövlətə çevrilib. Ötən illər, aydın şəkildə göstərdi ki, İlham Əliyev Prezidentliyi dövründə ölkənin həyatının bütün sahələrində verdiyi vədlərin hər birini yerinə yetirmişdir. Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi ilə Silahlı Qüvvələrimizin modernləşdirilməsi, müasirləşdirilməsi, eləcə də, maddi-texniki bazasının ən müasir standartlar səviyyəsinə çatdırılması sahəsində kifayət qədər əhəmiyyətli işlər reallaşdırılıb. Məhz bunun nəticəsidir ki, Azərbaycan Cənubi Qafqaz regionunda ən güclü orduya malik ölkə statusunu daşıyır. Prezident İlham Əliyevin həyata keçirdiyi güclü dövlət, güclü ordu strategiyası torpaqlarımızın işğaldan azad olması ilə nəticələndi. Müasir hərb elminin tələblərinə cavab verən Azərbaycan Ordusu döyüş meydanında erməniyə dərs verdi. Mükəmməl texnologiyamız, döyüş ruhumuzun yüksəkliyi, xalq-iqtidar birliyi, həmrəylik Azərbaycanın qalib dövlət kimi adını tarixə yazdı.
Bu gün işğaldan azad olunan torpaqlarımızda böyük abadlıq quruculuq işləri davam etdirilir. Qarabağı tezliklə yenidən qurmaqla Azərbaycan daha bir modelini ortaya qoyacaqdır.
Zümrüd BAYRAMOVA