TƏHSİLDƏ TƏLİM VƏ TƏRBİYƏ BİRGƏ APARILMALIDIR!
ELM VƏ TƏHSİL NAZİRİ CƏNAB EMİN ƏMRULLAYEVƏ 10 SUAL.
Biz, bu gün çoxlarının bəyənmədiyi sovetlər dönəmində təhsil almışıq. O dövrdə bu günkü təhsilimizdən fərqli olaraq, repetitorluq bu qədər kütləviləşməmişdir. Orta məktəbi qurtaran riyaziyyat, fizika, bialogiya sahəsini seçən də, Nizami Gəncəvini, Hüseyn Cavidi mütləq tanıyırdı. Məktəbdən kənar olsa belə, siqaret çəkən şagirdi görərdilərsə dərhal tənbeh edər və qınağa tuş gələrdi. Dərsdən yayınma halları günümüzlə müqayisədə yox kimi bir şey idi.
Bu gün bizə nə olub, dəyişən nədir? İstilik sistemi yüksək səviyyədə olan, elektron lövhələrlə təmin olunan məktəblərdə niyə övladlarımıza normal dərs keçirilmir? Əgər keçirilirsə 10-11-ci siniflər niyə məktəbə deyil, repetitorluqla məşğul olan müəllimlərin evinə gedirlər?
Sualım Elm Və Təhsil Naziri Cənab Emin Əmrullayevədir.
Cənab Nazir, Misir Mərdanovu vəzifəsindən azad edərkən vətəndaşlarımız düşünürdülər ki, Təhsil nazirliyi ilə Dövlət İmtahan Mərkəzi arasında olan mübahisələrə son qoyulacaqdır, ancaq bu yenə də, davam edir və övladlarımız bundan əziyyət çəkirlər?
Sual-1:-əgər, xüsusəndə 10-11-cilər məktəbə deyil, müəllimin evinə gedirlərsə burada günah kimindir, göstəriciləri yaxşı olsun deyə öhdəlik götürən məktəb direktorunun, yoxsa pul qazanmaq xətrinə sinifdə başdansovdu dərs deyib, dərsdən sonra evində şagird hazırlayan müəllimin, bəlkə də, günah buna nəzarət etməli olan Elm və Təhsil nazirliyinindir?
Sual-2:-təlim və tərbiyyə təhsil müəssisələrində bərabər aparılmalıdır? Əgər bu belədirsə bəyənmədiyimiz sovet təhsil sistemində siqaret çəkən şagirdi az qalırdı məktəbdən qovsunlar, ancaq Sizin rəhbərliyinizlə inkişaf edən müasir təhsil sistemində orta məktdəbin həyətindəki zibil qutularında şpris görmək adi hala necə çevrildi? Olmaya təhsilə o qədər ciddi diqqət yetirdiyimiz zaman tərbiyəni unutduq?
Sual-3:-təkcə paytaxt məktəbliləri deyil, bu gün artıq regionlarda da, hətta kənd məktəblərində belə şagirdlər arasında əxlaqsızlıq halları sürətlə artmağa başlayıb və iş o yerə gəlib çatıb ki, məktəbli qızın qalmasına adi hal kimi baxırıq, niyə?
Məktəbli qız özünü yuxarı mərtəbədən ataraq həyatına son verərkən, təlim-tərbiyyə sahəsində işlərin nə qədər aşağı səviyyədə olması sizə heç nə demədi? O hadisədən sonra nə dəyişdi?, direktoru işdən azad etdiniz, vəssalam?!
Əks təqdirdə bu hallar rayon, kənd məktəblərinə qədər gəlib çatmazdı.
Sual-4:-əgər rayon sektor müdiri və onun işçiləri məktəblərdə davamiyyətlə bağlı, tədrisin keyfiyyəti ilə bağlı yoxlamalar aparmaq səlahiyyəti və cəza tədbiri görmək iqtidarında deyilsə onların fəaliyyətinə nə ehtiyac var?
Sizə elə gəlmir ki, regional təhsil idarələri fiziki cəhətdən bu sadaladığım faktların araşdırılmasını çatdıra bilməz? Bu gün hətta kənd məktəbində 10-11-cilər dərsə deyil, müəllimin evinə gedirsə bunun günahı kimdədir?
Sual-5:-yaşlı və təqaüdə çıxmış müəllimlərlə cavan müəllimlərin görüşünü, təcrübələrinin bölüşməsi işini niyə təşkil etmirsiniz? Sizin xəbəriniz varmı ki, rayonlarda müəllim-şagird münasibətləri çoxdan, lap çoxdan etik qaydalar çərçivəsindən çıxıb?!
Müəllim istədiyi şagirdi sinif yoldaşları arasında təhqir edir, onun valideynini təhqir edir və sizin rayonlarda fəaliyyət göstərən təhsil sektorunun işçiləri bununla bağlı tədbir görə bilmirlər?
Səbəb də, budur ki, onların səlahiyyətləri əllərindən alınıb. Siz bununla gələcəyə şəxsiyyət deyil, ədalətin olmadığı cəmiyyətə təhqir olunmuş insan yetişdirirsiniz?
Sual-6:-peşə təhsilini pullu etməklə kasıb kəndçinin belini qırmaq, bu sahədə islahatlar aparıldı vəyaxudda bu inkişaf deməkdir?
