"Polisi hədəfə gətirənlər ölkədə sabitliyin pozulmasında maraqlı olan qüvvələrdir”
Artıq iki gündür ki, sosial şəbəkələrin Azərbaycan seqmenti və bir sıra kütləvi informasiya vasitələri polisin üzərinə zibil atan insanlardan və onların cəzalandırılmasından yazır. Bu sətirlərin müəllifi də mövzu barədə sosial şəbəkələrdə öz fikirkərini bildirib, Azərbaycan polisinin qanuni tələbinə qarşı çıxanları qınayıb. Hesab edirdim ki, hər kəs bu mövzuda mənimlə həmfikirdir. Axı ölkəmizdə sabitliyin, insanların təhlükəsizliyinin qorunmasının əsas qarantlarından biri də Azərbaycan polisidir. Ancaq dünən axşam yaxın bir dostumla söhbətimdən sonra anladım ki, sapı özümüzdən olan baltaların, xarici qüvvələr tərəfindən idarə olunan radikalların apardığı anti-təbliğat bir qrup vətəndaşımızda çaşqınlıq yaradıb. Ona görə də qərara aldım ki, bu mövzuda fikirlərimi, həqiqətləri daha geniş formada oxucuların diqqətinə çatdırım.
Əvvəla başlayaq polisə hücumun məqsədindən. Azərbaycan polisinə qarşı aparılan qarayaxma kampaniyasının təşkilatçıları ölkədə sabitliyin pozulmasında maraqlı olan qüvvələrdir. Onlar Azərbaycanın inkişafını, dövlət müstəqilliyinin daha da möhkəmləndirilməsini həzm edə bilmirlər. Çünki onların havadarlarına aciz, özünü idarə edə bilməyən, hər zaman xarici qüvvələrdən asılı olan Azərbaycan lazımdır. İlham Əliyevin rəhbərlik etdiyi Azərbaycan isə onların maraqlarına cavab vermir. Ona görə ki, Azərbaycanda heç bir güc mərkəzindən asılı olmadan müstəqil siyasət aparılır, hər bir sahədə xalqın mənafeyinin əsas götürülür. Bütün bunların reallaşdırılmasında isə Azərbaycan polisinin müstəsna xidmətəri vardır. Odur ki, polisi qaralamaq, daxili işlər orqanlarını xalqın gözündən salmaq radikal qüvvələrin idarə olunduğu güc mərkəzlərinin qarşısında duran əsas vəzifələrdəndir. Onlar bu sahədə fəaliyyətin aktiv fazasına ötən il Daxili İşlər Nazirliyində kadr dəyişikliyindən sonra keçiblər. General Vilayət Eyvazovun Daxili İşlər naziri təyin olunmasından sonra polisə təzyiqlərin artması heç də təsadüfi deyil. Radikal müxalifət və onların havadarları bilir ki, Vilayət Eyvazov milli kadrdır, Prezident İlham Əliyevin komandasının ən sadiq üzvlərindən biridir. Onun olduğu yerdə Azərbaycanda sabitliyin pozulmasından söhbət gedə bilməz. Odur ki, sosial şəbəkələrdə, müxtəlif kütləvi informasiya vasitələrində daxili işlər orqanlarına qarşı qarayaxma kampaniyası geniş vüsət alıb. Məqsəd polislə xalqı qarşı-qarşıya qoymaq, ölkədə sabitliyi pozmaq, Azərbaycanın müstəqilliyinə təhdid yaratmaq və beləliklə, bizi öz istəklərinə tabe etdirməkdir.
Bu məkrli ssenarinin həyata keçirilməsinə hələ ötən ilin oktyabr ayında başlanılmışdı. Radikal müxalifətin icazəsiz mitinqində ictimai asiyişi, qanunun aliliyini qoruyan polislərə qarşı mislim görünməmiş linç kampaniyasının başladılması bu ssenarinin tərkib hissəsi idi. Ancaq daxili işlər orqanları nümunəvi davranışı, qətiyyətli mövqeyi sayəsində xalqımızın düşmənlərinin planlarını alt-üst etdi.
