Baş qərargahı ABŞ-ın Nyu-York şəhərində yerləşən Xarici Siyasət Assosiasiyasının xəbər saytında "Dünya Qərbi azərbaycanlıların acınacaqlı vəziyyətini unudub" sərlövhəli məqalə dərc olunub. Tanınmış politoloq və jurnalist, Dona Qrasiya Diplomatiya Mərkəzinin təsisçisi və baş direktoru Reyçel Avrahamın qələmə aldığı məqalədə qeyd olunub ki, bütün dünyada media və qeyri-hökumət təşkilatları Qarabağı könüllü tərk etmiş ermənilərin acınacaqlı vəziyyətindən danışır. Misal olaraq, Beynəlxalq Böhran Qrupu bu barədə hesabat dərc edib. Eyni şəkildə, Avropa Komissiyasının yenicə yaydığı bəyanatda deyilir: “Komissiya Dağlıq Qarabağ bölgəsindən didərgin düşmüş ermənilərə dəstək məqsədilə əlavə 5,5 milyon avroluq humanitar yardım ayırır”. Müəllif yazıda belə misalların kifayət qədər olduğuna diqqət çəkib.
Məqalədə həmçinin diqqətə çatdırılıb ki, bugün dünya Qarabağ ermənilərinin acınacaqlı vəziyyətindən danışır, halbuki onlar Qərbi Azərbaycan icması kimi tərk etdiyi torpağın yerli əhalisi deyil, müxtəlif səbəblərdən köç etmiş kolonistlərdir. Qeyd olunub ki, belə bir vəziyyətdə Qərbi Azərbaycan icması onlara qarşı nəinki son 100 ildə, eləcə də son iki əsrdə edilən haqsızlığı qəbul etmir və bu ədalətsizliyin nəticələrini rədd edir. Konvensiya və digər mühüm beynəlxalq aktlarla təsbit olunmuş qayıdış hüququna əsaslanan Qərbi Azərbaycan icmasının əsas məqsədi Ermənistan ərazisindən qovulmuş azərbaycanlıların öz vətənlərinə qayıtmaları üçün şərait yaratmaq və oraya qayıtdıqdan sonra onların fərdi və kollektiv hüquqlarını təmin etməkdir.
Məqaləni ətraflı şəkildə aşağıdakı linkdən oxumaq mümkündür:
https://foreignpolicyblogs.com/2024/03/11/world-forgot-plight-of-west-azerbaijanis/