Çinin paytaxtı Pekində kənd təsərrüfatı məhsullarının və müxtəlif ərzaqların satıldığı bazarda COVID-19 virusunun aşkarlanması və bu səbəbdən virusun sürətlə yayılması yenidən şəhərdə gərginlik yaradıb. DİASPOR.İNFO xəbər verir ki, artıq Pekində müəyyən məhdudiyyətlərin tətbiqiilə virusun ikinci dalğasının hiss edilməsi cəmiyyətdə narahatlıq yaradıb.
Belə ki, 2 ay ərzində şəhərdə virusa yoluxma halı ümumiyyətlə qeydə alınmayıb, lakin, iyunun 11-də ilk dəfə yenidən şəhərdə daxili yoluxma faktı aşkar edilib. Bunun şəhərin ən böyük ərzaq bazarında qeydə alınması hökumət tərəfindən tədbirləri gücləndirib.
Şəhərdəki bütün məktəblər bağlanıb və distant təhsilə başlanılıb. Hava limanlarında yüzlərlə uçuş ləğv edilib. Bazara yaxın bir çox şəhərcikdə komendant saatları tətbiq olundu.
Belə ki, ölkədaxili son yoluxma faktı aprel ayının 19-da qeydə alınmışdı. 55 gün isə ümumiyyətlə virusa yoluxan olmayıb. 10 iyun tarixində isə bir nəfər yüksək hərarət şikayəti ilə həkimə müraciət edib və şəxsdə COVID-19 aşkarlanıb. Həmin şəxs 112 hektar ərazidə 2 mindən çox satıcının çalışdığı bazarda fəaliyyət göstərib. Belə ki, bazarın qızılbalıq doğranılan təzgahında virus aşkarlanıb.
Qeyd edək ki, ərzaq bazarı 1988-ci ildə Pekində qurulub və illik təxminən 20 milyard dollar ticarət dövriyyəsi olan bu bazara gün ərzində 10 min müştəri gəlir.
Pekində bazarla əlaqədar yoluxma halları artsa da, virusun haradan gəldiyi məlum deyil. Müəxəssislərin fikrincə, virus qızılbalıq ixracatı sektorunda çalışan işçilərdən biri tərəfindən məhsulun Çinə göndərildiyi zaman və ya qablaşdırılarkən yoluxdurulub.
Çinin Xəstəliklərə Nəzarət Mərkəzinin Baş epidemioloqu Vu Zunyou, yerli mətbuata verdiyi açıqlamada bildirib ki, araşdırmaların ilkin nəticəsinə əsasən virusun mənbəyi Pekin deyil. Onun sözlərinə görə, laboratoriyada aparılan testlər virusun genetik quruluşunun 2 ay əvvəl Pekində aşkar olunan virusa bənzəmədiyi qənaətini ortaya qoyub. Virusun Avropa və ya Amerikadakı ölkələrdən gəldiyini açıqlanıb. Vu Zunyou vurğulayıb ki, virusun ilkin mərhələdə dəqiq mənbəyini söyləmək çətindir.
Yaranmış vəziyyətlə əlaqədar qızılbalıq mağazaların rəflərindən və restoranların menusundan çıxarılıb. Çin, ümumiyyətlə, qızılbalıq idxalını dayandırıb. Avstraliya, Çili, Norveç və Kanada bu sahədə Çinin ən böyük tədarükçüsüdür. Hər il bu ölkələrdən təxminən 80 min ton qızılbalıq idxal edilir.
Çində artan yoluxma halları nəicəsində paytaxt Pekinin Beynəlxalq Hava Limanında və Daşinq Beynəlxalq Hava Limanının dövlətlərarası uçuşları dayandırılıb. Bu çərçivədə 1200-dən çox uçuş ləğv edilib. Yoluxma hallarının əksəriyyət təşkil etdiyi ərazilərdə, ərzaq bazarı ətrafında və yüksək riskli bölgələrdə yaşayan insanların Pekinı tərk etməsi qadağan edilib.
Belə ki, sərnişin daşınmasına da məhdudiyyətlər tətbiq edilib. Avtobuslarda, qatarlarda və metroda maska taxmayan sərnişinlərin hərəkəti qadağan edilib. Bildirilib ki, muzeylərə, kitabxanalara, sərgilərə və parklara insan axını normal ziyarətçi sayının 30 faizini təşkil etməlidir.
Qeyd edək ki, Çində bu günə qədər yeni növ koronavirusa 83 min 293 nəfər yoluxub. COVID-19-a yoluxmuş 4 min 634 nəfər isə virusdan həyatını itirib.
Müəllif: Nigar Məmmədova