UJQOROD ŞƏHƏRİNDƏ VİLAYƏTİN DİASPOR FƏALLARI ÜMUMMİLLİ LİDERİN ANIM GÜNÜNÜ QEYD ETDİLƏR
Diaspor.info saytının Ukrayna bürosu sözügedən ölkənin regionlarında keçirilən Anım günləri ilə bağlı tədbirlərdən yazılarını davam etdirir.
Bu dəfəki yazımız isə Ukraynanın Zakarpatye vilayətinin Ujqorod şəhərindəndir.
Belə ki, Ujqorod və Mukaçevo şəhərlərindən gəlmiş diaspor fəalları Ümummilli lider Heydər Əliyevi anmaq üçün bir araya toplaşıblar. Tədbir
Ulu öndəri, bir dəqiqəlik sükutla yad etməklə başlayıb.
Tədbirdə “ Diaspor Təşkilatlarının Monitorinq Mərkəzinin“ sədri
Əlmaniz Ələkbərli də iştirak edib. Əlmaniz müəllim Ümummilli liderimizin həyatından tədbir iştirakçılarına geniş məlumat verib. Azərbaycandan kənarda doğulub boya-başa çatmış soydaşlarımız üçün bir çox yeniliklərlə yadda qalan çıxışı olduğu kimi oxucularımıza təqdim edirik: “Məlum olduğu kimi bu gün, 12 dekabr Ümummilli liderimiz Heydər Əliyevin anım günüdür. Bu bir danılmaz faktdır ki, Ulu öndər haqqında hər bir Azərbaycanlı xoş xatirələrlə danışmağa hər an hazırdır.
Mən özümü çox xoşbəxt sayıram ki, onunla şəxsən görüşmüşəm. Mənim üçün Heydər Əliyev Möhtəşəm bir Zirvədir.
Zirvə isə uzaqdan daha aydın görünür. Deməli biz ondan uzaqlaşdıqca onun bizlərə qoyduğu möhtəşəm, balanslı siyasəti və Heydər Əliyev irsini daha aydın görə bilirik.
Bilirsiniz ki, Heydər Əliyev öz təcrübə və biliyinə arxalanaraq, təkbaşına, Müasir Azərbaycan dövlətini yox olmaqdan xilas etdi.
İri, nəhəng dövlətlərlə iqtisadi müqavilələr bağlamaqla bu günümüz üçün güclü Azərbaycan yaratdı.
O, hamıya örnək olmağı bacarırdı, ata kimi, ailə başçısı kimi, həyat yoldaşı kimi, sevgisinə sədaqəti ilə və s. seçilməyi, nümunə olmağı bacardı. Dövlət qulluqçusu kimi, yerişi-duruşu, rəsmi tədbirlərdəki çıxışları, qeyri-rəsmi tədbirlərdə isə uşaqla- uşaq, böyüklə -böyük kimi rəftarı da, bütün insanlar tərəfindən rəğbətə səbəb oldu.
Dünya tarixi sübut etmişdir ki, şəxsiyyətlərin gücü, ağlı, cəsarəti, siyasi iradəsi və müdrikliyi mənsub olduğu xalqın, onun yaratdığı dövlətin həyatında əvəzedilməz rola malikdir. Bu şəxsiyyətlər arasında müasir, müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu, ulu öndər Heydər Əliyevin özünəməxsus yeri vardır.
Onun həyatına, əmək fəaliyyətinə nəzər salsaq görərik ki, böyük siyasətçi olmaq üçün necə çətin məktəb keçib.
1944-cü ildən təhlükəsizlik orqanları sistemində çalışan Heydər Əliyev 1964-cü ildən Azərbaycan SSR Nazirlər Soveti yanında Dövlət Təhlükəsizliyi Komitəsi sədrinin müavini, 1967-ci ildən isə sədri vəzifəsində işləyib, general-mayor rütbəsinə qədər yüksəlib. Həmin illərdə o, Leninqradda xüsusi ali təhsil alıb, 1957-ci ildə isə Azərbaycan Dövlət Universitetinin tarix fakültəsini bitirib. Azərbaycan SSR Kommunist Partiyası Mərkəzi Komitəsinin 1969-cu il iyul plenumunda Heydər Əliyev Azərbaycan SSR Kommunist Partiyası Mərkəzi Komitəsinin birinci katibi seçilib. 1982-ci ilin dekabrında Sovet İttifaqı Kommunist Partiyası Mərkəzi Komitəsi Siyasi Bürosunun üzvü seçilən Heydər Əliyev SSRİ
Nazirlər Soveti sədrinin birinci müavini vəzifəsinə təyin edilib və SSRİ-nin rəhbərlərindən biri olub. Heydər Əliyev 1987-ci ilin oktyabrında Sovet İttifaqı Kommunist Partiyası Mərkəzi Komitəsi Siyasi Bürosunun və baş katib Mixail Qorbaçovun yeritdiyi siyasi xəttə etiraz əlaməti olaraq, tutduğu vəzifələrdən istefa verib.
Heydər Əliyev 1990-cı ilin 20 yanvarında sovet qoşunlarının Bakıda törətdiyi qanlı faciə ilə əlaqədar ertəsi gün Azərbaycanın Moskvadakı nümayəndəliyində bəyanatla çıxış edərək, Azərbaycan xalqına qarşı törədilmiş cinayətin təşkilatçıları və icraçılarının cəzalandırılmasını tələb edib.
