"Sarukyan Paşinyanın sonuncu qurbanı olmayacaq" ÖZƏL - MÜNASİBƏT
"Avropa təsisatlarının, xüsusilə də Avropa Şurası Parlament Assambleyasının Ermənistanda baş verən proseslərə göz yumması yolverilməzdir". Bu sözləri DİASPOR.İNFO -ya açıqlamasında siyasi məsələlər üzrə ekspert, politoloq İlqar Vəlizadə Ermənistanda baş verən son hadisələrlə bağlı beynəlxalq ictimaiyyətin reaksiyasından danışarkən deyib.
O bildirib ki, bu, ikili standartların baris nümunəsidir və Ermənistanda gedən proseslər fonunda Nikol Paşinyanın Konstitusiya Məhkəməsinə qarşı iddiaları və atdığı addımlar siyasi legitimliyi olmayan addımlardır: "Nikol Paşinyan konstitusiya orqanı olan Konstitusiya Məhkəməsinə və onun hakimlərinə qarşı kampaniya aparıb. Son nəticə etibarilə referendum elan edib. Bu referendum özü-özlüyündə regitim deyil. Konstitusiya Məhkəməsinə qarşı yönəlmiş bir addımdır. AŞPA bütün bunlara heç bir reaksiya vermədi. Halbuki, bu siyasət Şərq Tərəfdaşlığı Proqramı çərçivəsində öhdəliklərə cavab vermir.
Qaqik Sarukyanla bağlı hadisələr də onu göstərdi ki, Ermənistanda ikinci böyük partiya və ölkədə birinci müxalifət partiyası hesab olunan "Çiçəklənən Ermənistan" partiyası və onun liderinə qarşı bu cür addımlar əlbəttə ki, yenə də qeyri-legitim addımdır və AŞPA, həmçinin digər Avropa təsisatları bununla bağlı heç bir bəyanat vermədilər".
Politoloq vurğulayıb ki, bütün bu proseslərə göz yummaq həm Ermənistanın daxili siyasətində siyasi rəhbərliyin özbaşınalığına, həm də xarici siyasətində işğalçılıq siyasətini davam etdirməsinə şərait yaradacaq: "Nəticə etibarilə indiki hakimiyyətin gələcəkdə digər represiya addımlarını rahatlıqla atmasına imkan yaradacaq. Bu isə o deməkdir ki, Ermənistanın siyasi rəhbərliyi daxili siyasətində nə istəyirsə edə biləcək və heç kəs onların hərəkətlərini pisləməyəcək. Ermənistanın həm daxili siyasətinə qarşı, həm aqressiv xarici siyasətinə qarşı laqeydsizlik ölkə siyasətçilərinin və hakim dairələrinin iştahını daha da artıracaq. Xarici siyasətdə onlar öz işğalçılıq siyasətini davam etdirməyə cəhd edəcəklər. Sarukyan isə onların axırıncı qurbanı olmayacaq. Ermənistanın digər siyasi liderlərinə qarşı da represiyalar tətbiq olunacaq. Bu da Ermənistanın diktatura istiqamətində yolunu daha da açacaq".
Müəllif: Nigar Məmmədova