İğdır şəhərində “Naxçıvan fotolarda” adlı fotosərginin açılışı olub
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin “Naxçıvan Muxtar Respublikasının 100 illiyinin qeyd edilməsi haqqında” Sərəncamının icrası məqsədilə İğdır şəhərində “Naxçıvan fotolarda” adlı fotosərginin açılışı olub.
Naxçıvan Muxtar Respublikasının 100 illik yubileyinə həsr olunan fotosərgi Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsi, Türkiyə Cümhuriyyətinin Naxçıvan Baş Konsulluğu, “Şərq qapısı” qəzeti və İğdır Azərbaycan Evi tərəfindən birgə təşkil olunub.
Sərgidə "Şərq qapısı" qəzetinin fotoqrafları Əli Xudiyev, Əsəd Səfərov və Zülfüqar Qurbanlının Naxçıvanı tərənnüm edən ümumilikdə 85 fotosu nümayiş olunub.
Sərgidən əvvəl Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəliyinin əməkdaşı Günay Malikqızı, Türkiyənin Naxçıvandakı Baş konsulu Asip Kaya, Türkiyənin İğdır vilayətinin valisi Ercan Turan, Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin Naxçıvan Muxtar Respublikası İdarəsinin rəisi Vüsal Ələkbərli, İğdır millət vəkili Cantürk Alagöz, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatı Turan Məmmədli, "Şərq qapısı" qəzetinin baş redaktoru Sara Əzimova, İğdır–Azərbaycan Dil, Tarix və Mədəniyyət Birliyini Yaşatma və Dəstəkləmə Dərnəyinin sədri və İğdır Azərbaycan Evinin rəhbəri Ziya Zakir Acar çıxış ediblər.
Ziya Zakir Acar 2021-ci ildə Diasporla İş üzrə Dövlət Komitəsinin təşəbbüsü ilə yaradılmış İğdır Azərbaycan Evinin fəaliyyətindən söz açıb, Türkiyənin Şərqi Anadolu bölgəsində etnik azərbaycanlıların milli-mədəni özünəməxsusluğunu qoruyub saxlaması, Türkiyə ilə Azərbaycan arasında mədəni və sosial münasibətlərə töhfə vermək məqsədilə burada gündəlik əsasda müxtəlif məzmunlu tədbirlərin keçirildiyini və bugünkü sərginin təşkil olunmasının da bu məqsədlərə xidmət etdiyini qeyd edib.
Böyük maraqla qarşılanan sərgiyə Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəliyinin əməkdaşı daxil olmaqla Naxçıvandan 14 nəfərlik nümayəndə heyəti qatılıb.
Qeyd edək ki, sərgi 3 gün davam edəcək.