ƏLMANİZ ƏLƏKBƏRLİ: BU GÜN NAXÇIVAN TƏKCƏ AZƏRBAYCANIN DEYİL, DÜNYANIN ƏN SABİT YERİDİR.
Diaspor.info saytının Naxçıvan bürosu, Novruz bayramına Vətənə gələn və Naxçıvan-Bakı hava məkanının bağlanması üzündən dörd aydır orada qalan “Diaspor Təşkilatları Monitorinq Mərkəzinin “ sədri, Azərbaycan Jurnalistlər və Yazıçılar Birliyinin üzvü Əlmaniz Ələkbərlidən pandemiyanın digər dövlət və şəhərlərdəki təsiri mövzusunda müsahibə alıb. Müsahibəni olduğu kimi oxucularımıza çatdırırıq.
Sual: karantin dövrü başlandığı ilk günlərdən siz Naxçıvanda qalmısınız, buradakı vəziyyəti digər dövlət və şəhərlərdəki vəziyyətlə necə müqayisə etmək olar?
Sizin də qeyd etdiyiniz kimi iş elə gətirdi ki, karantin elan olunduğu ilk günlərdə Naxçıvanda olduğum üçün və Naxçıvan-Bakı aviareyslərin tamamilə bağlanması üzündən orada qalmalı oldum. Mən həm jurnalist, həm də, “Diaspor Təşkilatları Monitorinq Mərkəzinin “ sədri olduğuma görə dünyanın bir çox şəhərləri ilə mütəmadi əlaqə saxlayır, oradakı vəziyyətlə olduğum məkandakı vəziyyəti müqayisə edirdim.
Fərqli yanaşmalar var idi. Elə dövlətlər var idi ki, sanki bu virusu hamının tutmasına və bundan tez bir müddətdə xilas olmasına şərait yaradırdılar.
Mən Naxçıvanda gördüyüm, müşahidə etdiklərimi əlbəttə ki, sizinlə də, bölüşmək istəyirəm. Naxçıvanda daimi yaşayanlar orada baş verənlərə adi hal kimi baxırlar, ancaq kənardan bu belə görünmür. Baxın, bu koronavirus problemini heç kim gözləmirdi, o cümlədən də, Naxçıvan buna hazır deyildi. Naxçıvan MR-sı Ali məclisinin sədri Vasif Talıbov cənabları qısa müddətdə muxtar respublikanın bütün aidiyyatı qurumlarını səfərbər etdi.
Mən həmin vaxtı Kəngərli rayonu Qıvraq qəsəbəsində yaşayırdım. Naxçıvanda dezinfeksiya işləri televiziya çəkilişləri üçün edilmirdi, nə edirdilərsə sözün əsil mənasında vətəndaşının sağlamlığının qayğısına qalmaq üçün edilirdi. Hamı bir nəfər kimi, sadə vətəndaşından başlamış, cənab Sədirə kimi qanunlara hörmətlə yanaşırdı. Bəzən deyirlər ki, bizdə Azərbaycanda alınmır, çünki millət qanunlara sayğısız yanaşır, mən belə düşünmürəm. Naxçıvan ayrı dövlət deyil ki, burada da, Azərbaycan vətəndaşları yaşayır və hamı bir nəfər kimi, o cümlədən mənim kimi muxtar respublikanın qonaqları da, qanunlara hörmətlə yanaşdı.
Mənim diqqətimi çəkən məqamlardan biri də, Naxçıvanda koronavirus pandemiyasından şou düzəldilməməsi, insanları daimi qorxu, panika içərisində saxlamamaları oldu. Sanki yerli əhali öz rəhbəri ilə birgə bu bioloji müharibəyə illərlə hazırlaşmışdı. Hər şey çox ustalıqla edilirdi.
Bu gün Naxçıvanda, mənim fikrimcə, Azərbaycan polisi qəhrəman adı almağa layiqdir. Baxın, hələ Sədərək döyüşlərində belə Naxçıvan polisi qorxmazlıq, qəhrəmanlıq nümayiş etdirərək şəhidlik zirvəsinə ucala bilmişdirsə, bu gün ölüm qoxulu virusun üzünə dik baxaraq, gecə-gündüz yatmadan, yorulmadan vətəninə, dövlətinə qüsursuz xidmət etməklə bir daha dövlətinə, rəhbərinə sədaqət nümayiş etdirə bildi.