Paytaxt Bakıdan fərqli olaraq, Zaqatala-Balakən rayonlarının ucqar kənd sakinləri traktorçu peşəsinə yiyələnmək üçün 300-azn dək, pulu haradan tapsın?
Sizə elə gəlmir ki, həmin kəndli üçün bu çox böyük puldur? Həmin uşaq əmisinin, dayısının yanında traktor sürməklə, onun təmirini də öyrənir, onda bəs sizin peşə təhsili kimə lazımdır? bərbər, ofisiant, elektrik montiyoru və s. hazırlamaq üçün kəndçinin o qədər pulu yoxdur, bunu anlamaq üçün akademik olmağa ehtiyyac yoxdur, cəmi bir gün ucqar dağ kəndinə qonaq getmək lazımdır, bəlkə bu barədə düşünəsiniz?
Sual-7:-bu gün Elm və Təhsil naziri olaraq, siz məktəblilərdən nə istəyirsiniz?, məktəbi bitirərkən əzbərçiliklə əldə etdiyi yüksək bal toplamağı, yoxsa savadlı gəncliyin yetişməsini?
Müəllimlərin iş dəftərlərinin olmaması o deməkdir ki, onu məktəbdən çox evdə yaxşı pul müqabilində hazırladığı uşaq maraqlandırır. Belə halda müəllimin sinifdə dediyi başdansovdu dərsə görə ona niyə pul ödəyirsiniz?, xəbəriniz varmı ki, bu gün məktəbdə summativlər belə şagirdlərə pulla satılır, bizim müasir təhsilimizin inkişafı budur?
Sual-8:-fərqi yoxdur hansı sinif şagirdləridir, kiminlə söhbət edirsən hamısı getdikcə fənnlərin çətinləşdiyini deyirlər, sizə elə gəlmir ki, Abdulla Şaiqin şerlərinin əvəzinə heç yerdə tanınmayan, gülünc misraları biri-birinə uyduran hansısa bir “X”-n yazdığı uşaq şerləri inkişaf demək deyildir?
Bəs onda çətinləşən nədir?, bəlkə tədrisin keyfiyyəti aşağı düşdüyünə görə şagirdlər deyir ki, dərslər çətinləşib?, əgər sizin vaxtınız yoxdursa, yerlərdəki təhsil sektorunun işçilərinə niyə tapşırıq vermirsiniz ki, monitorinqlər keçirsinlər? (əlbəttə ki, monitorinq xətrinə monitorinq keçirilməsini demirəm, yəni həqiqətən də, problemləri aşkarlamaq üçün keçiriləcək bir monitorinq.)
Sual-9:-Sumqayıt məktəbindəki uşaq ölümündən sonra Elm və Təhsil nazirliyinin göstərişi ilə heç bir məktəbin idman zalında kənar şəxslər hər hansı bir idman növüylə məşğul ola bilməz, siz bu günə kimi bu sahədə hansı araşdırmalar aparmışdınız, gözləyirdininz ölüm olsun, ondan sonra bu sahəyə ciddi yanaşasınız? Bu gün psixoloji baxımdan həqiqətən də, psixoloqa, nervipatoloqa ehtiyacı olan müəllimlərimiz var, özünü doğrayan, özünə qəsd edən, sağ qalan belə psixopatlar bizim övladlarımıza dərs deyirlər. Siz nəyi gözləyirsiniz, hansısa bir müəllim uşağı vurub öldürəndən sonra bu sahədə də, monitorinq keçirəcək və yaxud qadağalar tətbiq edəcəksiniz?
Sual-10:-təhsil müəssisələri, məktəb və bağçalar vətəndaş cəmiyyətləri və mediaya açıq olması üçün hansı addımları atırsınız?
Sizin Balakəndə olan məktəb direktorlarından biri günün-günorta çağı şagirdlərə kərpic daşıtdırmasından və buna görə polis orqanlarına dəvət olmasından xəbəriniz var?, vardırsa niyə ölçü götürmürsünüz?
Bir neçə il təhsil sektoruna rəhbərlik edən adam qısa müddətdə evlər, maşınlar alması sizə təəcüblü gəlmir? Yüz minlərlə yeyintisi olan sektor müdirini korrupsiyaya verildiyinə görə işdən azad edirsiniz, sonra yenidən geriyə gətirib, məktəb direktoru edirsiniz, bu hansı məntiqə sığır? hər gələn yeni sektor müdiri məktəb direktorlarını “dolyaya” otuzdurur və sonunda onu işdən azad edib, məktəbə direktor göndərmək yeni növ islahatlardır? əgər bu insan səriştəsizdirsə, onu niyə məktəbə direktor göndərirsiniz?, yox əgər səriştəlidirsə niyə qalıb vəzifəsini icra etmir?
Cənab Nazir düşünürəm ki, sadaladığım suallardan heç olmasa birini oxuyub, reaksiya versəniz, ölçü götürsəniz təhsilimizə həqiqətən də, çox böyük töhfə vermiş olarsınız. Əks təqdirdə orta məktəblərdə daha çox cinayətkar, əzbərçi, savad və biliyi universitetə qəbul olunanadək lazım olan gənclik yetişdirməkdə davam edəcəyik.
Azərbaycan Yazıçılar Və
Jurnalistlər Birliyinin Üzvü.
ƏLMANİZ ƏLƏKBƏRLİ.