O, Dağlıq Qarabağda yaranmış kəskin münaqişəli vəziyyətlə bağlı SSRİ rəhbərliyinin ikiüzlü siyasətinə etiraz əlaməti olaraq, 1991-ci ilin iyulunda Sovet İttifaqı Kommunist Partiyasının sıralarını tərk edib. 1990-cı ilin iyulunda Azərbaycana qayıdan Heydər Əliyev ilk əvvəl Bakıda, sonra isə Naxçıvanda yaşayıb, həmin ildə də Azərbaycan Ali Sovetinə deputat seçilib. O, 1991-1993-cü illərdə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri, Azərbaycan Respublikası Ali Soveti sədrinin müavini olub.
Heydər Əliyev 1992-ci ildə Yeni Azərbaycan Partiyasının Naxçıvan şəhərində keçirilmiş təsis qurultayında partiyanın sədri seçilib. 1993-cü il iyunun 15-də Azərbaycan Ali Sovetinin sədri seçilən Heydər Əliyev iyunun 24-də Milli Məclisin qərarı ilə Azərbaycan Respublikası Prezidentinin səlahiyyətlərini həyata keçirməyə başlayıb. 1993-cü il oktyabrın 3-də ümumxalq səsverməsi nəticəsində Heydər Əliyev Azərbaycan
Respublikasının Prezidenti seçilib. O, 1998-ci il oktyabrın 11-də keçirilən növbəti prezident seçkilərində yenidən Azərbaycan Respublikasının Prezidenti seçilib.
Bir müddət ABŞ-ın Klivlend klinikasında müalicə olunan Heydər Əliyev 2003-cü il dekabrın 12-də dünyasını dəyişib.
Məhz həmin gündən dekabrın 12-si xalqımızın Ümummilli lideri, ulu öndər Heydər Əliyevin anım günüdür.
Allah rəhmət eləsin.”
Daha sonra Ujqorod və Mukaçevo şəhərindən gəlmiş, soydaşlarımızdan ağsaqqallar, ziyalılar Ümummilli liderimiz haqqında xoş xatirələrini danışdılar.
Anım tədbiri, həmişə Azərbaycan və Ukrayna bayraqlarının qoşa dalğalandığı bir kafedə, yəni soydaşlarımızın daha çox getdiyi məkanda keçirildi.
Tədbirdə Birləşmiş Zakarpatye Azərbaycanlıları Konqresinin yeni seçilmiş sədri Zahid Hüseynov çıxış edib: ” Heydər Əliyev işlədiyi dövrdə xalqının başını həmişə uca edib. Əsas odur ki, Ümummilli lider öz uzaqgörən siyasətini həmin dövrlərdə xalqının xeyiri üçün ustalıqla yerinə yetirmişdir. Onun etdiyi xidmətləri sadalasaq yəqin saatlarla yazmalı olarsınız. Mən bəzi işləri deməyi özümə borc hesab edirəm. Azərbaycanlı balalarını bütün SSRİ-i respublikalarının ən öndə gedən ali təhsil ocaqlarına oxumağa göndərilməsi, Azərbaycanda bir neçə böyük zavodların salınması, Hərbi liseyin məhz Bakıda açılması sonradan müstəqillik əldə edən xalqımıza xidmət etməsindən ötrü atılan addımlar idi. Heydər Əliyev təkcə Azərbaycan xalqının deyil, işlədiyi müddətdə sovetlər ölkəsinin bütün xalqlarının rəğbətini qazanmışdır. O bir zirvə idi , zirvə isə uzaqdan daha aydın görünər deyirlər. Mənə elə gəlir ki, biz ondan uzaqlaşdıqca onun nə qədər böyük insan olduğunu daha aydın görəcəyik. Heydər Əliyev dünyanın ən böyük siyasətçiləri sırasında öz dəsti xətti ilə seçildiyi üçün hamını heyran qoya bildi. Elə bilirəm ki , Azərbaycan dövləti və xalqı yaşadıqca Heydər Əliyev şəxsiyyəti də həmişə yaşayacaq çünki Ümummilli lider Heydər Əliyev ömrünün sonunadək xalqına şərəflə xidmət edib “.
Tədbirdə Zakarpatye vilayəti üzrə dini cəmiyyətin sədri Zaman Həsənov, Birləşmiş Zakarpatye Azərbaycanlıları Konqresinin Mukaçevo üzrə yeni seçilmiş nümayəndəsi Ramazan Xəlilov, zonada ən yaşlı və söz sahibi olan Ağsaqqal Zülfüqar Qəhrəmanov və Ujqorodda işləyən dövlət məmurumuz Niyaz Hüseynov, Əli Əliyev, Voterpol idman növü üzrə şəhərin nüfuzlu idmançısı və baş məşqçisi İsrafil Ənvər oğlu Vasilkin, Tural Məmmədov, Ayaz Qəzənfərov, Sahin Əmirov, Hakim Əmirov, Vidadi Məmmədov, Ağabba Bağırov, Fərhad Şəfiyev, Qasımov Rasim, Hüseyn Mustafayev və başqa soydaşlarımızdan ibarət diaspor fəalları iştirak edərək Ümummilli liderimizin Azərbaycan xalqı üçün etdiyi misilsiz xidmətlərdən danışdılar.
Diaspor.info
Ukrayna bürosu
Zakarpatye.
601