Bu ağır karantin günlərində, Naxçıvanda, heç bir polis vətəndaşına səsinin tonunu belə qaldırmadı, çünki gözləmədiyi halda evinə qatılan vətəndaşın əsəblərinin tarıma çəkildiyini başa düşür və onu anlayışla qəbul edirdi. Odur ki, Naxçıvanda qaldığım dörd ay ərzində, yoluxma halları həddən artıq az omasına baxmayaraq, bu virusdan dünyasını dəyişənlərə şahidlik etsəm də, bu vəziyyətdən sui-istifadə hallarına və insanların incidilməsi hallarına rast gəlmədim.
Mən karantin dövründə ikinci vətənim sayılan Ukrayna ilə Naxçıvanı müqayisə edə bilərəm. Təqdirəlayiq haldır ki, ağır günlərdə orada da, Naxçıvanda olduğu kimi polis vətəndaşına əl qaldırmadı.
Ümumiyyətlə ukraynadan fərqli olaraq Naxçıvanda bu kimi hallara şərait belə yaradılmadı.
Mənim fikrimcə bütün bunlar Naxçıvan MR-sı Ali məclisinin sədri Vasif Talıbov cənablarının Ümummilli liderimiz Heydər Əliyev təcrübəsindən peşəkarlıqla qaynaqlanmasından irəli gəlir.
Tam əminliklə deyirəm, Naxçıvan dünyanın ən sabit yeridir.
Naxçıvanda yaşayanlar, oradakı gözəllikləri hər gün gördüyü üçün onun mahiyyətinə bir o qədər varmırlar.
Bunu kənardan gələnlər, xüsusən də qonaqlar daha aydın görür. Dünyanın bir çox ölkələrinə işimlə bağlı səfər edən biri kimi sizə ürəyimdən keçən bir söz demək istəyirəm “ Naxçıvanın qədrini bilin və onu qoruyun”.
Dörd ay ərzində müşahidə etdiyim bir fakt da var. Hesab edirəm ki, Naxçıvana yaradılan süni problemlər var. Məsələn bu ağır günlərdə, onsuzda blokadada yaşayan Naxçıvanın hava məkanından minimum istifadə olunması, orada yaşayan insanların hüquqlarını pozur. Baxın, onsuzda Naxçıvanda koronavirus testindən keçməmiş təyyarəyə buraxılmadığı tərzdə, Nazirlər Kabinetinin sözügedən sağlam insanların paytaxta yetərsayda gəlməsinə mane olması başa düşülən deyildir. Bu gün sözügedən kiçik bir problemi həll etmək üçün gündə bir reys belə kifayət edərdi. Ancaq bunu etmirlər, çünki görünür Naxçıvanın bu ideal vəziyyətini qısqananlar var. (Əlbəttə bu mənim şəxsi fikrimdir) Baxın, bakıdan gələnlər də, koronavirusa görə test verirlər, lakin yenə də, onların yaşayış yerlərində maarifləndirmə işləri aparıldığı üçün həmin insanları bir müddət diqqətli olmağa dəvət edirlər.
Əgər söhbət Naxçıvanda virusun yayılmasının qarşısını almaqdırsa mən buna inanmıram, çünki Naxçıvanda hər şey tam və ciddi nəzarətdədir. Bakıdan bura gəlib yenidən virusu alovlandırmaq mümkünsüzdür. Naxçıvan karantin dövründə bütün bu kimi məsələləri göz önünə aldığı üçün belə problemlərin qarşısı vaxtında alınır. Hesab edirəm ki, Naxçıvan-Bakı reysləri tam gücü ilə işləsə belə Naxçıvan üçün heç bir təhlükə, problem olmayacaqdır. Mən bunun canlı şahidiyəm. Naxçıvanda hər bir yerdə koronavirus pandemiyasına qarşı görülən tədbirlər yüksək səviyyədədir.
Bilirsinizmi bu gün sözün əsil və hər mənasında “NAXÇIVAN” təkcə Azərbaycanda deyil, dünyanın ən sakit, sabit yeri olduğuna görə doğrudan da, yaşamalı yerdir, bunu oranı tərk edəndən bir neçə gün sonra hamı anlayır.
DİASPOR.İNFO