Müsavatçı Əli Kərimlini və Gültəkin Hacıbəylini nədə ittiham etdi? ANALİTİK+MÜXALİFƏT
Səxavət Soltanlı: "Gültəkin Hacıbəyliyə bu böhtan və iftira işində "Azadlıq" qəzeti adından xüsusi dəstək verməyin adının nə olduğunu isə vicdanlı cəbhəçilər özləri desin"
AXCP və Müsavat partiyaları arasında uzun illərdən bəridir davam edən ixtilafın kökündə hər zaman olduğu kimi çeynənilmiş və heç bir əsası olmayan "hakimiyyətin əlinə oynamaq", yaxud "hakimiyyətə işləmək" tipli gülünc iddialar dayanmaqdadır. Məhz bu dəfə də həmin məsələ gündəmə gəlib və cəbhəçilərin rəyasət heyətlərinin "zoom" toplantısında, habelə "Milli Şura"nın virtual iclaslarında müsavatçıların hədəfə alınması "hakimiyyətə işləmək" kimi göstərilib.
Yenə də köhnə və çeynənilmiş və əsassız, faktsız ittihamlar
Əsas hədəf kimi isə, Gültəkin Hacıbəyli, eləcə də "Azadlıq" qəzetinin "Facebook" səhifəsinə bilavasitə nəzarət edən AXCP sədri Əli Kərimli götürülüb. Məsələn, Müsavat partiyasının başqan müavini Səxavət Soltanlı "Gültəkin Hacıbəyli hakimiyyətin dili ilə açıq şəkildə Müsavata qarşı növbəti dəfə ağ yalan, böhtan səsləndirdi" əsassız ittihamını önə sürüb.
S.Soltanlı Əli Kərimlinin birbaşa nəzarətində olan, "Azadlıq" qəzetinin "Facebook" səhifəsində G.Hacıbəylinin fikirlərinin yer almasını da bununla əlaqələndirməyə cəhd göstərib.
Müsavatçı funksioner Müsavatın "Milli Şura"dan çıxmasına qarşı yönəlmiş ittihamları da cavablandırıb...
Dərd hələ də Müsavatın "Milli Şura"nı tərk etməsindədir?
Məsələn, "Əli Kərimli "Milli Şura"da kimlərin necə təmsil olunduğunu, hansı səviyyədə şəxslərin orada təmsil olunduqlarını bildiyi halda Müsavat partiyasını qəsd edərək "Milli Şura"dan təzyiqlər olduğu üçün çıxdılar" deməsi məcbur edir ki, həqiqətləri bir daha xatırladaq", fikrini qeyd edən S.Soltanlı "vahid" və "ehtiyat" namizədlər barədə uzun illərdir ki, dartışılan mövzunu yenidən xatırladaraq iddia edib ki, Müsavat "Milli Şura"da olduğu vaxtlar bu partiya həmin qurumun əsas "nüvəsi" olub: "...Nə zaman ki, təşkilat hakimiyyətə deyil, Müsavat partiyasına qarşı oyunlar qurmağa, prinsiplərindən kənara çıxmağa, nə zaman ki, təşkilatı öz nüvəsinə qarşı çevirməyə başladılar Müsavat o zaman oranı tərk elədi. Bu haqda hələlik bu qədər".
Müsavat başqanını müavini: "AXCP-nin sonradan bu razılaşmadan imtina etməsində kimlərin həlledici rol oynadığı "zoom" toplantılarındakı və digər davranışlardan indi daha aydın başa düşülür"
S.Soltanlı G. Hacıbəylini yenidən hədəfə alaraq əsassız və faktsız qaydada onu "hakimiyyətin adamı" kimi təqdim edərək, ittihamlarını davam etdirib və cəbhəçiləri siyasi korluqda günahlandırıb. "Gündəmi dəyişmək, demokratik düşərgə içində nifaq salmaq, bununla da cəmiyyəti ruhdan düşməsini istəyən hakimiyyət Gültəkin Hacıbəylini və o tip insanları hərəkətə gətirməsini görməyən və ya görə bilməyən siyasətçilər peşəkarlıqdan uzaqdırlar", düşünən müsavatçı funksioner yuxarıda da qeyd edildiyi kimi, qarşı tərəfi ittiham etmək məsələsində ən rahat çxış yolunu "hakimiyyətə işləyirsiniz" suçu üzərində tapsa da, onun bu fikirləri ciddiyə alınmayıb.
Müsavat başqanını müavini daha bir xatırlatmanı da edərək, AXCP-nin cığallıqlara yol verdiyini bildirib: "Cümhuriyyətin 100 illiyində, Müsavat partiyasının təklifi ilə Rəsulzadənin abidəsini AXCP ilə birgə ziyarət etməklə bağlı partiya rəhbərliyinə daxil olan şəxslərin görüşü zamanı əldə edilən ilkin razılıq var idi. AXCP-nin sonradan bu razılaşmadan imtina etməsində kimlərin həlledici rol oynadığı "zoom" toplantılarındakı və digər davranışlardan indi daha aydın başa düşülür.
Gültəkin Hacıbəyliyə bu böhtan və iftira işində "Azadlıq" qəzeti adından xüsusi dəstək verməyin adının nə olduğunu isə vicdanlı cəbhəçilər özləri desin".
Rövşən RƏSULOV