Sabiq spiker müxalifətçiləri dövlətçilik maraqlarından çıxış etməyə çağırıb BƏYANAT
“Hər bir vətəndaşın öz bildiyi səviyyədə Ermənistanı işğalçı və terrorist ölkə kimi göstərilməsi olduqca vacibdir”
Bu arada sabiq spiker, hazırda ABŞ-da yaşayan Rəsul Quliyev sosial şəbəkə vasitəsi ilə bəyanat yayıb və həmin bəyanatında bildirib ki, müxalifətyönlü olmasına baxmayaraq, ümummilli məsələdə dövlətin və hakimiyyətin apardığı siyasəti tam olaraq dəstəkləyir. "Dünyanın bütün ölkələrində yaşayan (daha çox da müxalifətdə olan) bütün azərbaycanlıların Ermənistan-Azərbaycan konfliktinə münasibətdə aktiv mövqe tutmaqları olduqca təqdirə layiqdir”, qeyd edən eks-spiker hesab edir ki, hər bir vətəndaşın öz bildiyi səviyyədə Ermənistanı işğalçı və terrorist ölkə kimi göstərilməsi olduqca vacibdir.
Onun sözlərinə görə, belə bir kövrək məqamda iqtidarlı müxalifətli hər birimiz birləşməyi bacarmalı, ölkəmizin ərazi bütövlüyünün təmin edilməsi istiqamətində vahid mövqedən çıxış etməliyik: “Burada iqtidarla yanaşı müxalifətin də üzərinə böyük məsuliyyət düşür. Müxalifət düşərgəsində olan liderlər cəbhədə döyüşlər getdiyi bir zamanda arxa cəbhədə iqtidara qarşı yeni cəbhə açmamalı və bacardıqca bütün umum-küsülüyü kənara qoyaraq dövlətçiliyin yanında olmalıdırlar”.
“Qarabağ konfiliktində bizim bir millət olaraq bir düşmənimiz var, bu da Ermənistandır!”
“Şəxsən mən öz adıma açıq bəyan edirəm ki, bir sıra fundamental məsələlərdə hakimiyyətlə ciddi fikir ayrılığım olsa da, Qarabağ məsələsində dövlətin və şəxsən Prezident Əliyevin yanında olduğumu, Qarabağ mövzuda onun yürütdüyü siyasətə açıq dəstək verdiyimi bəyan edirəm! Qarabağ konfliktində bizim bir millət olaraq bir düşmənimiz var, bu da Ermənistandır!”, qeyd edən Rəsul Quliyev yanlış yolda olan, vədlərinə sadiq olmayan müxalifət cinahlarını da dövlətçilik maraqlarından çıxış etməyə çağırıb.