Bu ilin əvvəlində bütün dünyanı öz cənginə almış koronaviris Azərbaycanda da yayılmağa başladı. Bu bəladan xalqımızı xilas etmək üçün ölkəmizdə xüsusi karantin rejimi elan olundu və bu rejimə nəzarət Daxili İşlər Nazirliyinə tapşırıldı. Karantin rejiminin elan olunmasına ən çox sevinən isə radikal qüvvələr idi. Çünki onların əlinə əla fürsət düşmüşdü. Hesab edirdilər ki, karantin rejiminin tələblərinə əməl olunmasına nəzarət funksiyasını həyata keçirən polis kobudluq edəcək, bu radikallar da bütün dünyaya car çəkəcəklər. Azərbaycan polisi isə bu dövrdə öz nəzakətli davranışı, qayğıkeşliyi, humanistliyi, nümunəvi fəaliyyəti ilə bu məkrli planları da pozdu. Biz bu dövrdə polisin xəstələri necə xəstəxanaya çatdırmasının, köməyə ehtiyacı olanların imdadına çatmasının, sərt karantin günlərində vətəndaşlara hətta çörək alıb aparmasının şahidinə çevrildik. Bu çətin günlərdə polis yeri gəlir, təcili yardım avtomobilinin, qəza-xilasetmə briqadalarının işini görür. Niyə? Ona görə ki, insanlarımız əziyyət çəkməsin, çətin vəziyyətdə çarəsiz qalmasın. Dünyanın harasında polis belə xidmət aparır? Amerikada polislərin insanlara atəş açmasının, Avropa ölkələrində polislərin atları, maşınları insanların üzərinə sürməsinin fonunda Azərbaycanda baş verənlər əlbəttə ki, radikal qüvvələrin idarə olunduğu mərkəzləri ciddi narahat edir. Təcili Azərbaycan polisi ilə bağlı bir mövzu tapmaq və ictimaiyyəti bu istiqamətə yönləndirmək lazım idi. Beləliklə, Azərbaycanda sərt karantin rejiminin elan olunduğu ötən həftə sonu bu cür şou düzəltməyə cəhd etdilər. Karantin rejimini pozan vətəndaş haqqında qanuni tədbir görən polislərə bir qrup öyrədilmiş adam binanın balkonundan zibil atdı. Məqsəd aydındı. Bu adamlar bilirdi ki, polisin üstünə zibil atanlar tapılacaq və qanuni tədbir görüləcəkdir. Elə əsl həngamə də bundan sonra başlayacaqdı. Sosial şəbəkələrdə öyrədilmiş adamlar tərəfindən polislərimiz “vəhşi” adlandırılacaq, onlar qınanacaqdı.
Azərbaycan polisi gecəsini gündüzünə qatıb sabitliyi qorusun, təhlükəsizliyi təmin etsin ki, hansısa öyrəldimiş anti-milli adam polisə guya etiraz əlaməti olaraq ona zibil atsın? İndi daxili işlər orqanları nə etməlidir? Deməlidir ki, yaxşı edib polisin başına zibil atmısınız? Polisə zibil atanları müdafiə edənlər ölkəmizdə sabitliyin pozulmasında maraqlı olan insanlarıdır.
Sosial şəbəkələrdə müzakirə olunan əsas mövzulardan biri də polisin vətəndaşı evindən çıxardığı kadrlardır. Guya ki, qadının, qızın yanında bu hərəkət yolverilməzdir. Bəs o adamcığın öz ailə üzvlərinin yanında polisin ünvanına səsləndirdiyi küçə söyüşləri yolveriləndir? Axı o polislərin də anası, bacısı, ailə üzvləri var. Və yayılan kadrlara onların ailə üzvləri də baxıb. Bəs onları niyə müdafiə etmirsiniz? Öz ailə üzvlərinin şərəfini qoruyan adam da onların yanında küçə söyüşləri söyər? Yaxşı, deyək ki, bilmədin, belə bir qanun pozuntusuna yol verdin. Polislər qanunun tələbini yerinə yetirməyə gələndə qadınları qabağa verib yataq otağında gizlənmək nə deməkdir? Bu nə mentalitetimizə, nə də insanlığa sığır? Deməli, bu adam gizlənməklə polisin sərt mövqe göstərməyini və ajiotaj yaratmaq istəyib, beləliklə, öz ağalarının tapşırığını yerinə yetirib. Bu isə Azərbaycan xalqına və dövlətinə xəyanətdir. Xəyanətkar isə cəzasız qala bilməz.
Məni bir vətəndaş kimi narahat edən məqamlardan biri də polisə zibil atanı müdafiə edənlər arasında sözdə hüquq müdafiəçilərinin olmasıdır. Bu hüquq müdafiçləri ilə biz çətin qabağa gedək. Belə adamların yaşadığı ölkədə biz hüquqi, demokratik dövlət qura bimişiksə, bu dövləti quranlar tarixdə analoqu olmayan bir hadisəni reallaşdırıblar.
Dahi Mövlana deyirdi ki: “Biz elə bir məxluqlarıq ki, bəzən mələklər insan olmadıqlarına görə üzülür, bəzən də şeytanlar insan olmadıqlarına görə şükür edirlər”.
Gəlin insan olaraq öz insanlığımızı göstərək, böhtan atmayaq, dövlətimizi, millətimizi sevək, dövlət müstəqilliyimizi qoruyub saxlayaq. Müstəqilliyi qorumaq üçün onun əsas atributlarını qorumaq lazımdır ki, onlardan biri də Azərbaycan polisidir. Polis bizim təhlükəsizliyimizin qarantıdır. Mən ölkəmizi, təhlükəsizliyimizi bir gün də polissiz təsəvvür edə bilmirəm. Polisə hücum sabitliyin pozulmasına təhdiddir. Sabitlik olmayan yerdə isə inkişafdan, xoşbəxt yaşam tərzindən danışmaq əbəsdir. Ölkəmizin xoşbəxt gələcəyini istəyiriksə, Azərbaycan polisini müdafiə etməliyik. Bizim polislərimiz isə buna layiqdir.
Tural Səfərov,
“Azərxalça” Açıq Səhmdar Cəmiyyətinin mətbuat katibi